Sabah Azərbaycanın Vətən müharibəsində qazandığı böyük qələbənin birinci ildönümü - 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda geniş miqyaslı yürüş keçiriləcək.
Teleqraf.com xəbər verir ki, aksiya noyabrın 8-də Azneft dairəsindən başlayacaq və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.
Artıq Bakıda Zəfər Günü ilə bağlı hazırlıqlar başa çatmaq üzrədir. Paytaxtın küçə və prospektləri, binaların eyvanları bayraqlarla bəzədilib.
Zəfər Günü əlaqədar olaraq bir sıra dövlət orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparacaqlar. Məqsəd vətəndaşlarımızın bayramları təhlükəsiz və rahat şəkildə qeyd etmələrinə şərait yaratmaqdır.
Vətəndaşların həyat və fəaliyyəti, habelə bayram şənlikləri ilə əlaqədar aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının struktur bölmə və qurumlarına bununla bağlı müvafiq tapşırıqlar verilib. Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Məhdudiyyət paytaxt ərazisində keçiriləcək tədbirlə əlaqədar saat 07:00-dan tədbir başa çatana qədər nəzərdə tutulub. Yürüşlə əlaqədar “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Azadlıq, Bülbül, Rəsul Rza, Yusif Səfərov, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla avtomobillərin hərəkət istiqamətləri dəyişdirilir. Bundan başqa avtomobillərin 20-ci Sahə dairəsində şəhər istiqamətinə gəlməsi, Bayıl qəsəbəsi daxili küçələri ilə hərəkət Mehdi Hüseyn, Teymur Elçin küçələri ilə Parlament prospektinə çıxış nəzərdə tutulub.
Qeyd edək ki, Zəfər Günü paytaxtla yanaşı, respublikamızın bölgələrində, eyni zamanda dünyanın ayrı-ayrı ölkələrində qeyd olunmaqdadır.