Vergilər Nazirliyi 2014-cü ilin yanvar-sentyabr ayları ərzində vergi orqanlarına daxil olan vətəndaş müraciətləri barədə məlumat açıqlayıb.
Nazirliyin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hesabat dövründə vergi orqanlarına 75373 müraciət daxil olub ki, onlardan da 98,4%-i ərizə, 1,4-i şikayət, 0,2%-i təklif olub, 215 şikayətin icrası xüsusi nəzarətə götürülüb.
Müraciətlərin 32,8%-i kameral vergi yoxlamaları, 32%-i müxtəlif arayışların alınması, 14%-i səyyar vergi yoxlamaları, 5,7%-i vergi borcları, 0,2%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,1%-i korrupsiya hüquqpozmaları, 15,2%-i isə digər məsələlərlə bağlıdır.
Ümumilikdə müraciətlərin 75,8%-i müsbət həll olunub, 15,5%-i üzrə müvafiq izahatlar verilib, 5,6%-i əsassız sayılıb, 1,4%-i qismən həll olunub, 0,7%-i aidiyyəti üzrə göndərilib, 1%-i isə icradadır. Şikayətlərin 38,6%-i üzrə müvafiq izahatlar verilib, 37,9%-i əsassız sayılıb, 13,7%-i müsbət həll olunub, 3,9%-i aidiyyəti üzrə göndərilib, 0,7%-i qismən həll olunub, 5,2%-i isə icradadır.
Cari ilin 9 ayı ərzində nazirliyin aparatına 6 507 müraciət, o cümlədən 5 700 ərizə, 788 şikayət, 19 təklif daxil olmuş, 97 şikayətin icrası xüsusi nəzarətə götürülüb. Bu müraciətlərin ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 58,2% artmış, şikayətlərin faktiki sayı isə 6,3% azalıb.
Prezident Administrasiyasından nazirliyin aparatına 260 müraciət, o cümlədən 140 ərizə, 120 şikayət daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə belə müraciətlərin ümumi sayı 13,3%, ərizələrin sayı 17,2%, şikayətlərin sayı isə 8,4% azalıb.
Hesabat dövründə nazirliyin aparatının müvafiq struktur bölmələrinin rəhbərləri və ya digər vəzifəli şəxsləri tərəfindən 692 vətəndaş qəbul edilərək, onlara konkret köməklik göstərilib və ya müvafiq izahatlar verilib. Qəbul edilmiş vətəndaşların müraciətlərinin 75,6%-i maddi yardım almaq, şəxsi və ya digər məsələlərlə, 17,6%-i vergi orqanlarında işə qəbul olunma, 4,6%-i vergi orqanlarında iş yerlərinin dəyişdirilməsi, 2,2%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayətlə əlaqədar olub.
Cari ilin 9 ayında vergilər naziri tərəfindən Mingəçevir, Sabirabad, Göyçay, Xaçmaz və Zaqatala şəhərlərində ümumilikdə 216 nəfər vətəndaş qəbul edilib. Keçirilmiş qəbullarda təqdim olunmuş müraciətlərdən 115-i vergi qanunvericiliyi və inzibatçılığı, 28-i işə qəbul və iş yerinin dəyişdirilməsi, 73-ü isə kredit alınması, maddi yardımın göstərilməsi, şəxsi və ya digər məsələlərlə bağlı olub. Qəbul zamanı edilən müraciətlərin 127-si müsbət həll olunub, 68-i barədə müvafiq izahat verilib, 21-i baxılması üçün aidiyyəti üzrə digər dövlət orqanlarına göndərilib.
Naibə