29 Oktyabr 2014 10:20
1 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asim Mollazadə: “Azərbaycan-Türkiyə birliyi türk və İslam dünyasının inkişafına öz töhfəsini verəcək”

Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 91-ci ildönümü tamam olur. Düz 91 il öncə qazi Mustafa Kamal Paşa Atatürk və onun silahdaşları Şərqdə yeni, modern bir dövlətin - Türkiyə Cümhuriyyətinin qurulduğunu elan etdilər. Ancaq cümhuriyyətin elanı o qədər də asan olmadı. Bu gün arın-arxayın haqqında bəhs etdiyimiz cümhuriyyətin elanı yüz minlərlə türkün qanı bahasına başa gəldi. Məşhur bir ifadədə deyildiyi kimi, “bir hilal üçün nə günəşlər batdı”.

Belə ki, Osmanlı imperiyasının 1914-1918-ci illərdə davam edən Birinci Dünya müharibəsində məğlub olmasından sonra qalib dövlətlər - İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyə ərazisinin, tarixi torpaqlarının böyük bir hissəsini işğal etdilər. Ancaq Osmanlı ordusunun zabiti Mustafa Kamal bu işğalı qəbul etməyərək, 1919-cu il mayın 19-da Samsun şəhərində Milli Azadlıq Hərəkatına start verdi. 1920-ci il mayın 11-də İstanbuldakı Osmanlı hökuməti ilə qalib dövlətlər arasında Türkiyə ərazilərinin böyük hissəsinin işğalını rəsmiləşdirən təslimçi Sevr müqaviləsi imzalandı. Təslimçiliyi qəbul etməyən və Mustafa Kamalın rəhbərliyi altında birləşən müqavimət qüvvələri işğalçılara qarşı Qurtuluş Savaşına başladılar. 1920-ci il sentyabrın 14-də ümumi səfərbərlik elan edildi. Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da türk millətinin tam qələbəsi ilə başa çatdı. 1923-cü il oktyabrın 13-də Ankara paytaxt elan olundu. Oktyabrın 29-da isə Böyük Millət Məclisində (TBMM) Türkiyə Cümhuriyyətinin qurulduğu rəsmən elan edildi. Lozanna sülh konfransında uzun müzakirələrdən sonra Türkiyə mövcud sərhədlər çərçivəsində böyük dövlətlər tərəfindən tanındı. 1934-cü ildə TBMM Mustafa Kamala “Atatürk” soyadını verdi.

Hazırda 80 milyon nəfərdən çox əhalisi olan, ərazisinin çox böyük hissəsi Anadolu yarımadasında yerləşən, şimalda Qara dəniz, cənubda Aralıq dənizi, qərbdə Mərmərə və Egey dənizləri tərəfindən əhatə olunan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Ermənistan, Azərbaycan, İran, İraq və Suriya ilə həmsərhəd olan Türkiyə bu gün Yaxın və Orta Şərq regionunun lider dövlətlərindən biridir. Əgər, 2002-ci ildə Türkiyə iqtisadi qüdrətinə görə dünyada 26-cı ölkə idisə, indi 16-cıdır.

Türkiyə cümhuriyyətinin elan olunmasının 91-ci ildönümü ilə bağlı fikirlərini bizimlə bölüşən Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü Asim Mollazadə bildirib ki, Mustafa Kamalın Azərbaycandan sonra İslam və türk dünyasının ikinci dünyəvi və demokratik dövlətini qurması çox böyük bir hadisədir. Onun sözlərinə görə, bu bir işıqlı yoldur və bu yol türk və İslam dünyası üçün mühüm əhəmiyyət daşıyır: “Təsadüfi deyil ki, Azərbaycanla Türkiyə ”bir millət, iki dövlət" modeli ilə inkişaf edir və bu, bizim sadəcə, türk və müsəlman olmağımızla bağlı deyil. Bizi birləşdirən ülvi dəyərlər var və məhz bu dəyərlər də Türkiyə Cümhuriyyətinin təməlini təşkil edən dəyərlərdir. Ona görə də Azərbaycanda Türkiyəyə böyük sevgi var. Bu sevgi məhz Mustafa Kamal Atatürkün getdiyi doğru, işıqlı yolla, həmçinin Azərbaycan Cümhuriyyətinin dəyərləri ilə bağlıdır. Mənə elə gəlir ki, bu gün bizim hər birimiz üçün çox mühüm bir gündür. Əminəm ki, Azərbaycan-Türkiyə birliyi gələcəkdə türk və İslam dünyasının inkişafına öz töhfəsini verəcək".

A.Mollazadə qeyd edib ki, hazırda Azərbaycan və Türkiyəni bir-birinə həm də çox böyük iqtisadi layihələr bağlayır: “Bu gün Azərbaycan və Türkiyə Avropanın və dünyanın enerji təhlükəsizliyində çox böyük rol oynayırlar. Azərbaycan və Türkiyə Şərqlə Qərbi birləşdirən nəqliyyat sistemini formalaşdırır. Bu layihələr öz-özlüyündə hər iki dövlətin inkişafına töhfə verir. İqtisadiyyatla, enerji sektoru ilə yanaşı hər iki ölkə çoxmədəniyyətliliyin və təhsilin inkişafı istiqamətində birgə fəaliyyət göstərir və mənə elə gəlir hər iki ölkədə çox gözəl anlayırlar ki, bizim gələcəyimiz məhz ortaq mədəniyyətin inkişafı ilə bağlıdır. Bu da bizləri birləşdirən çox önəmli dəyərdir. Azərbaycan və Türkiyə əslində digər ölkələr üçün də bir növ, lokomotiv rolunu oynayır”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər