Torpaqşünaslar Antalyaya toplaşdı
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun bir qrup əməkdaşı Türkiyənin Side (Antalya) şəhərində keçirilən "Torpağın Qəlbi və Sivilizasiya" 9-cu Beynəlxalq Torpaqşünaslıq Konqresində iştirak ediblər.
Teleqraf.com-a institutdan daxil olan xəbərə görə, Ə. Məmmədov, M. Babayev, V. Həsənov, N. Suleymanov, P. Səmədov, R. Mirzəzadə, M. Sadiqova, B. Əliyeva, F. Manafova, K. Həsənova, G. Aslanova və A. Səmədov 10-a yaxın cıxışla altı sesiyada iştirak ediblər. Bu nüfuzlu konqresə dünyanın 60-dan yuxarı xarici dövlətindən 600-dan yuxarı alim qatılıb, 100-dən yuxarı məruzə dinlənilib və 300-dən yuxarı poster numayiş etdirilib.
İnstitutun direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru Əmrah Məmmədov "Su keyfiyyətinin torpağın su tutumu əyrisinə və struktur dayanıqlığına təsiri" mövzusunda məruzə ilə çıxış edib və proqrama uyğun konqresin "Torpaq fizikası və mexanikası" və "Torpaq ehtiyatlarının idarəsi və meliorasiyası" sessiyalarına rəhbərlik edib.
Torpaqşünaslığa multidisciplinar yaxınlaşmaya xüsusi diqqət edən konqresdə iştirak, tanınmış elmi təşkilatlar ilə əlaqələrin inkişafı (İNRA Fransa, MDU Rusiya, Ankara Universiteti, Türkiye, Sidney Universiteti Avstraliya və s.), müzakirələr və birgə layihələrin hazırlanması istiqamətində konkret addımlar atmağa, həmçinin torpaq və su ehtiyatlarının istifadəsi və idarəsindəki son elmi yenilikləri və texnoloji inkişafı əks etdirən tədqiqatlarla tanış olmağa imkan verib.
NİGAR