25 Noyabr 2021 11:50
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xidmət sahəsində işə düzələn qazilərlə bağlı xoşagəlməz ab-hava yaradanların niyyəti saf deyil.

- Azərbaycanda Qarabağ müharibəsi qazilərinə, iştirakçılarına olduqca həssas münasibət var. Bu ali yanaşma 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonra daha da aktuallaşıb, gündəlik diqqət mərkəzində saxlanılan baş mövzumuza çevrilib desək, yanılmarıq. Belə də olmalıdır! Gözünü yummadan qanını, canını Vətən uğrunda fəda edənlər ən böyük diqqətə layiqdirlər! Bunun əksini düşünmək kimsənin ağlından keçmir. Reallıq budur ki, müəyyən hallarda hansısa qurumda qaziyə qarşı diqqətsiz münasibət olduqda belə ciddi qınaq ortaya qoyulur, qaldırılan problem həll edilir. Bütövlükdə bu gün Azərbaycan cəmiyyətinin hər bir fərdi, dövlət başda olmaqla, qaziyə, şəhid ailəsinə diqqət, qayğı ilə yanaşır, onun hər hansı probleminə biganə qalmır.

Lakin təəssüf ki, bir sıra hallarda bu məsələdə sanki məqsədli şəkildə ifrata varılır. Əslində reallığı əks etdirməyən bir məsələ bütövlükdə qazilərə aşağılayıcı münasibət kimi, özü də arzuolunmayan formada ictimailəşdirilir. Bunlardan biri də Vətən müharibəsindən sonra qazilərin bir qisminin öz peşələri və ya onlara təklif olunan hər hansı sahədə çalışmasıdır. Nə baş verir?

Tutaq ki, müharibəyə getməzdən öncə ali təhsili olmayan hər hansı qazi geri döndükdən sonra səhhəti imkan verdiyi üçün öz sahəsi üzrə çalışmağa başlayıb. Bu ofisiant da, dəllək də və ya başqa xidmət sahəsi üzrə ola bilər. Yaxud da sağlıq durumu yerində olan qazi müharibədən öncə heç bir peşənin sahibi olmayıb, indi isə müəyyən xidmət sahəsində çalışmaq qərarı verib. Bu alqışlanmalı bir haldır. Qazinin çalışmasında, əmək fəaliyyəti ilə məşğul olmasında mənfi nə ola bilər? Biz onun da şahidiyik ki, bəzi dövlət qurumları ali təhsili olan qaziləri, şəhid ailəsinin üzvlərini işə götürüb. Bu sırada təhsil, gömrük və başqa sahələrin adını çəkmək mümkündür. Məhz bunu görməzdən gələrək xidmət sahəsində işə düzələn qazilərlə bağlı xoşagəlməz ab-hava yaradanların niyyəti heç bir halda saf ola bilməz!

“5 medallı ofisiant” başlığı ilə xəbər yayıb ictimailəşdirənlər, “filan qaziyə usta işi təklif olundu” kimi xəbər yayanlar fərqində deyillərmi ki, əslində öz peşəsi üzrə işləməyə başlayan qazini müdafiə etmirlər. Axı öz peşəsi ilə məşğul olmaqda nə qəbahət var?

Dünyanın harasında xidmət sahəsində çalışmaq təhqir sayılır? Ətrafımızda, yaxınlarımız arasında nə qədər sürücü, ofisiant, usta, bərbər və digər peşələr üzrə çalışanlar var. Öz peşən üzrə çalışmaq, zəhmətinlə dolanmaq niyə aşağılanmalıdır?

Məsələni qazilərin üzərinə məqsədli şəkildə yönəldənlər, bu dalğanı inkişaf etdirənlər bu yoldan çəkinməlidirlər. Qaziləri, şəhid ailələrini müdafiə edərkən mənəvi normalar tapdalanmamalıdır. Qınaq o zaman olar, tənqid o zaman olar ki, qazi ümumiyyətlə iş tapmasın, döydüyü qapılardan əliboş qayıtsın, əvvəlki peşəsi üzrə çalışması əngəllənsin.

Əksinə öz peşəsi üzrə çalışan qazilər nümunə kimi cəmiyyətə təqdim olunmalıdır, onların bu fədakarlığı müsbət mənada təbliğ edilməlidir. Bu qəhrəman Azərbaycan övladları gənclərə nümunə kimi göstərilməlidir. Əslində onlara hansısa xidmət sahəsində çalışdıqları zaman ögey münasibət göstərilərsə ictimai qınaq ortaya qoyulmalıdır. Onların layiqli əmək şəraiti ilə təmin olunmasına diqqət yönəldilməlidir və s.

Vətən uğrunda canından keçmiş insanlar, bu müqəddəs yolda savaşanlar hər birimiz üçün əzizdir. Onlara olan qayğı, diqqət heç zaman əksilməyəcək. Bu siyasət həmişə davam edəcək. Qarabağ müharibəsi iştirakçıları üzərindən başqa oyun quranlar isə hər zaman uğursuzluğa məruz qalacaq.


Müəllif: Elman Babayev

Oxşar xəbərlər