29 Oktyabr 2014 18:07
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Gəncə Bölməsində (GB) İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Distant Tədris Mərkəzi DTM yaradılıb.

Teleqraf.com xəbər verir ki, GB-də mərkəzin açılışına həsr olunmuş virtual tədbir keçirilib.
İnstitutun Tədris-İnnovasiya Mərkəzinin (TİM) Distant Tədris Mərkəzində videokonfrans sistemi vasitəsilə baş tutan tədbirdə İTİ-nin direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev prezident İlham Əliyevin ölkəmizin sürətlə inkişaf edən bölgələrindən biri kimi Gəncə şəhərinin inkişafına xüsusi qayğı göstərdiyini deyib: “Gəncədə son illər yüksək texnologiyalara əsaslanan sənayenin formalaşması, bu prosesə elmi dəstək verən qurumların yaradılması, ölkə üçün aktual olan elmi problemlərin araşdırılması, Azərbaycan və dünya elminə töhfələr verilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir”.

Akademik ölkəmizdə informasiya cəmiyyəti quruculuğu, İKT-nin bütün sahələrə geniş tətbiqi istiqamətində aparılan işlərdən, qəbul edilən dövlət proqramlarından söhbət açıb, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da elmin qarşısında mühüm vəzifələr qoyulduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, institutun Tədris-İnnovasiya Mərkəzində 2003-cü ildən bu günə kimi 13 minə yaxın doktorant və dissertanta institutun alim və mütəxəssisləri tərəfindən elmi fəaliyyət üçün əhəmiyyət kəsb edən mövzular tədris edilir.

2011-ci ildən bu mərkəzdə əyani təhsillə yanaşı, distant təhsil xidmətlərinin də həyata keçirildiyini vurğulayan alim AMEA Naxçıvan bölməsi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan MR-da yerləşən digər ali məktəblərin doktorant və dissertantlarının 4 ildir ki, bu xidmətdən yararlanaraq məsafədən təhsil aldığını söyləyib.


Sonra çıxış edən AMEA Gəncə bölməsinin akademik-katibi, akademik Fuad Əliyev AMEA Gəncədə 120-yə yaxın gənc alim və mütəxəssisin fəaliyyət göstərərək, elmi tədqiqatlar apardığını diqqətə çatdırıb, DTM-də təşkil olunan dərslərdə 4 universitet və 6 elmi tədqiqat institutunun doktorantlarının iştirak edəcəyini söyləyib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər