2 Noyabr 2021 16:01
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kitab və kağız məhsullarının idxalı və satışının ƏDV-dən azad olunmasına dair Milli Məclisə daxil olmuş Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı bu gün parlamentdə ictimai müzakirə təşkil olunub. Yeni qanun layihəsinə görə, KİV məhsulları, kitablar və dərsliklər ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Bu qərarın kitab sənayesinə nə əsirləri olacaq?

Mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən yazıçı Səfər Alışarlı yeni qərarı təqdirəlayiq hesab edir. Onun sözlərinə görə, kitaba marağın artması üçün bu addım yetərli deyil:

“Kitabın ƏDV-dən azad edilməsi kitab ticarətçilərinə, naşirlərə kömək üçün atılmış addım sayıla bilər. Bu, kitabın maya dəyərinin aşağı düşməsinə səbəb olacaq. Lakin kitabın nüfuzdan düşməsi təkcə onun bahalığı ilə əlaqəli deyil. Kitabda yazılanlar inandırıcılığını, metoforasını itirdiyi üçün oxunma sayı azalıb. Bunu sırf maddi tərəflə bağlamaq düzgün olmaz.

Cəmiyyətdə marağı artırmaq üçün öncə kitab - kitab olmalıdır. O, öz adını doğrutlmağı bacarmalıdır. Klasskik anlayışımızda iki cür kitab var: elmi və bədii. Bu gün bu iki növ kitabdan törəmiş ədəbiyyatın keçidinə fikir versəniz, görərsiniz ki, kitaba çoxlu sayda köməkçi, yan almış platformalar, cərəyanlar mövcuddur. Bunlar da bütövlükdə kitaba marağı azaldır.

Bizim kimi sovet dövründə kitab qadağalarından çıxmış cəmiyyət son 30 ildə kitab yazmağın yox, kitab çap etməyin azadlığını əldə edib. Əvvəllər də Azərbaycanda kitab yazmaq, çap etmək istəyənlər çox idi. Amma onların hamısı buna imkan əldə edə bilmirdi, bu sahədə ciddi məhdudiyyətlər mövcud idi.

Bədii kitab bədii, elmi kitab elmi, sənədli kitab mütləq sənədli olurdu. Mən son 10 ildə işimlə bağlı sənədli-bədii anlayışına da rast gəlmişəm. Sənədli-bədii film, sənədli-bədii kitab...

Düşünürəm ki, kitabın tərəqqisi üçün ilk növbədə yaxşı kitab pis kitabdan, yaxşı müəllif pis müəllifdən seçilməlidir. Bunun üçün cəmiyyətdə təkcə ƏDV-nin ləğvi azdır. Bu istiqamətdə ciddi dövlət strukturları, ictimai qurumlar fəaliyyət göstərməlidir ki, yaxşını pisdən ayırmaq mümkün olsun. Hələlik bu sahədə bizdə ciddi addımlar yoxdur”.

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, bu qərarın qəbulu xaricdən kitab sifarişlərinin çoxalmasına səbəb olacaq: “Bu, çoxdan müzakirə olunan məsələ idi. ƏDV-dən azad olunma kitabların və digər çap məhsullarının ən azından daxili bazarda qiymətlərinin tənzimlənməsində vacib rol oynaya bilər. Çünki 18 faiz vergi kifayət qədər yüksək rəqəmdir. Yeni qərar çap materiallarının ucuzlaşmasına gətirib çıxaracaq. Ən azından gələcəkdə kəskin qiymət artımına gedilməməsinə səbəb olacaq.

Bundan sonra xaricdən sifarişləri də artıra bilər. Çünki xaricdən sifariş olunan kitabların, ya da sifarişlə çap olunub ölkəyə gətirilən kitabların gömrük keçid məntəqələrində 18 faiz əlavə dəyər vergisinə tabe tutulurdu. Bu da qiymətlərə təsir göstərirdi”.

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, ölkəmizdə satılan kitablar çox bahadır və bu qərar çoxdan qəbul olunmalı idi: “Ölkəmizdə satılan kitablar nəşr ilinə baxmayaraq çox bahadır. Uşaq kitabları isə ondan da bahadır.

Cəmiyyətdə birmənalı olaraq bunu yalnız bir tərəfin - kitab satışı ilə məşğul olan müəssisənin üzərinə atırlar. Bu, düz deyil. Kitabın qiymətinə təsir edən iqtisadi amillər incələnsə, mənzərə daha aydın olar. Tutaq ki, kağız ölkəmizə xaricdən gətirilirsə və gömrükdə rüsum ödəmələrindən başqa, hansısa amillər də iştirak edirsə, bu, nəşriyyatın xərclərinə təsirsiz ötüşmür”.

Ekspert qonşu ölkələrdə çap məhsullarının ƏDV-dən azad olunması mövzusuna da toxunub. O bildirib ki, Azərbaycan yeganə ölkədir kitab üzərində 18 faiz ƏDV tətbiq olunurdu: “Gürcüstanda da ƏDV kitablar üzərindən götürülüb. Hətta Türkiyədə bu, 8 faiz idi, onu da götürdülər. Avropa ölkələrində də 7 faiz müəyyən olunub.

Azərbaycanda kitabların statistikası belə aparılmır. Bu, kitaba münasibətin göstəricisidir. Belarusda kitab mağazalarından icarə haqqı alınmır. Çünki fikirləşirlər ki, kitab olmasa, savadsızlıq baş alıb gedəcək.

Bu sahədə əsas çatışmazlığı xalq kitabxanalarının olmaması ilə əlaqələndirirəm. Onsuz da qiymətindən asılı olmayaraq, Bakıdakı kitab mağazalarında çeşidlilik tapmaq çətindir.

Hazırda ölkəyə il ərzində 200 min kitab gətirilir. Sovet dövrü ilə müqayisədə bu rəqəm dəfələrlə azdır. Qiymətə gəldikdə, təsəvvür edin ki, kitab Azərbaycana gətirilərkən 7 faiz gömrük, 18 faiz əlavə dəyər vergisi tutulur. Üstəlik satış zamanı gəlir əldə etmək üçün təqribən 20-25 faiz də əlavə olunur.

Bu gün Azərbaycan məktəblisi, tələbəsi, ümumiyyətlə, oxucusu kitab oxumaq istəyir. Biz bunu kitab sərgilərdində də görürük. Amma qiymətlərə görə kitablar əlçatan və hər kəsin büdcəsinə uyğun deyil. ƏDV-nin lğvi hesab edirəm ki, kitabların qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər