14 Sentyabr 2021 09:23
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sinovac” peyvəndinin effektivliyi Azərbaycanda və digər ölkələrdə fərqlidir. Mütəxəssis kimi Azərbaycanda onun zəif effekt verdiyini deyə bilərəm. Bu gün 7 milyon vaksin olunanımız var. Əgər bu qədər yoluxma varsa, əksəriyyətdə xəstəliyin ağır gedişi müşahidə olunursa, ölüm göstəriciləri yüksəkdirsə, vaksinasiyanın texniki problemləri olduğunu iddia edə bilərik”.

Bunu Teleqraf.com-a Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri, professor Əlizamin Sadıqov deyib.

Professor qeyd edib ki, hazırda yüksək templə davam edən vaksinasiya prosesinin əksəriyyəti “Sinovac” peyvəndi ilə aparılır: “Texniki problem deyəndə vaksinin saxlanma, vurulma şəraiti nəzərdə tutulur. Optimal olmayan mühitdən çıxarıb yüksək hərarətdə saxlanılan vaksini vuranda effekti olmur. Dəqiq bilmirəm, vaksinlər hansı şəraitdə saxlanılır, amma bu gün peyvəndin vurulma şəraiti doğru deyil. İnsana harada gəldi, vaksin vurmaq düzgün deyil.

Vaksin optimal 2-8 dərəcə temperaturda saxlanılarkən vurula bilər, amma bizdə 25-30 dərəcə temperaturda sutkalarla qalır. Düşünmürəm ki, bu qədər vaksinin saxlanma şəraiti optimal olsun. Poliklinikalarda, səhiyyə ocaqlarında soyuducuların kifayət qədər olması məsələsi texniki problemlərdir. Hesab edirəm ki, ölkəmizdə sözügedən peyvəndin effektsizliyinin bir nömrəli səbəbi texniki qüsurlarla bağlıdır, nəinki vaksinin özündən qaynaqlanır”.

Əlizamin Sadıqovun sözlərinə görə, dünyada qəbul olunan optimal vaksinlər “Pfizer”, “Moderna”, “AstraZeneca”, “Johnson & Johnson” və “Sinovac”dır: “Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) planlı olaraq yox, daha effektli vaksinlərin sayı çoxalarsa, “Sinovac” vaksinini təcili istifadə üçün təsdiqlənən vasitələr reyestrindən çıxara da bilər. Yəni əgər bu gün “Sinovac” vurulursa, yalnız dünyadakı ekstremal vəziyyət nəzərə alınaraq vurulur.

Vaksin olunmalıyıq. Müəyyən risk qrupunda olan insanlara iki, hətta üç doza tövsiyə olunur. Standart yanaşma doğru deyil. İnsanları ayrı-ayrı qruplara bölüb vaksin olunmalındır. Tutaq ki, “Sinovac” vaksininin 80 yaşlı insanda olan effekti ilə 18 yaşda olanın effekti eyni deyil. Fərqli yanaşma deyəndə düşünürəm ki, bəlkə fərqli doza, bəlkə gələcəkdə ikiqat dozaların tətbiqi sınaqdan keçirilməlidir. Ölkəmizdə dünya standartlarından kənara çıxıb insanlara fərqli yanaşma olmalıdır”.

Rusiyanın “Sputnik V” peyvəndi beynəlxalq aləmdə istənilən nüfuzu qazana bilmədi. Maraqlıdır, Türkiyə səhiyyəsinin səviyyəsi imkan verirmi ki, ÜST-ün qəbul edəcəyi peyvənd istehsal etsin?

Həkim hesab edir ki, Türkiyə dünyanın aparıcı səhiyyəsinə malikdir, nəinki Rusiya: “Ümumiyyətlə, Rusiya səhiyyəsindən gələn nəyəsə inamım yoxdur. Ona görə də “Sputnik V” peyvəndinə ciddi qəbul etmirəm. Ola bilər, haradasa bir sifarişli məqalə yazdırarlar, reklam edərlər. Amma bu, doğru deyil.

Türkiyə çalışır ki, dünya bazarına yerli istehsal olan vaksin çıxarsın. Hesab edirəm ki, bu, doğru addımdır. Çünki dünyada belə gərgin epidemioloji vəziyyətdə kim istəməz ki, vaksin istehsal etsin?! Bu səbəbdən effektli vaksinlərin çox olması önəmlidir. Təbii ki, Azərbaycanda da “TURKOVAC”ın klinik sınaqları keçirilə bilər, bu, çox vacibdir. Düşünürəm ki, Türkiyə vaksini effekti daha mükəmməl olacaq.

“TURKOVAC” ən azından “Sinovac”dan alınan effektə bərabər ola bilər, bəlkə də ondan üstün olar”.


Müəllif: Yeganə Oqtayqızı