Ötən ildən başlayaraq ÜST tərəfindən COVID-19-u pandemiya elan edilib. Dünya üzrə yoluxanalrın sayı 155 milyonu keçib. 3 milyondan artıq insan xəstəlik səbəbilə dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, dünyada gündəlik 800 000 çox insan virusa yoluxub: "Bu gün dünyada ən çox yoluxma sayı ABŞ, Hindistan və Braziliyada qeydə alınır. Hindistanda hazırda hər gün ölüm və yoluxma sayında rekord qırılır. Artıq rəsmən təsdiq olunub ki, Hindistanda virusun yeni mutasiyası aşkarlanıb.
Mutasiyalar viruslara xas olan prosesdir və viruslarda daima mutasiya baş verir. Lakin bu gün Hindistanda mutasiya növü ilə bağlı xəstəliyin ağır keçməsi haqqında təsdiq olunmuş məlumat yoxdur. Əgər ölkəmizdə Hindistan ştammı aşkarlanarsa, məlumat verəcəyik".