14 Dekabr 2021 17:52
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda təhlükəsizliyin artırılması məqsədilə buraxılış rejimini aparan əməkdaşların fəaliyyətinin təkmilləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və şəffaflığın artırılması istiqamətində davamlı işlər aparılır.

DİM-dən Teleqraf.com-a bildirilib ki, Mərkəz görülmüş işlərin tərkib hissəsi olaraq müxtəlif peşə sahələrində çalışan ictimaiyyət nümayəndələrinin imtahan prosesində buraxılış rejimini aparan əməkdaş qismində cəlb edilməsi üçün elektron qeydiyyata başlayır. Qeydiyyat müddəti 2022-ci il yanvarın 7-si saat 18:00-dək davam edəcək.

Qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının vətəndaşı olan, məhkumluğu olmayan, ali və ya orta ixtisas təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda işləyən (və ya iş yerinin olub-olmamasından asılı olmayaraq pedaqoji profilli ixtisaslar üzrə bakalavr ixtisas dərəcəsi olanlar), yaşı 21-40 (buraxılış rejimini aparan əməkdaşların hazırkı bazasında olanlar üçün 21-45 yaş) arasında olan, həmçinin fiziki və psixoloji cəhətdən sağlam, COVID-19 vaksin və ya immunitet sertifikatı olan qadın əməkdaşlar müraciət edə bilərlər.

Qeydiyyat üçün ilk olaraq namizədlər Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olaraq “Şəxsi kabinet” açmalı və daha sonra verilən link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat və müsahibə mərhələsi ödənişsizdir.

Buraxılış rejimini aparan əməkdaşa dair tələblər və onun vəzifələri ilə DİM-in saytında tanış olmaq mümkündür.

Namizədlər qeydiyyatdan keçdikdən sonra vərəqini çap edir, imzalayır və aşağıda göstərilən sənədləri də əlavə edərək elektron poçtuna və ya mobil telefon nömrəsinə göndərilən bildirişdə qeyd olunan tarixdə Bakı şəhəri üzrə DİM-in Nəsimi rayonu, Həsən Əliyev, 299 ünvanında yerləşən binasına, regionlarda isə DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay, Şəmkir və Şirvan regional bölmələrinə şəxsən müraciət edirlər:

-İmzalı qeydiyyat vərəqi;

-Şəxsiyyət vəsiqəsi və surəti;

-Ali və ya orta ixtisas təhsil haqqında sənəd (diplom);

-İş yeri haqqında arayış (olduğu təqdirdə);

-Məhkumluğun olmaması barədə arayış.

Qeydiyyatdan uğurla keçən namizəd DİM-ə dəvət olunaraq sənədləri yoxlanılır və təhsili, fəaliyyəti, iş təcrübəsi, fiziki-psixoloji sağlamlığı və s. keyfiyyətlərinin dəqiqləşdirilməsi ilə bağlı ilkin müsahibədən keçirilir.

Müsahibədən uğurla keçən namizədlər müvafiq təlimlərə cəlb olunacaq.

Elektron qeydiyyatla bağlı suallar yaranarsa, DİM-in 1653 Çağrı Mərkəzinə və ya regional bölmələrinə müraciət etmək olar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər