22 Sentyabr 2021 10:32
376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 22-də təhsil naziri Emin Əmrullayev Gəncə şəhərindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılan STEAM Mərkəzinin açılışında iştirak edib.

Teleqraf.com xəbər verir ki, açılış mərasimindən sonra nazir mərkəzdə yaradılan şəraitlə tanış olub. Emin Əmrullayev ölkədə aparılan təhsil islahatları haqqında məlumat verib, yeni təhsil müəssisələrinin inşasının təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə əhəmiyyətli təsir edəcəyinə əminliyini vurğulayıb.

Qeyd edilib ki, Gəncə STEAM Mərkəzi bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub. Mərkəzdə təhsilalanların “Robotics”, “Art”, “Science”, “STEAM Kids”, CNC və 3D çap, mexatronika, pilotsuz uçuş aparatları (dron) istiqamətləri üzrə fəaliyyət göstərməsi üçün sahələr var. Burada yaradılmış imkanlardan sözügedən məktəblə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə biləcəklər. İl ərzində 3000-3500 şagird təhsilalanın mərkəzdə müxtəlif modullar üzrə təlimlərdə iştirakı gözlənilir.

2019-cu ildən tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi təhsilalanlara tənqidi, yaradıcı düşünmə, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir. STEAM layihəsi çərçivəsində təhsilalanlar müasir cəmiyyətin müxtəlif sahələrinin inkişafı üçün zəruri olan robototexnika, biotexnologiya, nanotexnologiya, proqramlaşdırma, aerokosmik mühəndislik və pilotsuz uçuş aparatları, elektrik mühəndisliyi, 3D çap istiqamətində bilik və bacarıqlar əldə edirlər.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər