Vaksinasiya hesabına insanların yalnız müəyyən qismində COVİD-19-a qarşı immunitetin yaradılması planlaşdırılır.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.
Onun sözlərinə görə, bu günə qədər artıq bir çox insan bu virusa yoluxaraq xəstələnib. Bu isə o deməkdir ki, onlarda virusa qarşı immunitet yaranıb:
"Beləliklə, vaksinasiya ediləcək insanlarda da bu immuniteti yaratmış olacağıq. Əgər əhali populyasiyasının təxminən 2/3 hissəsində immunitet yarada bilsək, o zaman virus aramızdan yox olacaq. Bu da pandemiyanın sonu ola bilər".
Vaksinasiyanın istənilən yoluxucu xəstəlikdən birdəfəlik qorunma üçün ən effektiv yol olduğunu nəzərə çatdıran A.Qurbanov bildirib ki, COVİD-19-a qarşı olan vaksinlərin tərkibində öldürülmüş və ya zəiflədilmiş COVİD-19 virusu var. Vaksin vurulduqdan sonra orqanizmdə virusa qarşı qoruyucu müdafiə immuniteti - antitel və ya anticisimlər yaranır. Bu antitellər orqanizmə kənardan daxil olan virusları zərərsizləşdirir və insanları virusdan qoruyur.
O deyib ki, COVİD-19-a qarşı vaksin istifadə edən hər 100 nəfərdən 91-92-si virusdan tam qorunacaq, qalanları isə xəstəliyə yoluxsa da, onu yüngül keçirəcək,
TƏBİB rəsmisi istifadə edilən vaksinlərin minimal yan təsirlərə malik olduğunu da söyləyib./Trend/