“Azəriqaz” İstehsalat Birliyi ölkənin qaz təminatının yaxşılaşdırılması, “mavi yanacaq”la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması və bu şəbəkənin inkişaf etdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir.
Bu çərçivədə cəbhəətrafı rayonların qazlaşdırılmasına xüsusi diqqət yetirilir. Teleqraf.com-un xəbərinə görə, noyabrın 13-də Füzuli rayonunun Qayıdış-1 və Qayıdış-2 qəsəbələrinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
Mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 201 abonenti olan Qayıdış-1 qəsəbəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 7562 metr olan müxtəlif diametrli metal borularla məhəllədaxili qaz xətləri çəkilib, 201 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
137 abonenti olan Qayıdış-2 qəsəbəsinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 7921 metr uzunluğunda müxtəlif diametrli metal borularla məhəllədaxili qaz xətləri çəkilib, 137 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Naibə