21 Aprel 2021 09:05
1 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Kitabxana” rubrikasının qonağı “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəylidir.

Onunla söhbəti təqdim edirik.

- Elçin müəllim, kitab oxumağa vaxt tapırsınızmı?

- Biz gündəmlə işləyən adamlarıq. Kitabla ünsiyyət ən çox gənclik illərində olur. Orta məktəbdən başlayaraq ali təhsil pillələrində kitabxanalarda vaxtımız keçir. Ondan sonrakı dövrlərdə kitaba çox az vaxtımız qalır. İndi elektron kitablar çox yayılıb. Doğrudur, kağızın effektini, qoxusunu ala bilmirsən. Məcburiyyət qarşısında, cəmiyyət içində olduğun üçün araşdırmalarla bağlı oxuyursan.

- Sonuncu dəfə hansı kitabı oxumusunuz?

- Gözəl bəstəkar və şairimiz Xanım İsmayılqızının kitabını oxumuşam, həm də redaktə etmişəm. Təxminən 600 səhifəlik kitab şeir və müsahibələrdən ibarət idi.

Yaxın dövrlərdə Elxan Şahinoğlu "Dəmir yumruq" adında kitab hədiyyə etmişdi, onu oxumuşam. Daha çox elektron resurslardan gündəlik məni maraqlandıran, bilavasitə işimlə bağlı siyasi araşdırmaları, beynəlxalq konvensiyaları oxuyuram.

- Elektron kitablar sizi qane edirmi?

- Azərbaycan dilindəki elektron resurslar çox məhduddur. Tərcümə mərkəzi fəaliyyət göstərsə də, bu, onun gücü daxilində deyil. Dünyada nə qədər dil var və o dillərdən ən populyarlarını nəzərə alsaq, geniş auditoriyanı əhatə edən dillərdə xeyli əsərlər yazılıb. Bütün bunları əldə edib, ən yaxşılarını tərcümə edib çatdırmaq çox çətindir.

Vaxtında yapon hekayələrini sevirdim. Keçmiş SSRİ-də onların ayrı-ayrı müəlliflərini yox, birgə seçilmiş əsərlərini xüsusi buraxılış olaraq əldə edirdim. Son dövrlərdə yapon ədəbiyyatına rast gəlmirəm. Heç kim bizə uzaq olan mədəniyyətin marağında deyil. Amma yaponların, çin xalqının çox böyük ədəbiyyatı var.

Azərbaycanda Rabindranat Taqordan daha üstün hind müəllifi tanıyan yoxdur. Çünki tərcümə olunmur. Heç kimi qınamıram, tələbat yoxdur. Ümumiyyətlə, tərcümə sahəsinin cazibədarlığı yoxdur.

Yaxşı olar ki, insanlar bir neçə dil öyrənməyə çalışsınlar. Doğrudur, Türkiyədə poliqrafiya Azərbaycanla müqayisədə daha çox inkişaf edib. 15 il ərzində tez-tez orada kitab sərgiləri keçirilir, mən də iştirak edib, kitab almışam. O sərgilərə müxtəlif nəşriyyatlar, insanlar gəlirlər. Mən tərcümələrə baxıram ki, türk xalqı nə oxuyur. Onların oxuduğu prioritet deyil. Rusca tərcümələr daha mükəmməldir, nəinki türk. O baxımdan Rusiyada bununla bağlı böyük sistem var, uzun illərdən bəri formalaşıb. Sistemin formalaşmasında keçmiş SSRİ-nin bütün xalqları, o cümlədən də Azərbaycan iştirak edib. O rus xalqına aid olan kitab mədəniyyəti deyil, sovet dövründə yaşayan bütün xalqlara aid kitab mədəniyyətidir. Amma faydasını ruslar götürdülər.

Dünyada hansı ədəbiyyat nümunəsi ortaya çıxırsa, yüksək peşəkarlıqla rus dilinə nəşr olunur, oxucuya çatdırılır. Təbii ki, əhalinin sayı çoxdur, nəşriyyatın marağındadır ki, 30-40 min tiraj kitab buraxacaq və satılacaq. Amma Azərbaycanda nəşriyyatların buna marağı yoxdur deyə, tərcümələr edilə bilmir.

- Tərcümə nəşrləri barədə nə düşünürsüz?

- Vaxtilə özüm də tərcümələr edirdim. Leonid Adreyevin bir neçə əsərini tərcümə etmişəm. Tərcümələri daha çox pedaqoji fəaliyyətlə məşğul olduğum illərdə etmişəm. Amma elə elmi əsərlər var ki, onları tərcümədən oxumaq məcburiyyətindəsən.

Azərbaycan dilində tərcümələrin əhəmiyyətli hissəsi məni qane etmir. Orijinaldan rus ədəbiyyatını oxumağa üstünlük verirəm. Gənclik, uşaqlıq illərindən belə davam edirəm. Eyni zamanda Azərbaycan ədəbiyyatını da orijinaldan oxuyuram. Amma məsələn, Nizami Gəncəvi yaradıcılığını orijinaldan oxumaq üçün fars dilini bilməyə ehtiyac var. Ərəb mənbələri ilə işləyəndə çox istəyirdim ki, ərəb dilini öyrənim və orta əsr sufi nəzəriyyəçiləri, şairlərindən biri olan Türküstanda yaşayan Əl Nəfəsinin "Haqqın qaymağı" əsəri var idi. Bugünkü tibbi nəzəriyyələrin təməlini təşkil edən kitab idi, amma onu orijinaldan oxumaq imkanım yox idi, tərcüməsi də yox idi.

Sankt-Peterburqda oxuyanda ona çox böyük vəsait xərcləyib, hissə-hissə tərcümə etdirdim və nəhayət ki, onu rusca oxumaq məcburiyyətində qaldım.

Dil bilgisi artdıqca, təbii ki, insanın oxumaq imkanları genişlənir. İnternet resurslarında da belədir. Axtarış sistemi ilə işləyəndə də dil bilgimiz bizə daha çox yardım göstərir. Bu baxımdan gənclik illərinin, yeniyetməlik çağlarının öz dövrü var idi. Baxmayaraq ki, mən yaşımdan böyük əsərlər oxumuşam. Böyük qardaşımla aramızda 12 yaş fərq var idi. Mən 5-ci sinifdə oxuyanda o, yetkin insan idi. Onun oxuduğu kitabları gizlicə oxuyurdum.

Məsələn, mən Teodor Drayzerin "Dahi" əsərini oxuyanda 5-ci sinif şagirdi idim. Halbuki o yaş dövrünün kitabı deyil.

- Məzmun cəhətdən ağır kitabı necə mənimsəyirdiniz?

- Analamadığım şeylər çox olurdu. Rəssamlıq nəzəriyyələri ilə tanış olduqdan sonra onları daha yaxından dərk etməyə başladım.

Amma anladığım ağır kitablar da var idi. Viktor Hüqonun "Səfillər", Mayn Ridin "Başsız atlı" əsərlərini oxuyanda da uşaq idim. Ağaca meyvə dərməyə çıxanda belə əlimdə kitab olurdu. Həm də sürətli oxu bacarığım vardı. Evdə heç kimi inandıra bilmirdim ki, mən bu qədər tez kitabı oxuyub başa çatdırdım.

- Sürətli oxu vərdişiniz hazırda qalmaqdadır?

- Davam edir. Məsələn, redaksiyamızın əməkdaşları çox yaxşı bilirlər ki, qəzetin səhifəsini gözümün qarşısına tutmaq yetərlidir ki, mən orada redaktə və korrektə səhvlərini görüm. Mətni tam görürəm, uşaqlıqdan formalaşan vərdişdir.

- Hansı siyasi müəllifi oxumağı daha çox sevirsiniz?

- İnsan zamanla uyğunlaşmalıdır, xüsusilə də siyasətlə məşğul olan insanlar. Prosesin inkişafından asılı olan məsələdir. Fəlsəfi əsərlərə ehtiyac varsa, gündəmdə bağlı onları oxuyuram. Konkret olaraq oxuduğum siyasətçi yoxdur. Bu gün oxuduğum siyasi kitabların üzərindən aparılan elmi tədqiqatlara uyğun fikirlərimi qurmağa çalışıram.

Gündəmdə nə varsa, hadisələr nəyi diqtə edirsə, onu mənimsəməyə çalışıram.

- İndi işlə bağlı gündəm xarakterli araşdırmaları daha çox oxuduğunuzu qeyd etdiniz. Maraqlıdır, gənclik illərində hansı məzmunda əsərləri daha çox sevirdiniz?

- Uşaqlıq illərində daha çox fəlsəfə əsərləri oxumağa üstünlük verirdim. Təbii ki, məni o istiqamətə yönləndirirdilər. 9-cu sinifdə Fridrix Nitsşenin "Tanrıların çağırışı", Ziqmund Freydin əsərlərindən ibarət kitablar oxuyurdum. Rus dilindən tərcümələr də oxuyurdum. Yunan mifologiyasını həddən artıq sevirdim. Homerin “İliada” əsərini oxuyanda da az yaşım var idi. Həm də evdə kitab oxuyan çox idi, kitab üzərində yarış gedirdi. Adətən daha çox mən oxuyurdum.

Ailə üzvlərim, əsasən də bacılarım məni yoxlamaq üçün kitabın əvvəlindən, ortasından və sonundan suallar verirdilər ki, doğrudan qısa zamanda oxumuşam, ya yox.

Gənclikdə təhsil aldığım illərdə poeziya oxuyurdum. Həmin dövr üçün Azərbaycan ədəbiyyatından əlimə keçən hər kəsi oxuyurdum.

- Məsələn, kimləri?

- Azərbaycan şairlərindən Bəxtiyar Vahabzadədən Nüsrət Kəsəmənliyə qədər hər kəsi oxuyurdum. Əlavə olaraq, daha çox dramaturgiya oxuyurdum. Yenidən Anton Çexovun, Uilyam Şekspin əsərlərinə qayıtmaq məsələsi var idi. Azərbaycan dramaturgiyasında Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Mirzə Fətəli Axundovdan bu günə qədər kim varsa, hamısını oxuyurdum. Bu, mənim həyat tərzim idi ki, başqalarından geri qalmayasan...

Sankt-Peterburqda oxuduğum illərdə daha çox fəlsəfi kitabları mütaliə edirdim. Elə bir mühitdə idim ki, tələblər fərqli idi. Daha çox intellektual, mədəni potensialın göstərilməsi tələbləri var idi. Ona görə də orada günüm ictimai kitabxanada keçirdi. Bilavasitə sahəmlə bağlı olan əsərlər oxuyurdum.

Azərbaycana qayıtdıqdan sonra isə məni silkələyən əsər olanda ilk başlanğıcından, birinci, ikinci, üçüncü səhifəsində söhbət bədii ədəbiyyatdan gedirsə, oxuyurdum.

- Hansı əsər sizi silkələyir?

- İndi heç biri.

- Bəs hansı təsir edib?

- Vaxtında oxuduğum, adını çəkdiklərimin hər biri mənə təsir edib. Nəsr olaraq mənim üçün fərqli təsir yaradan Mövlud Süleymanlının əsərləri idi. O zaman Anna Axmatovanın şeirlərini oxuyanda da müəyyən qədər təsir göstərirdi. Son dövrlərdə xüsusi olaraq silkələyən poeziya janrında gənclərin tapıntıları olur. Amma təəccüblənməyi yadırğamışam. Ədəbiyyat artıq təəccübləndirmir.

- Bəs sizi nə təcübləndirə bilər? Oxuyanda nəyi əskik görürsünüz ki, əsər diqqətinizi çəkmir?

- Xüsusi nəsə təəccübləndirə bilməz. İnsan şüurunun çatmadığı məqam yoxdur. Əgər sənin müəyyən anlayışın varsa, bədii ədəbiyyatın, fəlsəfənin içindən, o cümlədən həyat məktəbindən keçmisənsə, nəinki ədəbiyyatda, real həyatda da səni heç nə təəcübləndirmir.

Çünki yaşantılarımızın içində həyat o qədər dinamikləşib, hər anın içində on illərin informasiyasını əldə etmək imkanın var. Həm də mən informasiya ilə işləyən adamam və illər boyu düşüncəmdən, beynimdən keçənlərin bədii ədəbiyyatda əslini tapanda təəccüblənmirsən.

Son dövrlərdə nəsr oxumuram. Çünki dedektiv janrında yazılan əsrlər son zamanlar Azərbaycanda daha çox populyarlıq qazanıb, daha çox satılır. Dedektiv oxuduğum illərdə Aqata Kristini çox sevirdim. Sonra dedktivə qayıtmadım, heç vaxtım da yoxdur.

Xüsusi olaraq ad çəkmək istəmirəm, ola bilər, mən dünya ədəbiyyatından geridə qalmışam. Bəlkə də, proseslərdən kənarda olaraq, daha çox siyasiləşmişəm. Gündəlik işim siyasi təhlil olduğundan ədəbiyyat mənim üçün ikinci plandadır.

- Belə başa düşdüm ki, daha çox dünya ədəbiyyatını oxumağa meyilli olmuşunuz...

- Bəli. Uşaqlıq illərimdən daha çox dünya ədəbiyyatını oxumağa meyilli olmuşam. Lev Tolstoyu çox sevirdim, nəhəng yazıçıdır. Tolstoyu Fyodr Dostoyevskidən çox sevirdim. Orxan Pamuk məni heç sirkələmir, təsirsiz keçir. Azərbaycanda ondan dəfələrlə istedadlı yazıçılar var. Əlif Şəfəqin qələmini bəyənmirəm.

Rəşad Nuri Güntəkin gənclik illərimin romantik dövrünün dedektivlərindəndir. Onun əsərləri metroda oxumaq üçündür.

Amma ən böyük problemlərimdən biri də obrazları unutmağım idi. Əsərin mahiyyəti yadımda qalırdı, obrazlarla bağlı çox çətinliklərim vardı. Əsərin ana xəttini, təsvirini, açılış xəttini təhlil edə bilərəm.

- Obrazlardan söz açdınız. Maraqlıdır, hansı obraz daha çox diqqətinizi çəkib?

- Filmlərdən diqqətimi çəkən obrazlar var. Məsələn, "Amadey" filmində Saliyerinin, Motsartın obrazı... Amma Saliyerinin obrazı mənə daha maraqlıdır. Çünki insanın xarakterində olan cizgilərin bütün detalları onda var. Bu, məni sonuncu sarsıdan film olub.

- Əsrlərin film variantları sizi qane edir?

- Qane edən də, etməyən də var. Məsələn, "Dəli Kür", məncə, yaxşı filimdir. Doğrudur, İsmayıl Şıxlının obrazlılığı o qədər mükəmməldir ki, əsəri tam şəkildə ifadə etmək mümkün deyil. Əsər filmdən qat-qat güclüdür, əgər əsər güclü olmasaydı, belə film yaranmazdı.

Məsələn, "Amadey" filmi əsərdən çox-çox güclüdür. Çünki orada təkcə söz var. "Amade" filmində aktyor ifaları gözümün önündən getmir, rejissor işi mükəmməldir. Musiqi indi də beynimdə səslənir.

- Hansı kitabxanalara gedirdiniz?

- Lənkəranda doğulmuşam. Orada Mirzə Ələkbər Sabir adına kitabxanaya gedirdim. Bizdə evdə qayda vardı, növbə ilə gedirdik. Hər dəfə biri gedib 5 kitab alırdı, oxuyurduq. Bu baxımdan sistem qurmağı bacarmışdıq. Bakıda olanda təhsil aldığım institutun kitabxanası və sevimli Mirzə Fətəli Axundov adına kitabxanaya gedirdim. Orada oxumaq üçün imkanlar çox idi.

O vaxt biblioqrafiyanın nə olduğunu bilmirdik, kitabı axtaranda çətinlik çəkirdik. Amma bu sistem Axundov kitabxanasında peşəkar şəkildə təşkil edilmişdi. İstədiyimiz kitabı qısa vaxtda çatdırırdılar.

Sank-Peterburqda isə İctimaiyyət kitabxanasında olurdum, dünyanın ən böyük kitabxanalarından biridir. Eyni zamanda təhsil aldığım Sankt-Peterburq Teatr, Musiqi və Konomatoqrafiya İnstitutu kitabxanasından istifadə edirdim, həddindən artıq böyük idi.

- Yəqin indi kitabxanaya getməyə vaxtınız olmur...

- Yox, Axundov kitabxanasına yalnız tədbirlərə getmişəm. Eyni zamanda kitab istəyəndə elektron versiyasını əldə edirəm. Mənə xaricdən kitab lazım olanda, oradakı araşdırmaçı dostlarımla ünsiyyət qururam, onlar alıb göndərirlər.

- Özünüz kitab almağa getmirsiniz?

- Bu yaxınlarda Elmlər Akademiyasının yaxınlığında olan kitab mağazalarına getmişəm. Amma insan müəyyən yaşa gəldikdən sonra maraq dairəsi konkretləşir. Sənin öz müəllifin, öz düşüncə tərzin, öz yanaşman, öz üslubun formalaşır. Kitabxanaya kitab almaq üçün niyə gedəsən?

Mən çalışıram ki, Azərbaycan ədəbiyyatından hamını oxuyum. Azərbaycan ədəbiyyatı inkişaf edir, xüsusilə də poeziyanın inkişafı var. Son dövrlərdə ədəbiyyata yeni düşüncə tərzi gəlir. Belə olur ki, Azərbaycan ədəbiyyatında bir-birilərini tanıyan insanlar daha çox kitab hədiyyə edirlər.

- Kitab hədiyyə edirsiniz?

- Bəli. Hazırda yeni kitabım çapa hazırlanır. Pandemiya dövründə yeni şeirlər ortaya çıxdı, tam fərqli obrazda, ovqatda... Elə yenicə hazırlaşırdım kitabı çap edim, Vətən müharibəsi başladı. Vətən müharibəsinin özünün ədəbiyyat nümunələri yarandı. Son şeiri bir neçə gün əvvəl yazıb, əlavə etdim.

Kiçik redaktə işləri qalıb, eyni zamanda ad məsələsində tərəddüd edirəm. Konkret tarix deyə bilmərəm, bu il ərzində kitab çap olunacaq.

- Deməli, yazmağa davam edirsiniz..

- Bəli, yazmağım bir neçə istiqamətdədir. Gündəlik təhlillər var, publisistik məqalələr yazıram. İnsan bütün gün ərzində şair olmur, Allahım verdiyi məqam gəlirsə, o zaman şeir yazıram. Amma ən az yazdığım elə şeirdir.

- İkinci Qarabağ müharibəsi şeirlərinizdə əks olundu?

- Əlbəttə. Şeirlər yazmışam, aralarında uğurlu olanlar da var. Düşünürəm ki, çox illər o şeirlər gündəmdə olacaq.

"Azadlıq" marşını yazanda çox gənc idim. Ondan sonrakı üç marşımın heç biri o qədər populyar deyil. Düşünürəm ki, "Azərbaycan əsgəri" şeirim də uzun illər yaşayacaq.

- Şeirlərinizin mahnı kimi səsləndirilməsini sevirsiniz, yoxsa şeir olaraq?

- Bu sahədə müəyyən problem var. Azərbaycan bəstəkarlarının əhəmiyyətli hissəsi hazır mətnlərlə işləməyi sevirlər. Sözə musiqi bəstələməyi sevmirlər, musiqiyə söz yazılmasını istəyirlər. Mən bu ənənədən çox illərdir imtina etmişəm. Bir neçə bəstəkar dostuma kömək etmişəm. Hətta müəllifi olduğum əsərlərdən də imtina etmişəm. Çünki musiqinin sərhədləri çərçivəsində zorla və təb olmadan texniki şeir yazaraq ortaya qoymaqda ilhamın rolu yoxdur, bunun poeziya ilə birbaşa əlaqəsi yoxdur.

Mən onları da qınamıram, bu üsulla işləmək rahatdır. Mənim kimi yazarların yaradıcılığına müraciət etmək çox çətindir. Sözün əsl mənasında doğma adam saydığım Xanım İsmayılqızının bəstəsi var, Aytən Nəbioğlunun, rəhmətlik Nailə Mirməmmədli, Hikmət Mirməmmədlinin sözlərimə mahnıları var. Biz Hikmət və Nailə ilə çox yaxın dost idik, heyif, çox iş görə bilmədik.

Kamran Yunus daha çox şeirlərimi səsləndirib. Laləzar Mustafayeva da bir neçə şeirimi qiraət edib. Eldar Zeynalov yeni şeirimi oxuyub...

- Ən çox kimin şerilərinizi səsləndirməsini bəyənirsiniz?

- Hamısına müsbət yanaşıram. Aralarında doğma notlar da olub. Kamran Yunus məni hiss edib. Amma üslub olaraq da fərqlər var. Mən tamada qiraətçiliyindən kənarda hər şeyə müsbət yanaşıram. Çalışıram ki, zövqümü korlamayım.

Bədii qiraətin nə olduğunu bilən, özü birbaşa mədəniyyətin içindən çıxan adam üçün başqalarının sənin şeirini ifa etməsini qəbul etmək çox çətindir. Çox gözəl başa düşürəm ki, hər kəs özündən parçanı şeirə qatmağa çalışır. Mən ona Elçinin bir parçası kimi yanaşdığım üçün, ola bilər ki, bəyənməyim.

- Özünüz şeirlərinizi səsləndirirsiniz?

- Əlbəttə. Səsləndirdiyim şeirlərim var, çox deyil.

- Yaradıcı və ədəbiyyat ruhlu insansınız. Siyasətlə uzlaşdırmaq çətin deyil?

- İnsan sərhədlərini dəqiq ölçüb-biçməyi bacarmalıdır. Dünyamın sərhədlərində daha çox mən dayanıram. Sərhədləri müəyyənləşdirilməyi bacarırsa, siyasətlə ədəbiyyatı bir-birinə qatmırsa, heç bir problem yoxdur. Ümumiyyətlə, bir insanda bir neçə bacarığın olması normaldır.

Mən gənclik illərimdə kiçik heykəl fiqurları hazırlamağı sevirdim. Daha çox divarda hazırlayırdım. Amma o demək deyil ki, işin dalınca getməliyəm. Bir neçə quruluşum var, Naxçıvan Dövlət Dram Teatrının səhnəsində Nəriman Nərimanovun "Nadir Şah" əsərinin quruluşu... Amma o demək deyil ki, rejissor olmalıyam. Taleyin insanı haradan hara gətirəcəyini heç kim bilmir.

Amma uşaqlıqdan bu günə qədər içimdə gələn poeziyaya heç vaxt xəyanət etmədim. O öz yerindədir, onun sərhədlərinə siyasət ayaq basa bilməz. O müqəddəs yerdir.

Siyasətin də qeyri-müqəddəs yer olduğunu deyə bilmərəm. Mahiyyət etibarilə siyasətçinin davranışlarından çox şey asılıdır. Bir-birinə mane olmur, biri gündəlik fəaliyyətimdir, biri peşəmdir. Siyasətçinin digər peşə sahiblərindən fərqi yoxdur.

- Sandıq ədəbiyyatınız varmı?

- Var. Son 15 il ərzində yaradıcılığıma qarşı qəddar münasibət göstərirəm. Çox həssas yanaşıram, süzgəcdən keçirirəm. Məsuliyyətimdən qaynaqlanır. Mənim sözüm mənim obrazımdır, məni nümayiş etdirir. Dağınıq mədəniyyət sahibi kimi görünmək istəmərəm.

Uzun yazmıram, adətən, şeirim bir neçə bənddən ibarət olur. Bu yaxınlarda bədii qiraətçilərdən biri mənə müraciət etdi ki, şeirimi ifa edəcək, bir bənd əlavə edim. Mən imtina etdim, çünki yamaq olacaq. Həmin anın öz ovqatı var.


Müəllif: Aysel Azad