“Axund başından papağını çıxararaq qızın arxasından atar...” – Va-Nu Azərbaycan haqqında
Türk yazıçısı və jurnalisti Vala Nurəddinin (qısa imzası Va-Nu) Türkiyə mətbuatında qələmə aldığı məqalələrdə Azərbaycanla da bağlı mövzular var. Çünki Va-Nu Moskvada təhsil alıb, bu dövrdə Azərbaycana da gəlib, ölkəmizdə gördükləri ilə bağlı maraqlı epizodlardan bəhs edib.
Va-Nu 1901-ci ildə doğulub. 1917-ci ildə Qalatasaray liseyini bitirib, ardınca bir bankın təqaüdü ilə bankçılıq üzrə təhsil üçün Vyanaya gedib.
Qayıtdıqdan sonra həmin bankda bir müddət işləyib. İstanbulun işğal dövründə işğalçıların bir türk komandanın üzünə qırmancla vurmasına şahid olan Va-Nu bu hadisədən təsirlənib və Mustafa Kamal paşanın başlatdığı Qurtuluş hərəkatına qoşulmaq üçün Anadoluya gedib. Onunla birlikdə şair dostları Faruk Nafiz, Yusif Ziya, Nazım Hikmət də olub. Lakin Va-Nu ilə Ankaraya ancaq Nazim Hikmət gedə bilib. Onların Ankarada İstanbul gənclərini milli mücadiləyə çağıran şeirləri böyük rəğbət oyadıb. Gənc şairlər Mustafa Kamal paşaya da təqdim ediliblər. Ardınca Va-Nu və Nazim Boluya müəllim olaraq göndəriliblər. Onlar isə burada qalmayaraq təhsillərini davam etdirmək üçün Moskvaya getməyə qərar veriblər. 30 sentyabr 1921-ci ildə Batuma çatıblar, ardınca Moskva Şərq Millətləri Kommunist Universitetinə yazılıblar. Va-Nu 1925-ci ildə buradakı təhsilini tamamlayıb.
Türkiyəyə qayıtdıqdan sonra isə bankda çalışmaqla yanaşı qəzetlərdə yazıları ilə iştirak etməyə başlayıb. 1927-1933-cü, eləcə də 1939-1966-cı illərdə “Akşam” qəzetində çalışıb. Onun “Akşam” qəzetindəki yazılarından aydın olur ki, Moskvada təhsil aldığı müddətdə Bakıda da olub.
Va-Nu “Haber”, “Köroğlu”, “Yeni Sabah”, “Cumhuriyet”, “Havadis”, “Resimli Ay” kimi mətbu orqanlarla da əməkdaşlıq edib, dostu Nazim Hikmetlə bağlı “Bu dünyadan Nazim keçdi” adlı əsərini qələmə alıb.
1967-ci ildə İstanbulda vəfat edən Va-Nu Ədirnəqapı məzarlığında dəfn edilib.
***
Va-Nunun “Akşam” qəzetində məqalələri üzərində çalışarkən Azərbaycanla bağlı bəzi maraqlı məqamlara rast gəldik. O, 6 mart 1930-cu il tarixli “Neçə yaşındasınız?” adlı yazısında Azərbaycanda saat vaxtlarının deyilməsini Türkiyədəki ilə müqayisə edib.
8 iyul 1930-cu ildə yazdığı “Türklər dərhal tanınır” adlı məqaləsində türklərin küçədə rahat şəkildə tanınmasından bəhs edib, Bakıda başına gələn bir hadisəni də qələmə alıb: “Tanınmamaq Bakıda mənim üçün bir inad məsələsi olmuşdu. “Mütləq geyimimə görə seçilirəm” qənaətinə gəlmişdim. Bir gün peştemala (hamamlandıqdan sonra bürünülən şey – D.Ə) bürünmüş, bir siqaret yandırmış, digər siqareti də içəridə çəkmək üçün qulağımın arxasına yerləşdirmiş, nalınlarımı taqqıldadaraq yürüyürdüm. Kurnanın başında (hamamda su kranının altında olan və suyun yığıldığı daş hovuz – D.Ə) oturan bir-iki qoçu (Bakının külhanbəyi) “qulağının dalındakı papirosu bizə ver görək... Özün türksən. Türklərdə yaxşı papiros olar” deməsinlərmi? Eee, çatlamazmı insan. “Hardan anladınız?” deyə soruşdum. “Biz türkləri yürüyüşündən başa düşürük ha” dedilər”.
Va-Nunun 6 mart 1931-ci ildə yazdığı ““Türk dili üçün” adlı qiymətli əsər” adlı məqaləsi Ankara Hüquq Məktəbinin professoru Sadri Maksudi Arsalın əsərinin təhlilidir. Bu məqalədə Va-Nu Azərbaycanda və Türkiyədə istifadə olunan dilə toxunub: “Azərbaycan da bizim lisan hövzəmizə daxildi. Onunla da daha dünənə qədər eyni dilin başqa-başqa ləhcələrində yazır, danışırdıq. Fəqət latın əlifbasını ayrı-ayrı şəkillərdə qəbul etməyimiz və mədəni münasibətimizin siyasi səbəblərə görə mövcud olmaması gün keçdikcə bu iki diyarın inqilab halında olan dilini bir-birindən ayıracaqdır”.
8 sentyabr 1932-ci ildə yazdığı “Türkiyə xaricindəki türk ləhcələri” adlı məqaləsində də Va-Nu dil məsələsinə toxunub: “Beş-on il əvvələ qədər azəri yazı türkcəsi bizimkinin o qədər təsirində idi ki, üç-beş şəkilçi və kəlməni dəyişdirmək surəti ilə bir İstanbul mühərririnin Bakı qəzetlərinə birbaşa yazı yazması mümkündü. Mənim belə Azərbaycanda xəfif dəyişiklik edilmiş altı ədəd kitabım intişar etmişdir. Fəqət azərilər bizimkinə bənzəməyən bir əlifba qəbul etdiklərindən bəri bizim ləhcə ilə onlarınkı büsbütün ayrılır”.
Ardınca Va-Nu Azərbaycanda çap olunan bir kitabdan qısa hissə verərək, onu Türkiyədəki ləhcə ilə də yazaraq müqayisə edib.
Xatırladaq ki, 1920-ci illərdə Azərbaycanda və Türkiyədə qəbul edilən latın əlifbasında fərqli işarələr mövcuddu, mühacirətdə fəaliyyət göstərən Məhəmmədəmin Rəsulzadə də buna qarşı çıxıb, “Odlu Yurt” jurnalında bununla bağlı cədvəl tərtib edib.
2 noyabr 1932-ci ildə yazdığı “Necə mühərrir oldum?” adlı məqaləsində Va-Nu bankda çalışarkən yazdığı ilk şeirlərindən, ədəbiyyata gəlişindən, jurnalist fəaliyyətindən bəhs edib. Bu yazısında Va-Nu “Azərbaycan maarifi üçün ictimaiyyata aid kitablar tərcümə etdim” cümləsini qeyd edib.
Göründüyü kimi Va-Nu iki yazısında Bakıda kitablarının çıxdığını qeyd edib. Azərbaycan Milli Kitabxanasının onlayn arxivində Va-Nunun qeyd etdiyi tərcümələrindən birinə rast gəldik. 1924-cü ildə Moskvada əski əlifbada Azərbaycan türkcəsində Qabriyel Duvelin “Elmi sosializm” kitabı Vala Nurəddinin tərcüməsində çap olunub.
Va-Nu “Akşam” qəzetində Əhməd bəy Ağaoğlunun vəfatı münasibətilə də yazı qələmə alıb.
***
2 oktyabr 1929-cu ildə Va-Nunun “Akşam” qəzetində “Cocuk zövcələr” adlı kiçik yazısı dərc olunub. Bu yazısı erkən yaşda evliliklərlə bağlıdır və Azərbaycanda gördüklərini də qeyd edib. Həmin yazını tam şəkildə təqdim edirik:
Cocuk zövcələr
Ana nənəm 11 yaşında, əqrəbamızdan digər bir xanım da vaxtilə 9 yaşında evlənmiş... Əvvəllər buna olduqca təəccüblənərdim. Lakin sonra təəccüblənmədim. Hətta Azərbaycana getdikdən sonra bu erkən izdivacı mötədil belə görməyə başladım.
Dünən qəzetimizdə bir statistika intişar etdi: Bu gün Hindistanda 218 000 nəfər 5 yaşından kiçik evli qadın varmış. Hazırda 5 yaşında olduğu halda dul qalanların sayı isə 15139 imiş.
Buna, əlbəttə, təəccüblənmisiniz. Halbuki mən təəccüblənmədim. Çünki Azərbaycan və İranda izdivacların daha heyrətə şayan olduğunu bilirəm. Yaxından gördüm. “Siğə” adlanan bir aylıq, bir həftəlik, hətta bir günlük şəri nikahlardan bəhs etməyəcəyəm. Baxmayaraq ki, bunlar da qəribədir. 24 saatın xitamında kişinin yatağından fırlayan qadın artıq ona naməhrəm olduğu üçün dərhal çarşafa bürünür, qumaş yığınına dönür. Fəqət əcəm izdivaclarının əsl əcaib nöqtəsi qızların erkən ərə verilmələrindədir.
Evlənmək istəyən kişi müstəqbəl qayınatasına müraciət edər. Söz kəsilər. Əldən qızıllar verilər. Nikah günü təsbit olunar. Axund (hoca) gəlin xanımın evlənməməsinə izn varmıdır deyə qızı bir kərə müayinə eyləmək məcburiyyəti-şəriyəsindədir. Şəri müayinə belədir: Qıza “Hələ yürü, qız!” deyərlər. Qız yürüyər. Axund başından papağını çıxararaq qızın arxasından atar. Qız bu vuruşdan yıxılmasa, şəri baxımdan evlənəcək qədər böyümüşdür deməkdir.
Qeyd: – İrandan bəhs edirəm deyə əcəm mübaliğəsi edirəm sanmayın. Papaq şəri təcrübəsi İran ilə Azərbaycanın hər yerində, həqiqətən tətbiq olunur.