Statistik təhlil göstərir ki, mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı, 26%-i təmizlənmiş ərazidən kənara çıxma hallarında baş verib.
Bu barədə Teleqraf.com-a Azərbaycan Minatəmizləmə Agentliyindən məlumat verilib.
Bildirilib ki, ərazilər azad edildikdən sonra mülki şəxslər arasında 73 nəfər mina hadisələrinin qurbanı olub, onlardan 49 nəfəri yaralanıb, 24 nəfəri isə ölüb.
Son günlər mina hadisələrinin artmasını nəzərə alaraq, əhalini mina və partlamamış sursatlarla kritik həddə çirklənmiş azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkindirməyə çağıran, intensivliklə və böyük zəhmət hesabına aparılan ərazilərin təmizlənməsi prosesinin başa çatmasını təmkinlə gözləməyə dəvət edən materialların genişləndirilməsi, bu mövzuda ictimai müzakirələrin təşkili xahiş olunur.
Mina hadisələri kontekstində Ermənistanın “mina xəritələri”ni hələ də tam təqdim etməməsi, indiyədək verilən xəritələrin qeyri-dəqiqliyi mövzusunun yenidən gündəmə gətirilməsi, baş verən hadisələrə görə Ermənistanın cavabdehliyinin qabardılması xahiş olunur.