12 Noyabr 2014 14:22
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Xəzər - mehriban qonşuluq” təşəbbüsü çərçivəsində ÜGT-nin “Qlobal Qalxan” proqramının növbəti təlim kursu başlayıb. Bu dəfəki təlim kurslarına Əfqanıstan Gömrük Xidmətinin qadın əməkdaşları cəlb olunub.

Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Qeyd edək ki, “Xəzər - mehriban qonşuluq” təşəbbüsünü 2013-cü ildə DGK ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi ilə birlikdə irəli sürüb. “Qlobal Qalxan proqramı BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, eləcə də İnterpolun dəstəyilə və ABŞ-ın Dövlət Departamenti tərəfindən maliyyələşdirilməklə ” ÜGT tərəfindən həyata keçirilir.

Sözügedən təşəbbüsə uyğun olaraq, Bakıda Əfqanıstan Gömrük Xidmətinin əməkdaşları üçün ildə üç dəfə ikihəftəlik təlim kursları təşkil edilir. Bu kurslar partlayıcı maddələrin hazırlanmasında istifadə olunan kimyəvi vasitələrin aşkar edilməsi üzrə nəzarətçi-təlimçilərin hazırlığına dair keçirilir.

Təlimlərin açılış mərasimində Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı terrorizmə qarşı mübarizənin bütün dünyada hüquq-mühafizə orqanlarının başlıca vəzifələrindən biri olduğunu, terror aktlarının əksəriyyətinin müxtəlif kimyəvi maddələr istifadə edilməklə kustar üsulla düzəldilən partlayıcı maddələrlə həyata keçirildiyini qeyd edib və bu cür kimyəvi maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində mütəxəssislərin hazırlanmasının zəruriliyini vurğulayıb. Güloğlan Muradlı Azərbaycan Gömrük Xidmətinin sözügedən sahədə təcrübəsindən söz açmış və qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə böyük fayda verəcəyini bildirib.

ÜGT-nin “Qlobal Qalxan” proqramı üzrə layihə rəhbəri Cefri Vikett tədbir iştirakçılarına təmsil etdiyi qurumun proqramı haqqında məlumat vermiş, eləcə də təlim kursunun məqsəd və vəzifələrindən bəhs edib.

İki həftə davam edəcək kurslar zamanı mütəxəssislər - Polşadan olan Maqdalena Rıbaçik və almaniyalı təlimçi Martina Thiel də iştirakçıları mövzu ilə bağlı məlumatlandıracaqlar.

Təlimlər çərçivəsində Əfqanıstan Gömrük xidməti əməkdaşları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sərhəd keçid məntəqələri, Mərkəzi Gömrük Ekspertizası İdarəsi və Kinoloji Mərkəzlə də tanış olacaqlar.

Naibə QURBANOVA


Müəllif: