2 Aprel 2021 10:09
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pandemiyaya qalib gəlmək üçün qlobal olaraq virusun lokallaşdırılmasına ehtiyac var”.

Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesusla videokonfrans formatında görüşü zamanı dünyada peyvəndlərin bölüşdürülməsində müşahidə edilən ayrıseçkiliyin məyusluq yaratdığını bildirib: “Aydındır ki, pandemiyaya qalib gəlmək üçün qlobal olaraq virusun lokallaşdırılmasına ehtiyac var. Əslində, peyvəndlərin ədalətsiz bölgüsü pandemiyanın ömürünü uzadan əsas amillərdəndir. Artıq Fransa daxil olmaqla bir sıra inkişaf etmiş ölkələr yeni “lock down” tətbiq etmək məcburiyyətində qalıb”.

Vüqar Bayarmov hesab edir ki, peyvənd nasionalizmi fonunda vaksinlərin ədalətsiz bölgüsü davam edir: “ÜST-nin məlumatına görə, hələ də dünyanın 36 dövləti 1 doza peyvənd belə əldə edə bilməyib. Bununla yanaşı, simvolik sayda peyvənd alan ölkələrin də sayı kifayət qədər çoxdur. “Bloomberg”in məlumatına görə, ABŞ-da əhalinin 23.6 faizi (154 milyon doza), Böyük Britaniyada əhalinin 26.2 faizi (35 milyon doza), Çilidə əhalinin 26.9 faizi (10 milyon doza), Birləşmiş Ərəb Əmirliyində əhalinin 38.6 faizi (8.3 milyon doza) vaksaniyada iştirak etdiyi halda, Qazaxıstanda əhalinin 0.5 faizi, Belarusda əhalinin 0.4 faizi, Ukraniyada əhalinin 0.3 faizi, Gürcüstan, İran, Əfqanistan, Misir, İraqda daxili olmaqla çoxlu sayda ökələrdə əhalinin 0.1 faizdən azı peyvənddən istifadə edə bilib. Bütövlükdə, indiyədək dünyada 600 miyona yaxın peyvənd bölüşdürülüb”.

İqtisadçının qənaətincə, vaksinasiyadakı ədalətsiz bölgüsü qlobal iqtisadi aktivliyinin bərpasına maneə olur: “Hər bir ölkənin əvvəlki normal həyata qayıtması üçün əhalisinin ən azı 70 faizinin vaksinasiya olunması vacibdir. Digər tərəfdən, hətta bəzi inkişaf etmiş ölkələr növbəti 3-4 ayda bu baryeri keçsələr belə, bu pandemiyanın sonlanması anlamına gəlməyəcək. Qlobal və milli iqtisadiyyatların normallaşması üçün ədalətli vaksin bölgüsünə və ayrı-ayrı ölkələrdə deyil, bütövlükdə dünyada virusun lokallaşdırılmasına ehtiyac var”.


Müəllif: Yeganə Oqtayqızı