Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Təcrübə-Sənaye Zavodunda yenidənqurma işləri aparılıb. AMEA prezidenti, akademik Akif Əlizadə görülən işlərlə yerində tanış olub. Bildirilib ki, zavodun inzibati binası və sexlərdə aparılan əsaslı təmir-tikinti işləri bu ilin iyun ayından başlayıb.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, AMEA rəhbərinə zavodun inzibati binasında yaradılmış yeməkxana zalı haqqında da məlumat verilib. Qeyd olunub ki, eyni vaxtda yüz nəfərin istifadə edə biləcəyi yeməkxana zalı lazımı avadanlıqlarla təchiz olunub, zavod əməkdaşlarının sağlam qidalanması üçün hər cür şərait yaradılıb.
Sonra AMEA prezidenti A.Əlizadə akademiyanın brendi olan “Solidol”, “Niqrol” sürtgü yağları və digər məhsulların istehsal və qablaşdırma prosesi ilə tanış olub. Stendlərdə nümayiş olunan məhsullar haqında danışan akademik A.Əlizadə bu məhsulların elmimiz üçün ciddi bir uğur olduğunu vurğulayıb.
Sonda görülən işləri yüksək qiymətləndirən AMEA rəhbəri tapşırıq və tövsiyələrini verib.
NİGAR