16 Mart 2021 20:27
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ayın əvvəli Ankara şəhərində muzey kimi fəaliyyət göstərən I və II Türkiyə Böyük Millət Məclisinin yerləşdiyi binalarda oldum. Arzusu Bakıda Cümhuriyyət muzeyi qurmaq olan bir vətəndaş kimi qarışıq hisslərlə salonları dolaşdım. Bəzən qürurlanır, bəzən isə düşüncəyə dalaraq Bakıda eynisini nə cür etmək olardı deyə fikirləşirdim.

23 aprel 1920-ci ildə TBMM-in açılışı olduqdan cəmi 4 gün sonra Azərbaycanda Şərqin ilk parlamenti işğal qarşısında tab gətirə bilməyərək kommunistlərə təhvil verilmişdi. Bayraq iki ikən bir olmuşdu...

Muzeydə ilk girdiyim salonda uzun bir masa vardı. Qalibiyyət masası! 1923-cü il iyulun 24-də İsveçdə Mustafa Kamal paşanın öndərliyində qazanılan Qurtuluş savaşının təsdiqi olan Lozanna sülh müqaviləsinin imzalandığı masa. İşğalçılar gəldikləri kimi də getmişdilər. Atatürkün, silahdaşlarının və əzmkar türk xalqının sayəsində 4 il davam edən Qurtuluş savaşı sayəsində.

TBMM-in ilk binası olduğu üçün ən həyəcanlı yer iclasların keçirildiyi salondur. İlıq bir bahar günündə, Hacıbayram məscidində cümə namazı qılındıqdan, dualar oxunduqdan, qurbanlar kəsildikdən sonra saat 13:45-14:00-da TBMM-in açılışı olmuşdu. Məclisi ən yaşlı üzv, Sinopdan millət vəkili olan Şərif bəy açmışdı. Açılış nitqində Şərif bəy demişdi: “Millətimizin həm daxili, həm də xarici müstəqilliyinin taleyinin məsuliyyətini birbaşa üzərinə götürüb özünü idarə etməyə başladığını bütün cahana bildirərək Böyük Millət Məclisini açıram”.

Bir millətin taleyinin məsuliyyətini üzərinə götürmək ancaq böyük kişilərin iddia edə biləcəyi bir məsələdir. Mustafa Kamal paşa və ətrafı da belələrindən idilər.

Həmin gün məclis binasında dalğalanan bayrağın qarşısındaydım. Hələ Qurtuluş savaşı başa çatmamışdı, ölkənin çox yerində bu bayraq ucalmırdı. İndi isə Məclisin ən böyük vəzifəsi müharibəni qazanmaq, düşməni dənizə tökmək idi. Necə ki bacardılar. Yunanlar, ingilislər və başqaları gəldikləri kimi getdilər. O bayraq isə bu gün əzəmətli şəkildə ziyarətçiləri sehrləməkdədir.

İkinci Məclis binasında başqa bir bayraq da gördüm. 1918-ci ildə Şam şəhərində məğlub olan Osmanlı ordusunun bayrağı qənimət olaraq aparılmışdı. İngilis generalı Edmund Allenby ələ keçirdiyi bayrağı baş çavuş Edgar Turnerə vermişdi. Uzun illər İngiltərədə saxlanılan bayrağı Türkiyə Mədəniyyət Nazirliyinin çağırışlarından sonra baş çavuşun nəvəsi Cək Turner Londondakı Türkiyə səfirliyinə təqdim etmiş, 2014-cü ilin 26 dekabrında Ankaraya gətirilmişdi.

Beləliklə, qarşımızda ingilis əsirliyindən gətirilən Osmanlı bayrağı və ingilis, yunan işğalına qarşı qələbənin rəmzi olan TBMM-də ucaldılan gələcək Türkiyənin bayrağı vardı.

İkinci TBMM muzeyində əzəmətli məclis salonunda Atatürkün mumdan düzəldilmiş heykəli də yer alıb. Mustafa Kamal paşa sanki canlı şəkildə yuxarıdakı kürsüdən məclisi izləməkdə idi...

Hər iki muzeydə Qurtuluş savaşı dönəminə aid medallar, silahlar, vəsiqələr, müxtəlif əşyalar yer alıb. Deputatların, rəyasət heyətinin otaqları dövrün ab-havasını yaşadacaq şəkildə qorunub. İkinci məclis binası 1924-1960-cı illərdə istifadə olunub. İlk iclas 1924-cü ilin 18 oktyabrında baş tutub. 1981-ci ilin 30 oktyabrından etibarən muzey statusu verilib.

Muzeydə Mustafa Kamal paşanın gündəlik və ziyafətlər üçün geyindiyi paltarlar da yer alıb. Ən maraqlı nümunələrdən biri də Atatürkün 10 yaşlı amerikalı uşaqla məktublaşmasıdır. Türkiyənin Qurtuluş savaşının liderinə böyük hörməti və sevgisi olan uşaq Atatürkdən fotoşəklini və imzalı bir qeydini istəyib. Mustafa Kamal paşa da həmin istəyi yerinə yetirərək uşağa məktub ünvanlayıb. İllər sonra Türkiyəyə gələn həmin amerikalı Curtis La France 1998-ci ildə məktubu Anıtməzara təhvil verib. Daha sonra isə məktub sərgilənmək üçün Cümhuriyyət muzeyinə göndərilib. 1923-cü ildə 10 yaşlı amerikalı uşaqla olan bu məktublaşma Atatürkün maraqlı bir xarakterinin də göstəricisi idi...

Muzeyi tərk edərkən bir daha Bakıda Cümhuriyyət muzeyini xəyal etdim... Qalib Azərbaycanda bu muzey daha da əzəmətli görünə bilər.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər