ADU və Hayfa Universiteti arasında anlaşma memorandumu imzalandı
Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov İsrailin Hayfa Universitetinin nümayəndələrini qəbul etdi.
Teleqraf.com xəbər verir ki, qonaqları salamlayan rektor, professor Səməd Seyidov onları ADU-da görməkdən məmnun olduğunu dilə gətirdi. O, Azərbaycan və İsrail arasında olan əlaqələrdən danışaraq, iki ölkə arasında, nəinki siyasi sahədə, təhsil sahəsində də uğurlu əməkdaşlığın olduğunu qonaqların diqqətinə çatdırdı. Əməkdaşlığın yeni imkanlar açacağını deyən rektor, professor Səməd Seyidov əlaqələrin genişlənməsi üçün imzalanan müqavilənin əhəmiyyətini qeyd etdi. ADU ilə İsrail arasında əlaqələrin inkişafında İsrailin Azərbaycanda fəaliyyət göstərən səfirliyinin xidmətindən danışan rektor səfirliyə təşəkkür etdi. O, universitetdə İsrail və Yaxın Şərq araşdırmalar mərkəzinin fəaliyyət göstərdiyini və əlaqələrin genişlənməsində səfirliyin rolunu xüsusi vurğuladı. O, bu mərkəzin gördüyü işlərin vacibliyindən söz açdı. Rektor Səməd Seyidov Hayfa Universitetində Azərbaycan dili və Ədəbiyyatı Mərkəzinin açılmasını yüksək qiymətləndirdi və bu mərkəzin fəaliyyətinə dəstəyin vacibliyini xüsusi vurğuladı.
Səmimi qəbula görə təşəkkür edən qonaqlar ADU-da olmaqdan məmnun olduqlarını bildirdilər və universitet əməkdaşlarını Hayfa Universiteti adından salamladılar. Onlar Hayfa universitetində Ezri mərkəzinin komandası olaraq bu sahədə Azərbaycanla-universitet və elmi mərkəzlərlə əlaqə qurmaqda maraqlı olduqlarını qeyd etdilər. Hayfa Universitetinin nümayəndəsi və Ezri mərkəzinin direktoru, professor Soli Şahvar İsraildə Azərbaycanşünaslıq mərkəzinin açılmasının universitet tərəfindən maraqla gözlənildiyini bildirdi. O, mərkəzin bu ilin sonunda açılacağını qeyd etdi. Professor Soli Şahvar mərkəzin qarşılıqlı fəaliyyətin ikitərəfli əməkdaşlığa yol açacağını sözlərinə əlavə etdi. Azərbaycan Dillər Universiteti və digər universitetlər, eyni zamanda akademik mərkəzlər ilə bu cür əlaqələrin qurulması ikitərəfli elmi mübadilənin inkişafına yardım edəcəyini bildirdilər.
Görüşdən sonra Azərbaycan Dillər Universiteti və İsrailin Hayfa Universiteti arasında anlaşma memorandumu imzalandı.
İmzalanma mərasimində çıxış edən rektor Səməd Seyidov bu hadisəni tarixi hadisə adlandırdı. O, ölkələrin dil və mədəniyyətlərini Azərbaycana gətirməkdə ADU tərəfindən xüsusi missiyanın həyata keçirildiyini dedi və bunun nəticəsi kimi Azərbaycan mədəniyyətinin başqa ölkələrə aparılmasının və təbliğ olunmasının mühüm olduğunu qeyd etdi. Rektor İsrail mərkəzinin açılışında İsrailin sabiq Prezidenti Şimon Peresin səfərini və mərkəzin yenidən açılışı zamanı İsrail XİN başçısı A. Libermanın iştirak etdiyini xatırlatdı.
Rektor, professor Səməd Seyidov Hayfa universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasını yeni atılan addım kimi yüksək qiymətləndirdi. O, Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü fəlsəfənin dünya mədəniyyətlərini Azərbaycana və Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq olduğunu dedi. Rektor dünya dillərini təbliğ etməklə Azərbaycan mədəniyyətini xaricdə təbliğ olunmasının vacibliyini də önə çəkdi. Rektor, professor Səməd Seyidov bu prioritet istiqamətin ADU-da həyata keçirildiyini və bunun Azərbaycan-İsrail əlaqələrinə böyük dəstək olduğunu bildirdi. Rektor, professor Səməd Seyidov artıq Hayfa Universitetində Azərbaycan dili və Ədəbiyyatı mərkəzinin açılmasını yüksək qiymətləndirdiyini bildirdi və bunun mədəniyyət və təhsil əlaqələrini möhkəmləndirmək üçün ən gözəl dəstək olduğunu dedi. Bu istiqamətdə fəaliyyətin ikitərəfli, qarşılıqlı əlaqələr üçün geniş imkanlar açdığını sözlərinə əlavə etdi.
Daha sonra çıxış edən Ezri mərkəzinin direktoru, professor Soli Şahvar müqavilə haqqında məlumat verdi. O, Azərbaycanın tolerant bir ölkə kimi tanındığını və müxtəlif din və mədəniyyətlərin məkanı olduğunu vurğuladı.
Qeyd edək ki, Anlaşma memorandumunda Hayfa Universiteti ilə Azərbaycan universitetləri arasında tələbə və müəllim mübadiləsi, Azərbaycan tələbələri üçün İsraildə, İsrail tələbələri üçün Azərbaycanda təhsil səyahətləri mübadiləsinin təşkili, tələbələrin təqaüd, qrant və tələbə təqaüdü ilə təmin olunması, Azərbaycan və İsrail alimlərinin tədqiqat proqramlarına, simpoziumlarına və konfranslarına qoşulmaq imkankı, mühazirəçilər üçün fondlardan müəyyən qrantların alınması, hər iki tərəfdə kitabxana kolleksiyasının artırılması üçün müxtəlif mənbələrlə (kitablar, materiallar və s) təmin olunması və mübadiləsi nəzərdə tutulub.
Görüşdə Milli Məclisin deputatı Asim Mollazadə, Hayfa Universitetinin doktorantı Emil Abramoff da iştirak edirdi.
NİGAR