Artıq bir həftədən çoxdur ki, ölkəmizdə koronavirusa yoluxma hallarında bu cür sürətli mənfi dinamika izlənməkdədir. Əgər bir müddət əvvəl rəqəmlər 200-dən artıq idisə, qısa müddət ərzində on dəfədən çox artıb. Ətrafımızda olan digər ölkələrə diqqət etsək, görərik ki, həmin proses onlarda bizdən də daha əvvəl başlayıb və epidemioloji vəziyyət ölkəmizdəkindən daha pisdir. Lakin son günlərdəki artım onu deməyə əsas verir ki, Azərbaycanda da xəstəliyin növbəti alovlanma dövrü başlayıb. Bir müddətdir ki, bununla bağlı həyəcan təbilini çalırıq və əhalinin həmin infeksiya ilə necə mübarizə aparması, o cümlədən vaksinasiyanın əhəmiyyəti haqqında maarifləndirmə işini çoxaltmağa çalışırıq.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, hazırda xəstəxanalara müraciət edib peyvənd olunmaq istəyənlərin sayı 60 minin ətrafında dəyişir:
“Son dövrlər qəbul edilən qərarlar, aparılan təbliğat-təşviqat işlərinin nəticəsidir ki, gündəlik peyvənd olunmaq üçün müraciət edənlərin sayı kifayət qədərdir. İlk günlərdə müraciət edənlərin sayı xeyli az idi. Hazırda bu rəqəm 60 minin ətrafında dəyişir. Bu da tam arzuolunan deyil. Dövlətin imkanı var ki, hər gün 100 min civarında vətəndaşın vaksinasiyasını həyata keçirsin. Aparılan kompleks tədbirlər nəticəsində vaksinə olan inanclar artıb. Vətəndaşlar daha kütləvi şəkildə müraciət edirlər. Lakin yenə də passiv qruplar var. Bizim də hədəfimiz onlardır. İstəyirik həmin şəxslərə vaksinin effektivliyinə və təhlükəsizliyinə dair məlumatları çatdıraq ki, onlar da vaxtında düzgün qərar qəbul etsinlər”.