Dekabrın 23-də təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarına əsasən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Trenerlər üçün treninq”lər başlanıb.
Bu barədə Teleqraf.com-a MSK-nın media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd olunur ki, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşə hazırlığının daha da artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədi daşıyan və müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində gerçəkləşdirilən treninq layihəsinin əsası 2002-ci ildə qoyulub.
Bu il ölkədə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar treninqlərin 2 mərhələdə keçirilməsi qərara alınıb. Artıq başlanmış birinci mərhələdə treninqlərin seçki dairələrinin hər birindən 2 nəfərin iştirakı ilə 4 gün davam etməsi nəzərdə tutulub. Əyani vəsaitlərdən istifadə edilməkə keçirilən “Trenerlər üçün treninq”də iştirakçılar səsvermə prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması, protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları barədə məlumatlandırılır. Tədbir zamanı habelə, MSK-nın Treninq qrupunun mütəxəssisləri tərəfindən seçki günü icra olunan müxtəlif prosedurlarla bağlı praktiki məşğələlər keçilir, “Seçki günü məntəqə seçki komissiyalarının rol və vəzifələri”, “Seçki günü prosesləri və müstəsna hallar”, “Səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması” və “Əvvəlki treninqlərdə qazanılmış təcrübə, seçki dairələri üzrə treninqlərin formatı və təşkil olunması” mövzularında təqdimatlar edilir, müzakirələr aparılır və meydana çıxan suallar cavablandırılır.
Treninqlərin 2-ci mərhələsi olan aşağı seçki komissiyaları üzvlərinin treninqinə noyabrın 25-dən etibarən start veriləcək və treninqlər mövcud seçki dairələri dairə seçki komissiyalarının inzibati binalarında baş tutacaq. Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərin keyfiyyətinin daha da artırılması məqsədilə MSK-nın Treninq qrupu tərəfindən yerlərdə keçiriləcək treninqlərin cədvəli hazırlanıb və kiçik qruplar şəklində – hər treninq sessiyasında 36 nəfərədək komissiya üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulub. Bu mərhələ seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq bir neçə həftə davam edəcək və treninqlər zamanı hər bir aşağı seçki komissiyası üzvünə MSK tərəfindən hazırlanmış “Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim olunacaq.
Genişmiqyaslı maarifləndirmə tədbiri olaraq bu treninqlər, ümumilikdə 30 mindən artıq aşağı seçki komissiyası üzvünü əhatə edir.
Səxavət