Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən “Gənclərin seçmək və seçilmək hüququ - regionlarda gənclərin seçki aktivliyinin yüksəldilməsi” layihəsinə yekun vurulub.
Birlikdən Teleqraf.com-a verilən məlumata görə, Ağdaş və Zaqatala rayonlarının gəncləri üçün təşkil edilən yekun təlimlərdə 70-ə yaxın gənc iştirak edib. Tədbirlərin açılışında Vətən uğrunda şəhid olanların ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Birliyin sədri Nəsimi Həsənov iştirakçılara Azərbaycanın gənclər siyasəti, vətənpərvərlik və təşkilatın fəaliyyəti barədə qısa məlumat verərək gəncləri təlimlərdə fəal iştirak etməyə çağırıb.
Təşkilatın sədr müavini Daşqın Rəcəbli bildirib ki, bu təlimlərin əsas məqsədi gənclərin seçki aktivliyini və mədəniyyətini formalaşdırmaq, onların seçkilərə olan etinasızlığının qarşısını almaqla gələcəkdə azad və ədalətli seçkilərin keçirilməsinə mümkün şərait yaratmaqdır.
Layihənin təlimçisi Ceyhun Abbasov təlimin məqsəd və vəzifələri barədə məlumat verərək, gənclərə demokratiya, seçki, seçmək və seçilmək hüququ anlayışlarının elmi təhlili, eyni zamanda seçkilərin dövlət və xalq üçün əhəmiyyəti, bu sahədə mövcud beynəlxalq təcrübə barədə danışıb.
Qeyd edək ki, təlim prosesində gənclərə özünütəsdiq və seçki aktivliyinin önəmliliyi, ictimai fəallığın təşkilata çevrilməsi yolları, region gənclərinə qeyri-hökumət təşkilatları yaratmağın prosedur qaydaları barədə geniş bilgilər verilib. Gənclərə xatirə olaraq onlara təlim prosesini xatırladacaq köynəklər və papaqlar, təlimləri əks etdirən buklet və kitablar paylanılıb.
Xatırladaq ki, bundan əvvəl Astara rayon gəncləri üçün təlimlər keçirilib.
BƏXTİYAR