29 May 2021 11:52
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür. Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdi. Amma bu qısa dövr xalqımızın milli şüurunun, dövlətçilik ənənələrinin möhkəmlənməsi tarixi oldu. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni layiqincə yerinə yetirdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O bildirib ki, Azərbaycanın ilk Parlamenti və Hökuməti təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi:

“Ölkənin, milli atributları bayrağı, himni və gerbi yaradıldı. Ana dili dövlət dili elan edildi. Milli ordu formalaşdı. Zəngin mədəni-tarixi ənənələrə malik olan Azərbaycanın ilk universiteti də təsis olundu. Bu, əslində təhsilin milliləşdirilməsi demək idi. Müsəlman dünyasında ilk dəfə olaraq kişilərlə bərabər, qadınlara da seçmək və seçilmək hüququ verildi. Bu tarixi nailiyyət hesab olunurdu. Nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ demək idi. Bu isə Xalq Cümhuriyyəti hökumətinin demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq əzmində olduğunun növbəti təsdiqi idi”.

Deputat qeyd edib ki, AXC-nin süqutundan sonra 70 il sovet rejiminin basqıları da Azərbaycan xalqının azadlıq ideallarını boğa bilmədi:

“XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövləti quruldu. Milli dövlətçilik tariximizdə də Cümhuriyyət xadimlərinin misilsiz xidmətləri yüksək qiymətləndirilir, onların zəngin irsinin öyrənilməsi və təbliği yüksək səviyyədə aparılır. Ulu öndər Heydər Əliyev 1 fevral 2003-cü il tarixli Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılmasına dair sərəncam imzaladı, 2007-ci il 25 mayda isə İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışı oldu. Eyni zamanda Prezident İlham Əliyevin sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Milli dövlətçilik tariximizdə Cümhuriyyət xadimlərinin misilsiz xidmətləri bu gün yüksək dəyərləndirilir, onların zəngin irsi öyrənilir və təbliğ olunur. Müstəqil Azərbaycan hüquqi varis kimi nəinki bütün dövlətçilik ənənələrini bərpa etdi, həm də dünyanın ən nüfuzlu söz sahiblərindən birinə çevrildi. Regionun lider ölkəsi olmaqla bərabər, beynəlxalq miqyasda da sözünə və imzasına böyük etimad göstərilir".

Millət vəkili əlavə edib ki, bu gün Cümhuriyyətin 103-cü ildönümünü tam fərqli əhval-ruhiyyədə qeyd edirik:

“30 illik işğala son qoyan Azərbaycan Ordusu böyük zəfər tarixi yazdı. Son 30 ildə ilk dəfə Respublika gününü ərazi bütövlüyünün tam bərpa olunması şəraitində qeyd edirik. Azərbaycan Bayrağı bu gün Şuşada dalğalanır. Prezident İlham Əliyevin üçrəngli bayrağımızı azad edilmiş bütün bölgələrdə qürurla qaldırması qələbənin təntənəsidir".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər