11 Aprel 2021 10:14
2 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Kitabxana” rubrikasının qonağı Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğludur.

Onunla söhbəti təqdim edirik.

- Novella xanım, kitablarla aranız necədir? Mütaliə etməyə vaxtınız olurmu?

- Təbii ki. Hazırda mütaliəyə daha çox vaxt ayıra bilirəm. Pandemiya səbəbindən hətta bəzi kitabları yenidən oxumağa başlamışam.

- Sonuncu dəfə hansı kitabı oxumusunuz?

- Rus ədəbiyyatından idi. Eyni zamanda, Azərbaycan tarixini oxuyuram. İrəvan xanlığı, Qars müqaviləsinin bağlanması haqqında kitabları yenidən oxumuşam. Tarixi təkrar oxuyuram ki, sual verəndə cavablandıra bilim. Məhəmməd Əmin Rəsulzadə haqqında yenidən oxudum. Özüm rus dilli məktəbi, universiteti bitirmişəm. Sovet dövründə tədris elə aparılırdı ki, oxusaq belə, tariximizi bilmirdik.

Doğrusunu desəm, heç cavanlar da tarixi yaxşı bilmir. İndi-indi oxumağa başlamışıq. Ermənilərlə bağlı çox maraqlı faktlar var ki, bunları bilməliyik. Məsələn, yaxınlarda Çar Rusiyasının erməni kilsələrini necə bağlamasını oxudum. Bunları indi öyrənirik. Ermənilərin xalqımıza qarşı soyqırımını yeni-yeni öyrənirik. Azərbaycan dövlətçiliyi haqqında nəyi bilməliyəmsə, hazırda mənim üçün onlar daha maraqlıdır. Bu yaxınlarda onları oxumağa yenidən başlamışam.

Paralel olaraq rus, Amerika ədəbiyyatını çox oxuyuram. Şairlərdən Ramiz Rövşəni oxuyuram.

- Qeyd etdiyiniz ki, tarixi kitabları oxumağa daha çox üstünlük verirsiniz. Tarixi ədəbiyyat sizi qane edir?

- Tariximiz çox zəngindir. Amma tarix yazanlarımız saray tarixçiləri olduğu üçün Azərbaycan haqqında heç nəyi dəqiq yazmayıblar. Ona görə də, ölkəmiz azad respublika olduqdan sonra cavanlar yenidən yazmağa başlayıblar.

Azərbaycan tarixi mənim üçün çox maraqlıdır. Bizim nə qədər qəhrəmanımız, liderimiz olub ki, Azərbaycan üçün canını veriblər. Bu gün onlar haqqında oxumağa çalışıram.

- Kitabxanaya gedə bilirsiz?

- Tələbə vaxtı kitabxanalardan çıxmırdım. İndi kitabxanaların rolu azalıb.

- Səbəbini nədə görürsünüz?

- İnternetin geniş yayılması başlıca səbəbidir. Amma kitabxananın zövqü başqadır. İndiki gənclər bilməz, kitabı əlinə almaq başqa hissdir. O qoxunu hiss etməli, həzzi yaşamalısan. Gənclər internet dövü olduğu üçün kitabxanaya getmirlər. Amma kitabxana ayrı bir dünyadır.

- Ən sıx getdiyiniz hansı kitabxana idi?

- O vaxtı ən çox Mirzə Fətəli Axundov adına kitabxanaya gedirdim. Eyni zamanda Fəvvarələr meydanında rus kitabxanası vardı, ora da tez-tez gedirdik. Universitetin kitabxanasına da gedirdim, orada çox vaxtım keçirdi.

- Tələbə olanda daha çox kitabxanaya getdiyinizi dediniz. Maraqlıdır, kitablarda qeydlər aparırdınız?

- Sözsüz... Məsələn, sadə qələmlə mənə maraqlı olan hissələrin altından xətt çəkirdim. Ayrıca qeyd dəftəri ayırmışdım, həmin hissələri ona yazırdım. Sonra kitaba çəkdiyim xəttləri silirdim.

- Oxuduqca zövq aldığınız yazıçı, şairlər kimdir?

- Mən rus məktəbini bitirdiyim üçün daha çox rus ədəbiyyatı oxumuşam. Buna baxmayaraq, Mirzə Ələkbər Sabirin "Hopopnamə"sini açanda çox zövq aldım. Mənim qadın hüquqları ilə bağlı işləməyimdə Cəlil Məmmədquluzadə qələminin də böyük rolu olub. Qızların gənc yaşda ərə verilməsi, haqlarının pozulması, qadınlara qarşı zorakılıqları o əsərlərlə başa düşmüşəm.

- Hüquq sahəsindəki kitablar necə, köməyinizə çatırmı?

- Hazırda hüquq sahəsində xeyli sayda yaxşı kitablar var. Nizami küçəsində hüquq kitabxanası var. Hüquqşunaslar oraya gedib, kitablar əldə edə bilərlər.

- Hansı dillərdə kitablar oxuyursunuz?

- Rus və Azərbaycan dillərində daha çox oxuyuram.

- Hansı kitablar diqqətinizi çəkir?

- Elə axşam olmur ki, mən dedektiv əsər oxumadan yatım. Çingiz Abdullayev, rus, ingilis dedektiv yazarları oxuyuram.

- Xarici səfərlər edirsiniz, oradan kitablar alırsınız?

- Yox, almıram. Çünki xaricdə oxuyan biləcəyim kitab tapa bilmirəm. Amma nəvələrimə ingilis dilində kitablar alıram. Onlar üçün ingiliscə oxumaq asandır, mənim üçün çətin...

- Kitab hədiyyə etməyi necə, sevirsiniz?

- Əlbəttə. Həm hədiyyə verirəm, həm də mənə hədiyyə verirlər.

- Kiməsə kitab hədiyyə edəndə hansı məqamlara diqqət edirsiniz?

- Hər insana kitab hədiyyə etmirəm. Məsələn, Səidə Qocamanlıya, bacıma kitab hədiyyə edə bilərəm. Çünki bilirəm ki, onlar kitaba dəyər verəcəklər. Biz ailəlikcə kitabsevərik. Valideynlərim mənə kitab oxumağı, kitab sevgisini aşılaya bilib.

- Neçə yaşınızdan mütaliə etməyə başlamısınız?

- Səhv etmirəmsə, 3-cü sinifdə oxuyandan bəri. Çünki aşağı siniflərdə həmişə şeir deyirdik, bütün şeirləri əzbərləmişdim. 3-cü sinifdən özüm oxumağa başladım.

Fyodor Dostoyevskini, Ernest Heminqueyi, Lev Tolstoyu oxuyurdum. O zaman onlar çox oxunurdu. Amma milli hərəkat başladıqdan sonra Hüseyn Cavidi oxumuşam. Rusdilli olduğum üçün onun dilini, üslubunu başa düşməkdə çətinlik çəkirdim. Ətrafımdakı insanlardan Cavidin nəyi izah etməyə çalışdığını soruşurdum. Nəriman Qasımzadə, Məmməd Əliyevin tərcüməsi ilə Quranı oxumuşam.

Bizim qızlar rayonlarda Quran dərsləri deyirdilər. İslamı başa düşmək üçün Quran oxuyurdum. Şiəlik-sünilik anlayışlarını başa düşmək üçün də oxuyurdum. Evimdə də, ofisimdə də Quran var.

- Müşahidəmə görə, Quran stolüstü kitabınızdır...

- Bəli. Bütün kitabların başı Qurandır. Mən Bibliyanı da oxumuşam. Quran ən gözəl, ən demokratik kitabdır. Orada o qədər başa düşən insan üçün dəyərli fikirlər var ki... Savadsız mollaların Quranı insanlara yanlış izah etməsinin qarşısını almaq üçün rayonlarda Quran dərsləri keçirdik. Əntiqə Qurbanova Cəmiyyətimizin Din və demokratiya şöbəsinin müdiridir, onunla birlikdə bu təbliğatı aparırdıq.

- Rus dilli məktəbdə oxuduğunuzu dediniz. Azərbaycan ədəbiyyatı ilə tanışlıq necə oldu?

- Ailəm çox savadlı idi. Amma sovet dövründə böyüdüyümüz üçün ancaq rus dilini bilirdik. Son 40 ildə Azərbaycan mədəniyyətini yenidən kəşf etmişəm. Əbülfəz Elçibəy deyirdi ki, rusdilli azərbaycanlıların vətənə məhəbbəti, bağlılığı daha çox olur. Çünki onlar Azərbaycan mədəniyyətini 40 yaşdan sonra öyrənirlər. Öyrəndikdən sonra vətənə sevgiləri artır.

Ona görə rəhmətlik Nəcəf Nəcəfov mənim üçün deyirdi ki, "siz daha çox milliyətcisiniz, nəinki Azərbaycan məktəbi bitirənlər".

- Həyat yoldaşınız yəhudidir. İvrit dilini necə, bilirsiniz?

- Yox. Həyat yoldaşım bilir, mən öyrənməmişəm. Mən son 30 ildə öz dilimizi öyrənə bilmişəm. Rus dilli məktəbi bitirdiyimə görə mənim üçün Azərbaycan dilini öyrənmək çətin oldu.

- Maraqlıdır, niyə Novella Cəfəroğlu? Soyadınız diqqət çəkir...

- Mənim nəslimin bir tərəfi Bektaşi, bir tərəfi Səfəvidir. Atamgil Səfəvilərdəndir, Cəfərov. Atam Cəfər Cəfərovdur, mən də buna görə Novella Cəfəroğlu olaraq tanınıram. Eyni zamanda, türklərə meyilli olduğum və türk olduğum üçün bu adı seçmişəm.

- Neçə kitabınız var?

- Kitabım lap çox idi. Oğlum İsrailə gedəndə hamısını ora apardı. Qalan kitablarımı ofisə, evə gətirdim. Eyni zamanda kitabların çoxunu qadın həbsxanalarına payladım.

- Məhkumlarda mütaliəyə marağı artıra bildinizmi?

- İkinci dəfə gedəndə yeni kitablar tələb edirdilər. Hiss etdim ki, tələbat var. Apardığım kitablar arasında tarixi əsərlər, dedektiv də var idi.

- Dedektiv əsərlərdən hansını daha çox sevirsiz?

- Rus dedektiv yazarları daha çox diqqətimi çəkir. İngilis dedektivləri gözəl yazılıb, amma mentalitetimizə yaxın deyil. Məsələn, Çingiz Abdullayevi zövqlə, sərbəst oxuyuram. Dedektiv gecə yatmaq üçündür. Şerlok Holmsu da çox sevirəm. Siz cavanlar biz qocalarla müqayisədə kitablardan daha məhrumsunuz. İnternetdə olsa da, kitab başqadır. Mən kitabı əlimə almaq istəyirəm. Qoxunu hiss etməliyəm. Kitab əldə oxuyanda rahatdır.

- İndi necə, gənclərin kitaba marağı sizi qane edir?

- Bizim vaxtımızda yazarı çağırıb, tələbələrlə görüş keçirirdilər. Yazıçı və tələbə arasında ünsiyyət var idi.

- Qadın hüquqları müdafiəçisi olduğunuz üçün bu sualı vermək istəyirəm. Xanım yazarlara arasında kimi bəyənirsiniz?

- Nüşabə Məmmədli "Cavadxan" adlı roman yazıb. Cəmiyyətimzin üzvüdür. Dedektiv yazarlardan Aqata Kristini sevərək oxuyuram.

- Hansı kitab sizi özünə cəlb edib? Obraza baxanda özünüzü görmüsünüz?

- Kitabı oxuyanda hər obrazdan özümə aid nəsə tapıram. Azadlıq sevənlər arasında Xurşud Banu Natəvanı qismən özümə bənzədirəm. Çünki o zamanda yaşamaq, kitab oxumaq, şeir yazmaq, hamı ilə görüşmək asan deyildi. O obraz mənim üçün ideal xanımdır. O mənə müasir qadın obrazı olaraq çox yaxındır.

- İnsanlara tövsiyə etdiyiniz kitab varmı?

- Mən hamıya tövsiyə edirəm ki, ilk olaraq Quranı oxusunlar. Quranda olan nəsihət, ləyaqət, namus, demokratiya, qadına hörmət başqa kitablarda yoxdur.

- Hansısa yazar varmı ki, görüşmək istəmisiniz?

- Ömər Xəyyamla görüşmək istərdim. Cənnətdə gedib görüşəcəm. Deyərdim ki, o qədər gözəl rübailər yazmısan ki, hər misran bir həyatdır.

- Bu il həm də Nizami ilidir...

- Nizamini də oxumuşam. Dahidir, sözsüz ki... Nizaminin o qədər yadda qalan, mübarizliyə çağıran, məhəbbətin necəliyini çatdıran əsərləri var. Vacib deyil məhəbbət qadın və kişi arasında olsun. Məhəbbət vətənə, insanlara da ola bilər.

Biz elə millətik ki, çox zəngin şair və yazarlarımız var. Amma dünyaya onları çatdıra bilməmişik. Saray tarixçilərimiz, məmurlarımız hesabına onları tanıda bilməmişik.

- Yazmaqla aranız necədir?

- Kompüterdə yazmağı sevmirəm. Dəftərdə qeydlər aparıram. Hər şeyi yazıram. Vaxtilə oxuduğum kitabları başa düşdüyüm kimi təkrar qeydə alırdım.

- Maraqlıdır, qeydlərinizi oxuyanlar olub?

- Yox, heç kimə göstərməmişəm. O, sandıq ədəbiyyatdır. Ömrüm çatsa, yaxın zamanda öz qeydlərimdən kitab çap edəcəm. Oğluma vəsiyyət etmişəm ki, ölsəm, o nəşr etsin.

- Filmlərə baxırsınız?

- Əlbəttə. Keçmiş ekran əsəri olan Azərbaycan filmlərini çox sevərək izləyirəm. İndi həm də türk seriallarına marağım artıb. Vaxt tapdıqca izləyirəm. Tarixi serialları diqqətimi çəkir.

- Barmağınızda Atatürkün fotosu olan üzük görürəm...

- Atatürk türk dünyasını zirvəyə qaldırdı. İzah etdi ki, türkün türkdən başqa dostu yoxdur. Ona görə də mənim Türkiyəyə olan məhəbbətim sonsuzdur. O, sübut etdi ki, türk həm ziyalı, həm incəsənət xadimi, həm də döyüşçü kimi zirvədədir.

- Bu günün yazarı hesab etdiyiniz biri var?

- Bəxtiyar Vahabzadə. O mənim ürəyimdir. Hərdən nəsə yazanda, Bəxtiyardan şeir yazıram. Bəxtiyar Azərbaycanın gözüdür. Cavanlara Bəxtiyar Vahabzadə, Səməd Vurğun, İsmayıl Şıxlı, Ramiz Rövşən, Vaqif Bayatlı, Sabir Rüstəmxanlı, Hüseyn Cavid gecələri keçirmək lazımdır. Cavidi çox adam başa düşmür, qoy izah etsinlər o necə dahidir... Televiziyada, teatrda yox, gənclər arasında təbliğat aparmaq lazımdır.

- Bəxtiyar Vahabzadə ilə görüş qismət olub?

- Əlbəttə. İsti münasibətimiz var idi. 1995-ci ildə Zabitlər klubunda Şəmistan Əlizamanlı mahnı oxuyurdu. Bəxtiyarla mən də yerimdən zümzümə edirdik. Bu an Bəxtiyar dedi ki, "Novella xanım, sən bu mahnıları hardan bilirsən? Axı rusdillisən". Güldüm. Dedim, sənin şeirlərin bizi mübarizəyə gətirib, bu mahnılar isə savaşa çağırır. Elə o zamanda Bəxtiyar Vahabzadə mənim üçün bu günü ifadə edən qələm adamıdır.

- Kitablar hədiyyə edəndə ürək sözü yazırsınız?

- Yox. Mənim olmayan kitaba yaza bilmərəm.

- Oxuculara sözünüz varmı?

- Oxuyun. İnternetdən yox, kitabdan oxuyun. Kitab oxumayan insanlara hörmət etmirəm. Uşaqlarımı da belə öyrətmişəm. Kitab həyatdır. Özünü təsvir etmək, özünü tapmaq üçün kitab vacibdir. Həyatı başa düşmək, qavramaq üçün kitab lazımdır. Bir muzey açmalıyıq. O muzeydə bütün şairlərimizin, qəhrəmanlarımızın adı olsun.

Foto: Ceyhun Rəhimov


Müəllif: Aysel Azad

Oxşar xəbərlər