16 İyun 2021 14:05
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 15-də Özbəkistandakı “Hyatt Regency” hotelinin konfrans zalında “Qadın və rəqəmsal iqtisadiyyat. Qadın sahibkarlığının qlobal inteqrasiyası” mövzusunda beynəlxalq oflayn və onlayn dəyirmi masa keçirilib.

Teleqraf.com xəbər verir ki, dəyirmi masa “Sharq Ayoli – “Woman of east” beynəlxalq qadınlar ictimai fondu, Özbəkistan Respublikası Ədliyyə Nazirliyi, “Yuksaliş” ümummilli hərəkatı, USAID-in sahibkarlığın və biznesin inkişafı layihəsi, Özbəkistan Ticarət-sənaye palatası tərəfindən təşkil olunub.

Tədbirdə 11 islam ölkəsinin Özbəkistan Ticarət-sənaye palatası yanında işgüzar qadınlar Şurası, Özbəkistan, Azərbaycan, Rusiya, Belarus, Mozambik, Latviya və digər ölkələrin qadın təşkilatları iştirak edib.

USAID-in Mərkəzi Asiyada sahibkarlıq və iş mühitinin inkişafı layihəsinin sektor rəhbəri Zaure Abdiraman “Elektron ticarət - ölkələr arasında perspektiv əməkdaşlıq istiqaməti” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Özbəkistan Respublikası Ali Məclisi Senatı və Daşkənd vilayəti hökuməti ilə “Sharq Ayoli” fondunun birlikdə həyata keçirdikləri “Qadın və rəqəmsal iqtisadiyyat” layihəsinin nəticələri öz əksini tapıb. Bu layihə regionun 7 şəhər və 15 rayonundan 1000 qadın sahibkara elektron ticarətin və hüquqi savadın əsaslarının öyrədilməsini nəzərdə tutur.

Azərbaycan Qadın Sahibkarlar Assosiasiyasının sədri Səkinə Babayeva, Rusiya Federasiyası Ticarət-Sənaye Palatası yanında Rus-Ərəb İşgüzar Şurasının sədri, “Biznes Qadınları” Ümumrusiya ictimai təşkilatının prezidenti Tatyana Qvilava, İslam biznesi beynəlxalq assosiasiyasının qadınlar qolunun rəhbəri, Rusiya və Tatarıstan müsəlman qadınlar birliyinin sədri Nailya Ziqanşina, habelə Mozambik, Rusiya, Belarus, Latviya, Özbəkistan və digər ölkələrdən olan qadın təşkilatlarının təcrübəsini təmsil edənlər çıxış ediblər.

“Dəyimi masa əsnasında Sharq Ayoli” beynəlxalq qadınlar ictimai fondu ilə Azərbaycan Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası və İslam biznesi beynəlxalq assosiasiyasının qadınlar qolu arasında Azərbaycan və Tatarıstanda fəaliyyət göstərən qadın sahibkarlara elektron ticarətin əsaslarının öyrədilməsi mövzusunda seminarlara başlamaqla bağlı razılıq əldə olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər