Əməkdar incəsənət xadimi Cəmil Quliyev xalq artisti Ramiz Əzizbəylinin ölümünə kədərləndiyini bildirib.
Cəmil Quliyev Teleqraf.com-a açıqlamasında Ramiz Əzizbəylinin vəfatını böyük itki adlandırıb:
"Azərbaycan kinosunun çox istedadlı rejissoru, aktyoru idi. Mən onunla "Mozalan" satirik kino jurnalında Azərbaycan filmlərinin dublyajında işləmişəm. Bu gün Ramiz müəllim artıq aramızda yoxdur. Bu, çox böyük itkidir. Azərbaycan kinematoqrafiyası böyük sənətkarını itirdi. Çəkdiyi filmlər özünəməxsusluğu, aktyor yozumu ilə seçilirdi.
Azərbaycan kinosunda duzlu yumoru ilə seçilən rollar yaratmışdı. O, dublyajın mahir ustası idi. Çox istedadlı filmlərdə aktyor kimi də çəkilirdi. Eləcə də satirik kino jurnallarında süjetləri özü çəkirdi.
Hansı işi üzərinə götürürdüsə, onu çox istedadla, məharətlə yaradırdı. Onun filmləri, obrazları hər zaman Azərbaycan tamaşaçısının yaddaşında qalacaq. Allah ona rəhmət eləsin".