7 Sentyabr 2021 10:24
4 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 15-də "Taliban" yaraqlıları Əfqanıstanın paytaxtı Kabili ələ keçirdilər. Kabilin süqutu ABŞ-ın dünyadakı nüfuzuna çox ciddi zərbə oldu. Hətta, bu süqutu İkinci Dünya müharibəsi zamanı Minskin süqutu ilə müqayisə edənlər bildirirlər ki, Minsk nəhəng Vermaxt ordusu qarşısında bir neçə gün duruş gətirə bilmiş, yalnız 28 iyun 1941-ci ildə süquta uğramışdı. Kabil isə döyüşsüz, Amerika qoşunları hələ Əfqanıstanı tərk etməmiş yenildi.

Prezident Bayden Kabilin süqutu vaxtı milli təhlükəsizliyin məruzəsini diləyir

Teleqraf.com bildirir ki, Birləşmiş Ştatlar Kabilin süqutundan dərhal sonra öz vətəndaşları və ona bağlı Əfqanıstan vətəndaşlarını evakuasiya etdi. Bu evakuasiya prosesi tələm-tələsik olduğundan bir sıra çatışmazlıqlarla müşayiət olundu. Bir çox insanlar xaotik şəkildə təyyarənin göyərtəsinə doluşdular, yer tapıb minə bilməyənlər isə şassidən yapışaraq uçmağa cəhd etdilər.

Amerika dəniz piyadası əfqan qaçqınların Kabil hava limanına evakuasiyasını təmin edir. 18 avqust 2021-ci il

"Taliban"ın qisas aktından qorxaraq ölkəni tərk etmək istəyən əfqanların çarəsiz durumu dünya mediasının diqqət mərkəzində idi. Şassiyə yapışaraq ölkəni tərk etmək istəyənlərin bir çoxu şassi bağlanarkən yüksəklikdən yerə çırpılaraq həlak oldular. Onların arasında Əfqanıstanın gənclərdən ibarət yığma komandasının oyunçusu, perspektivli futbolçu Zaki Ənvari də var idi.

Əfqan qaçqınları daşıyan C-17 tipli Amerika hərbi-nəqliyyat təyyarəsinin göyərtəsi. 15 avqust 2021-ci il

Birləşmiş Ştatların Kabilin süqutundan dərhal sonra öz vətəndaşlarını və ona bağlı Əfqanıstan vətəndaşlarını evakuasiyası bir məsələni də gündəmə gətirdi. Bu, Vyetnam müharibəsinin sonuncu günü – 30 aprel 1975-ci ildə ABŞ-ın süqut edən Cənubi Vyetnamdan öz vətəndaşlarını və ona bağlı vyetnamlıları çıxarması məsələsidir.

Teleqraf.com bu günümüzlə bilavasitə bağlı olan bu tarixi hadisəyə dair hazırladığı yazını təqdim edir.

Vyetnam müharibəsi (ingiliscə Vietnam War) XX əsrin ikinci yarısının ən böyük hərbi konfliktlərindən hesab olunur. Bu müharibə mədəniyyətdə nəzərəçarpacaq iz buraxıb və Vyetnamın, həmçinin, ABŞ və SSRİ-nin müasir tarixində əhəmiyyətli yer tutur. Bu da səbəbsiz deyil. Çünki biri tarixə qovuşmuş dövlət SSRİ, biri isə hazırda dünyada supergüc olan ABŞ bu müharibədə olduqca fəal rol oynayıblar. SSRİ müharibədə Şimali Vyetnamı (Vyetnam Demokratik Respublikası), ABŞ isə Cənubi Vyetnamı (Vyetnam Respublikası, yaxud SSRİ-də deyildiyi kimi Sayqon rejimi) dəstəkləyirdi.

Vyetnam müharibəsi XX əsrin ikinci yarısının ən böyük hərbi konfliktlərindən hesab olunur (Bu foto evakuasiya ilə bağlı deyil)

Müharibə 1955-ci ildə qızışmağa başlayıb və 1975-ci ildə Sayqonun (Sayqon şəhəri Cənubi Vyetnamın paytaxtı idi. 1975-ci ildən Vyetnamın ilk prezidenti Xo Şi Minin şərəfinə Xoşimin adlanır-S.Həmid) süqutuna qədər inkişaf edib.

Müharibə Cənubi Vyetnamda vətəndaş müharibəsi kimi başlayıb. Sonra Çin Xalq Respublikası və SSRİ-dən dəstək alan Şimali Vyetnam, daha sonra isə müttəfiqi Cənubi Vyetnamı qorumaq öhdəliklərini yerinə yetirən ABŞ və onun müttəfiqləri (SEATO hərbi bloku) müharibəyə cəlb edilib. Hadisələr inkişaf etdikcə Laos və Kambocada paralel gedən vətəndaş müharibələri də Vyetnam müharibəsinə qarışıb. Bu səbəbdən 1950-ci illərin sonundan 1975-ci ilə qədər Cənub-Şərqi Asiyada gedən bütün döyüşlər İkinci Hind-Çin müharibəsi kimi tanınır.

Buddist monax Txit Kuanq Dık Cənubi Vyetnam rejiminə etiraz əlaməti olaraq publik şəkildə özünü yandırır. Sayqon, 11 iyun 1963-cü il.

Müharibəni bir neçə dövrə bölmək olar: Cənubi Vyetnamda partizan müharibəsi (1955-1965), ABŞ-ın genişmiqyaslı hərbi müdaxiləsi (mart 1965-1973) və müharibənin son mərhələsi (1973-1975).

Bu müharibənin başlanma səbəbi, hərbi əməliyyatların gedişi, qüvvələr nisbəti, həmin dövrdə mövcud olan gosiyası vəziyyət, itkilər və digər məsələlər ayrıcı yazının mövzusudur. Bizim yuxarıda qeyd etdiyimiz kimi bu yazıda söhbət açacağımız məsələ Sayqonun süqutuna bir neçə saat qalmış həyata keçirilən “Güclü külək” əməliyyatı” (ingliscə Frequent Wind) barədədir.

Əməliyyatın kod adı: “Sayqonda temperatur 105 dərəcədir və hərarət getdikcə yüksəlir”

1975-ci ildə Amerika Birləşmiş Ştatları artıq iki il idi ki, Vyetnam müharibəsində birbaşa iştirak etmirdi. ABŞ 1969-cu ildən etibarən qoşunları Cənubi Vyetnamdan geri çəkməyə başlamışdı. Hərbi analitiklər isə Sayqonun 1976-cı ildə süqut edəcəyini ehtimal edirdilər. Ancaq 1975-ci ilin yazında Şimali Vyetnam ordusunun etdiyi aramsız hücumlar (“Yaz hücumu”) uğurlu olur. Beləliklə, 1975-ci ilin aprelin ortalarında Cənubi Vyetnamın suqutuna cəmi bir neçə gün qaldığı aydın olur. Bu hücumlar 1000-dən çox Amerika vətəndaşının və Amerikaya bağlı insanların təxliyə edilməsini zərurətə çevirir.

Evakuasiyanın başlanmasının kod siqnalı Sayqon radiosunda efirə gedəcək bu mesaj olmalı idi: “Sayqonda temperatur 105 dərəcədir və yüksəlir”. Plana görə, bu mesajdan sonra milad mahnısı səsləndirilməlidir. Aprelin 29-u, səhər saatlarında bu mesaj səsləndirilir. Günorta saatlarında isə əməliyyat başlayır.

Bu vaxt Şimali Vyetnam diviziyaları artıq Sayqona yaxınlaşırdı. Bununla əlaqədar olaraq ölkədə qalan Amerika vətəndaşlarının (əsasən diplomatik heyət) təxliyəsi üçün əvvəlcədən planlaşdırılmış əməliyyata start verilir.

Əməliyyat ABŞ-ın Dəniz Piyaları Korpusu tərəfindən həyata keçirilir. Evakuasiyaya aviasiya daşıyıcıları da daxil olmaqla 15 Amerika döyüş gəmisinin qüvvələri cəlb olunur. Onlar CH-46 və CH-53 vertolyotlarından istifadə edərək ABŞ-ın Cənubi Vyetnam sahillərindəki 7-ci donanmasına köçürülmə prosesini həyata keçirirlər. Amerika vətəndaşları ilə yanaşı kommunistlərin hakimiyyətə gəlməsindən qorxaraq ölkəni tərk etmək istəyən vyetnamlı qaçqınlar da təxliyə edilir. Ancaq tezliklə aydın olur ki, Sayqondakı bütün qaçqınları evakuasiya etmək mümkün deyil: gəmilərdə bu qədər insan üçün sadəcə, yer yoxdur. Nəticədə əməliyyata komandanlıq edən ABŞ Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Corc Stil və general Riçard Keri tərəfindən qərar qəbul edilir: yeni gələn vertolyotları qəbul edə bilmək üçün əvvəlkilər dənizə atılsın!

Belə bir fikir yayğındır ki, aprelin 29-30-da Vyetnam sahillərini yuyan Sakit okeanın yarımqapalı Cənubi Çin dənizinə ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus 45 ədəd çoxfunksiyalı “İrokez” vertolyotu (ingiliscə “Bell UH-1 Iroquois”) və artıq tarixin arxivinə qovuşmaq üzrə olan Cənubi Vyetnamın darmadağın edilmiş ordusuna məxsus bir ədəd çoxfunksiyalı “Çinok” (“Boeing CH-47 Chinook) vertolyotu atılıb. Ancaq amerikalı araşdırmaçılar Elizabet Hartsook və Stüart Alaydın 2013-cü ildə nəşr olunan “Hava müharibəsi. 1969-1975-ci illərdə Vyetnam planları və əməliyyatları” kitabında “Güclü külək” əməliyyatı zamanı batırılan vertolyotların ümumi sayının 67 olduğu bildirilir.

Hər bir vertolyotun dəyəri bir neçə milyon dollar təşkil edirdi. Əməliyyat zamanı okeana atılan tamamilə işlək, yararlı vertolyotların ümumi dəyəri isə yüz milyon dollarla ölçülür. Ancaq itirilən vertolyotlarla bağlı xüsusi təəssüf hissi yaranmır: çünki əks halda bu vertolyotlar hərbi qənimət kimi Şimali Vyetnama qalacaqdı.

“Mən mayor Boanqam, yanımda həyat yoldaşım və beş uşağım var...”

Evakuasiya zamanı maraqlı bir epizod baş verir. “Midiuey” aviadaşıyıcısının göyərtəsi üzərində yüngül mühərrikli “Cessna” dövrə vurur. Təyyarənin pilotu tapançanın qoburuna kağız yazaraq onu göyərtəyə atır. Kağızda yazılırdı: “Mən mayor Boanqam. Həyat yoldaşım və beş uşağım yanımdadır. Siz vertolyotları oradan çıxarsanız mən ora enə bilərəmmi? Mənim 1 saatlıq yanacağım var...” Təbii ki, mayor Li Boanqın istəyinə müsbət qarşılıq verilir. Mayorun idarə etdiyi “Cessna” aviadaşıyıcının göyərtəsinə enir.

Mayor Boanqın idarə etdiyi "Cessna" aviadaşıyıcıya endikdən sonra

Əməliyyat aprelin 30-da səhər saatlarında – Sayqonun Şimali Vyetnam ordusunun nəzarəti altına keçməsindən bir neçə saat əvvəl yekunlaşır. “Hava körpüsü” şimali vyetnamlıların heç bir müqaviməti ilə qarşılaşmır. Lakin qeyri-döyüş səbəbindən amerikalılar bir vertolyot itirir (iki ekipaj üzvü həlak olur). Ümumilikdə, 7-ci donanmanın gəmilərinə 1737 ABŞ vətəndaşı və 5595 digər ölkə vətəndaşı (əsasən vyetnamlılar) təxliyə edilir. Bununla da aprel ayı ərzində amerikalılar təxminən 50 min adamı müxtəlif yollarla ölkədən çıxarırlar. Ümumiyyətlə, müharibənin sonunda və ondan dərhal sonra ABŞ 138 min vyetnamlı qaçqını qəbul edir.

"Güclü külək əməliyyatı": ABŞ-ın Vyetnamda məğlubiyyətinin simvolu, yoxsa...

“Güclü külək” əməliyyatının uğuruna baxmayaraq o ABŞ-da qeyri-populyar müharibənin kədərli nəticəsi kimi qəbul edildi və bir sıra ölkələrdə hələ də bu cür qəbul edilməkdədir. Qaçqınlarla dolu vertolyot “yükünü” gəmiyə boşaltdıqdan dərhal sonra digər vertolyotlara yer açmaq üçün onun dənizə atılmasına dair televiziya görüntüləri həmin illərdə ABŞ-ın Vyetnamda məğlubiyyətinin simvolu hesab olunurdu.

Aprelin 29-da hollandiyalı fotoqraf və müxbir Hubert Van Esin ABŞ-ın Sayqondakı səfirliyinin damında çəkildiyi ehtimal olunan foto isə müəllifinə dünya şöhrəti qazandırdı. Fotoda ABŞ səfirliyinin amerikalı personalının vertolyotun göyərtəsinə qalxması anı əks olunur. Yalnız “Güclü külək” əməliyyatının 25-ci ildönümündə (2000-ci ildə) vertolyotun əslində səfirliyin damında deyil, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rezidensiyasında olduğu və ora amerikalıların deyil, vyetnamlıların dırmaşdığı aşkar oldu.

Hubert Van Esin məşhur fotosu. Yalnız 25 il sonra bu binanın ABŞ səfirliyinin binası yox, USAID-in rezidensiyası olduğu açıqlandı

Əməliyyatın qiymətləndirməsi

“Güclü külək” əməliyyatı hazırda müxtəlif cür qiymətləndirilir. Bir tərəfdən bu əməliyyat bir çox ölkələr tərəfindən minlərlə vətəndaşın “qaynar nöqtə”dən sürətli şəkildə çıxarılması üçün standart fəaliyyət planı nümunəsi kimi qəbul olunur. Həmin fikrin müəllifləri iddia edirlər ki, Amerika Birləşmiş Ştatları əməliyyatı dəqiq və vaxtında həyata keçirib, əməliyyatdakı yeganə xaos elementi isə vyetnamlı qaçqınların vertolyotlara minmək üçün çarəsiz cəhdləri nəticəsində bir-birini əzməsi idi. Həqiqətən də bir sutkadan az vaxt ərzində 7 mindən artıq insanın həyatını xilas etmək mümkün olub.

Digər yanaşmanın müəllifləri isə 29-30 aprel hadisələrini ABŞ-ın rüsvayçı qaçışı və Vyetnam müharibəsində məğlubiyyətinin simvolu hesab edirlər. Biz bu istiqamətdə yekun qərara gəlməyi oxucuların öz öhdəsinə buraxırıq.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər