İnsan bədənindəki demək olar ki, hər toxumada ehtiyat kök hüceyrələrə sahib olduğumuzu ifadə edən Prof. Dr Gürsel Turgut mövzu ilə əlaqədar əhəmiyyətli məlumatlar verib. Estetik, plastik və rekonstruktiv cərrah Gürsel Turgut bildirib ki, getdikcə daha çox əhəmiyyət kəsb edən kök hüceyrələr əsasən kordon qanı, sümük iliyi və yağlarda olur. Bir çox toxumaya çevrilmə və özünü çoxaltma qabiliyyətinə malik olan kök hüceyrələr, özlərindən fərqli bir forma və funksiyaya sahib olan hüceyrələrə çevrilmə qabiliyyətindədirlər və bu xüsusiyyətlərinə görə onlara kök hüceyrələr və ya bərpaedici hüceyrələr deyilir.
Həkim Publika.az-a müsahibəsində deyib ki, texnologiyanın və tibb elminin inkişafı nəticəsində son zamanlarda plasenta, piy toxuması və ya sümük iliyindən alınan kök hücəyrələrin, bir başqa insana nəqli sayəsində bir çox xəstəliklər müalicə edilir.
- Gürsel bəy, son vaxtlar daha tez-tez eşitdiyimiz kök hüceyrə nədir?
- Bədənin istənilən yerində və daxili orqanlarda meydana gələn zədələnmələr yenilənir. Bunu bir misalla izah edə bilərəm. Avtomobiliniz xarab olduğu zaman servisə gedirsiniz. Servisdə işləməyən hər hansı parça yenisi ilə dəyişdirilir. Bir canlıda bunu praktik olaraq həyata keçirmək mümkün deyil. Vücudun meydana gələn zədələri bərpa edən başqa bir mexanizması var. Yağlar, sümük iliyi və bir çox orqan içərisində formasız və hər şeyə çevrilə bilən kök hüceyrə qrupu yerləşir. Zədələnən yerdən gələn siqnallara əsasən, bədənimizdə formasız olan kök hüceyrələr özlərini dəyişdirərək yaranı sağaldırlar. Bunun üçün bərpaedici hüceyrələrə kök və ya ana hüceyrə də deyirik. Ana hüceyrələr zədələnmiş bütün toxuma və orqanların yenilənməsində rol oynayır.
- Kök hüceyrələr harada istehsal edilir?
- Kök hüceyrələr arxada gördüyünüz Genkord Kök Hüceyrə laboratoriyasında əldə edilir. Bu laboratoriya Avropanın ən böyük kök hüceyrə bankalarından biridir. Xüsusi və mikrobların sıfır olduğu şəraitdə, təmizlənərək kök hüceyrələr və bir neçə qapalı sistemlərdən keçirilir, izole edilir və daim nəzarət altında saxlanılaraq GMP laboratiyalarından alınır. Bunun xaricində əldə edilən kök hüceyrələr kök hüceyrə deyil, ya da vücudun hər hansı yerində istifadə olunmasından söhbət gedə bilməz.
- Kök hüceyrələr hardan əldə edilir?
- Uşaq plasentasından, yağlardan və sümük iliyindən almaq olar. Nəzarət bölümündə testlərdən keçdikdən, infeksiya və ya mikrob olmadığından əmin olduqdan sonra laboratoriyaların B klass otaqlarında, A klass kabinet içərisində özəl proseslər aparılır. Onun çoxaltma prosesi təxminən bir ay çəkir və yenidən heç bir problem olmadığından əmin olduqdan sonra xəstələr üçün hazır hala gətirilir. Kök hüceyrələrin arxasında belə bir laboratoriya yoxdursa, kök hüceyrə müalicəsindən söhbət gedə bilməz.
- Kök hüceyrə əməliyyat otaqlarında və ya digər mərkəzlərdə əldə edilə bilərmi?
- Tibb sahəsində kök hüceyrə adı ilə bir çox məhsul var. Qandan alınan PRP və ya kremlərin də içində kök hüceyrəlrin olduğu deyilir. Yağları parçalamaqla çox az miqdarda kök hüceyrə əldə etmək olar, amma əsas məsələ odur ki, bu şəkildə parçalanma zamanı onların təsiri azdır. Kök hüceyrənin qandan hazırlanan PRP kök hüceyrə ilə heç bir əlaqəsi yoxdur.
Əməliyyat və ya müayinə otaqlarında öz yağınızdan və sümük iliyindən hazırlanaraq istifadə edilən məhsullar var, amma onlara kök hüceyrə demək doğru deyil. İnsan bədənindən alınan kök hüceyrələrin faydalı olması üçün bəlli bir keyfiyyətdə olması şərtdir. Kök hüceyrələrin effektiv hala gətirilmə müddətdə laboratoriyamızda 3-6 həftə çəkir.
- Kök hüceyrə növləri hansılardır və haralarda istifadə olunur?
- Yaşdan və alındığı nahiyədən asılı olaraq dəyişir. Bölünə bilən quruluşları sayəsində, eyni növdən kök hüceyrələrin əmələ gəlməsində də rol oynayarkən, eyni zamanda əzələ ya da qan hüceyrələrinə çevrilə bilirlər. Kök hüceyrə insan hələ ana bətnində embrion olarkən yaranır və orqan toxumaları əmələ gətirir. Bədəndə döllənmə başladığı andan etibarən kök hüceyrələr dəyişik formada yaranır. Döllənmənin ilk dörd həftəsində yaranmış kök hüceyrələrə embrionik kök hüceyrə deyilir. Bədəndə hər şeyə çevrilə bilən tək hüceyrə növü embrionik kök hüceyrələrdir. Amma bu kök hüceyrələrin iki səbəbdən dolayı istifadəsi qadağandır. Odur ki, tibbdə embrionik kök hüceyrələrin kliniki cəhətdən istifadəsi qadağandır.
Bir dölün uşaqlığa düşdükdən ilk 4 həftə sonra əldə edilmiş kök hüceyrələr fərqli kök hüceyrələrdir və hər şeyə çevrilmirlər. Bundan sonra yaranmış hüceyrələr olaraq qəbul edilir və əsasən 3 növə ayrılır. Bunlardan biri yağlardan, diş pulpasından və plasenta toxumalarından alınır. Sümük iliyindən alınan və hematopoetik adlandırılan digər kök hüceyrələr daha çox qan və damarlar üçün istifadə edilir. Hər bir hüceyrənin istifadə yeri ayrıdır.
Bir xəstəxana və ya həkim kök hüceyrə müalicəsi həyata keçirdiyi zaman növünü, sayını, keyfiyyətini, harda istifadə edildiyini və canlılıq səviyyəsini, onların kök hüceyrə və yetərli olduğuna dair hesabat vermirsə, bilin ki, sizə edilən müalicə kök hüceyrə deyil.
- Uşaq plasentasından əldə ediləm kök hüceyrələrin əsas üstünlüyü nədir?
- Hər bir insanın müəyyən bir ömrü var. Bədəmizdə DNT liflərinin ucunda xromosomlarımızı qoruyan başlıqlar mövcuddur. Onlara telomer deyilir. Ömür müddətini bu telomerlərin uzunluğu təyin edir. Yaşamımız müddətində telomerlər qısalır. Hər hüceyrənin də bir yaşı var. 15 yaşındakı uşaqla 60 yaşında insanın qaçış sürəti fərqli olduğu kimi, plasentada olan kök hüceyrələrin gücü və təsiri fərqlidir. Ən təsirli kök küceyrələr uşaq plasentasından və plasenta qanından əldə edilən, ətraf mühitin faktorlarından təsirlənməyən, sıfır yaşı olan hüceyrələrdir. Bel yağlarından alınan kök hüceyrələrin effekti ilə plasentadan əldə edilən kök hüceyrələrin təsiri eyni deyil.
- Türkiyədə plasentadan istifadəyə rəsmi icazə varmı?
- Bəli, var. Xüsusilə xərçəng xəstəliklərin müalicəsi məqsədilə istifadə edilir. Əgər başqa bir xəstəliyin müalicəsi üçün lazım olursa, səhiyyə nazirliyinə müraciət edirsiniz. İcazə verilərsə, hər kəsə kök hüceyrə istifadə etmək mümkündür.
- Yağ kök hüceyrələri haqqında da məlumat verməyinizi istərdim...
- Yağdan santrifuj ilə - parçalanaraq əldə edilən SVF hüceyrələri kök hüceyrə deyil. Tərkibində kök hüceyrə çox azdır. Bu, müalicə üçün yetərli say deyil. SVF-dən kök hüceyrə təsiri gözləməyə dəyməz.
Yağ kök hüceyrələri yağların çıxarılması və kök hüceyrələrin təmizlənməsi yolu ilə əldə edilir. Günümüzdə ən çox istifadə edilən kök hüceyrə əldə etmə üsullarından biridir və son 5 ildə populyarlığı artıb. Qarın və ya omba nahiyəsindəki yağ toxumasından alınan kök hüceyrələri laboratoriyada sümük, ya qığırdaq toxumasına gətirilir və problemli yerə ineksiya edilir.
- PRP ilə kök hüceyrə müalicəsi arasındakı fərqi necə izah edərsiniz?
- PRP (Platelled Rich Plasma - Trombositdən Zəngin Plazma) - həm kosmetik, həm də müalicəvi məqsədlə istifadə olunan bir tibbi prosedurdur. PRP-nin mahiyyəti insanın öz qanının plazmasından sadəcə trombositləri alaraq, müalicə olunacaq bölgəyə mezoterapiya şəklində inyeksiya etməkdir. PRP-nin istifadə yerləri son dərəcə məhduddur və onun kök hüceyrə müalicəsi ilə yaxından uzaqdan bir əlaqəsi yoxdur.
- Həkim, bəs GMP laboratoriyalarında istehsal edilməyən SVF və PRP təhlükəsizdir?
- Kök hüceyrə müalicəsi çox kritik bir məsələdir. Dünyada kök hüceyrə laboratoriyaları Səhiyyə Nazirliyi tərəfindən ciddi şəkildə yoxlanılır, ordakı vəziyyət, hava temperaturu, onlayn şəkildə daim nəzarət altında saxlanılır. Bunun xaricində hazırlanan SVF və PRP məhsulları damar yoluna vurmaq çox böyük risk yarada bilər. Amma laboratoriyalarda həyata keçirilərsə, həm hüceyrələri yetəri sayda əldə edərsiniz, həm də kök hüceyrələri analiz edərək içindən lazımi miqdarda və tərkibdə mikroblardan arındırılmış şəkildə müalicədə istifadə edə bilərsiniz. Odur ki, bu proseslərin keçirildiyi laboratoriyalara GMP deyirik. GMP olmayan laboratoriyalarda edilən məhsullar xəstə üçün böyük bir risk yaradır.
- Damardan SVF niyə vurmaq olmaz?
- Yağlardan parçalanaraq əldə edilən mayenin yağ hissəciklərinin olmadığından əmin olmalısınız. Odur ki, heç bir şəkildə müayinə və ya əməliyyatda hüceyrələri damardan vurmuruq və tövsiyə etmirik.
(Ardı var)