17 İyun 2021 11:44
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 iyun- Azərbaycan tarixində ikinci dəfə xüsusi bir mahiyyət daşıyan günə çevrildi. 28 il əvvəl bu tarixdə Azərbaycan parçalanmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən xilas oldu. İndi isə Azərbaycan güclü, qalib dövlət olaraq bir daha bölgədə və dünyada sülhün, rifahın bərqərar olması üçün öz töhfəsini təqdim edir. Bu baxımdan da Şuşa Bəyannaməsi müstəsna siyasi, mənəvi və tarixi əhəmiyyətə malikdir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor bildirib ki, bu sənəd Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinin yeni bir təzahürü kimi öz təsdiqini tapır:

“Eyni zamanda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunur. Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmlənərək yeni bir mərhələyə qədəm qoyur. Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsində birgə milli mənafelər baxımından xüsusi əhəmiyyətə malikdir. Sənəddə siyasi, humanitar, iqtisadi, elm, təhsil, mədəniyyət, hərbi və təhlükəsizlik sahələri ilə bağlı maddələr öz əksini tapıb. Eyni zamanda media sahəsində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer alıb”.

Komitə sədri hesab edir ki, Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir:

“Bunun tarixi çox qədimdir. Çünki bizi bir çox amillər birləşdirir. Ortaq etnik köklərimiz, mədəniyyətimiz, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, tarixən bir-birimizə arxa-dayaq olmağımız bu birliyi, bu qardaşlığı, bu təəssübkeşliyi təmin edib. Bu mənada Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə qardaşlığını bütün dünyaya bildirən bir mesaj kimi dəyərləndirilir. Bəyannamə Ermənistandakı revanşist qüvvələrə və onların havadarlarına, eləcə də regionda sülh prosesini ləngitməyə çalışan qüvvələrə verilən xüsusi və mühüm bir mesajdır. Bu sənəd Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda imzalandı. Ölkə baçşısı İlham Əliyev də çıxışında qeyd etdi ki, Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Qars müqaviləsinin ləğv edilməsi ilə bağlı ayrı-ayrı vaxtlarda həm ermənilər, həm də onlara havadarlıq edən qüvvələr fikirlər səsləndirib və bunun üçün cəhdlər göstəriblər”.

Hicran Hüseynova vurğulayıb ki, Şuşada imzalanan Bəyannamə Azərbaycan və Türkiyə müttəfiqliyini daha da möhkəmləndirdi:

“Eyni zamanda Qarabağın təhlükəsizliyi və qısa müddətdə yenidən qurulması məqsədilə bundan sonra da hər iki ölkənin imkanlarını səfərbər edəcəyini rəsmən təsdiqlədi. Müqavilənin imzalandığı məkanın seçilməsi də xüsusi bir rəmzi, simvolik məna daşıyır. İlk növbədə dünya ictimaiyyəti bir daha erməni barbarlığını, vandalizmini gördü. Erməni işğalçılarının xaraba qoyduğu binanın uçurulmuş divarları fonunda hər iki dövlətin başçısı bütün dünyaya sülhün, sakit şəraitdə yaşamağın vacibliyi mesajını göndərdi”.

Millət vəkilinə görə, həmin sənəddə diqqəti cəlb edən məsələlərdən biri də beynəlxalq əhəmiyyət kəsb edən layihələrin reallaşmasıdır:

“Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir iqtisadi dəhliz açılacaq. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. İki qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında sənəd müstəsna siyasi, mənəvi və tarixi əhəmiyyətə malikdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər