İyunun 9-da Pakistanın Lahor şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovla Pakistan Hərbi Dəniz Akademiyasının rəisi kontr-admiral Məhəmməd Zubair Şafiq arasında görüş keçirilib.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə iki ölkənin HDQ-i arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Kontr-admiral Məhəmməd Zubair Şafiq Vətən müharibəsində qazanılan qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.
Geniş tərkibdə davam edən görüşdə hərbi dənizçi mütəxəssislərinin hazırlığı, hərbi təhsil sahəsində təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, eləcə də seminarlar, elmi-praktiki konfransların keçirilməsi və digər məsələlər müzakirə olunub.
Görüşün sonunda Azərbaycan nümayəndə heyəti Pakistan Hərbi Dəniz Akademiyasının tədris-maddi bazası ilə tanış olub.