Təhsil Nazirliyinin elmi-nəzəri, pedaqoji jurnalı olan “Azərbaycan məktəbi”nin növbəti sayı işıq üzü görüb.
Teleqraf.com xəbər verir ki, jurnalın yeni forma, məzmun və dizaynda oxucuların istifadəsinə verilmiş 2021-ci il birinci nömrəsi Azərbaycan tarixinin indiki şərəfli dönəminin yaşanmasında təhsilin önəmini vurğulayır.
Azərbaycanın pedaqoji mətbuat tarixində ən uzunömürlü jurnal olan “Azərbaycan məktəbi” 97 ildir ki, fəaliyyət göstərir.
Xüsusilə son illərdə təhsil sistemində həyata keçirilən islahatların məntiqi davamı olaraq jurnalda dərc olunan məqalələrin məzmun və formaca müasir dövrün tələblərinə uyğunlaşdırılması zərurəti yaranmışdı. Bu prosesdə təhsil işçilərinin müasir standartlara, islahatın tələblərinə, məzmun və mahiyyətinə uyğun elmi-nəzəri, pedaqoji məzmunlu məqalələrlə təminatı mühüm əhəmiyyət kəsb edirdi.
Ona görə də “Azərbaycan məktəbi”ndə təhsilimizin ən aktual problemlərinə, dünya təhsilinə inteqrasiyaya, nəzəri və konseptual məsələlərə aid məqalələrin dərci ilə yanaşı, təhsildə monitorinq və qiymətləndirmə, kurikulum, informasiya-kommunikasiya texnologiyalarının tədrisdə tətbiqi və onlayn təhsillə bağlı məqalələrin çap olunması zərurəti yarandı.
Jurnalın yeni sayında bu məram və məqsədlər nəzərə alınıb. Oxucular bu nömrədə İ. Babayevanın “Ehtiyat dərsliklərin effektivliyinin qiymətləndirilməsi”, Q. Şərifov və L. İsmayılovanın “Ümumtəhsil məktəblərinin VII siniflərində fizika fənni üzrə onlayn tədrisin xüsusiyyətləri”, H. Şenol, F. Y. Lesinger və M. Çağların “Onlayn təhsilin müsbət və mənfi tərəfləri: COVİD-19 pandemiyası dövründə ali məktəb tələbələrinin qavrayışları”, P.Əliyevin “Təhsilalanlarda kompetensiyaların strukturlaşdırılmasına və qiymətləndirilməsinə verilən tələblər”, A. Məmmədlinin “Universitetlərdə təşəbbüskarlıq fəaliyyətinin stimullaşdırılması və təşviqi”, Q. Hacıyevin “Qarabağ regionunda təhsilin inkişafı tarixindən” sərlövhəli Azərbaycan, türk, ingilis dillərində məqalələri oxuya bilərlər.