Yeni ilin gəlişi ilə əlaqədar dekabrın 2-dən paytaxtda metro stansiyaların çıxışlarında bayram çadırları qurulub. Hər il ənənəvi olaraq qurulan bayram çadırlarında əsasən müxtəlif ölçülü şam ağacları, Şaxta baba oyuncaqları və başqa bayram atributlarını satışa çıxarılıb.
Teleqraf.com-un əməkdaşları Koroğlu metro stansiyasında qurulan bayram yarmarkasına baş çəkərək vəziyyətlə tanış olublar.
İlk olaraq çadırlarda qiymətin satılan suvenirlər və bəzəklərin ölçüsünə, qablaşdırmada olan oyuncaqların isə sayına görə dəyişdiyini görmək olur.
Satıcı Elgün Abbasov deyir ki, satışa çıxarılan məhsulların hamısı Çin istehsalıdır: “Eyni ölkənin istehsalı olmasına baxmayaraq ölçüsünə görə fərqlənən şam ağacları, eləcə də Şaxta baba, işıq və oyuncaqların qiyməti də müxtəlifdir. Məsələn, hündürlüyü 2.40 santımetr olan şam ağacı 110 manat, 2.10 santımetr olan şam ağacı isə 80 manatdır. Bununla yanaşı bəzədilmə zamanı istifadə edilən işıqların qiyməti 3 manatdan 10 manata qədər dəyişilir. Qiymətlər malın keyfiyyətinə və ölçüsünə görə fərqlənir. Yarmarkada satılan məhsulların içərisində Azərbaycan istehsalı olan yalnız qapıdan asmaq üçün nəzərdə tutulan ürək formasındakı bəzəkdir”.
Müsahibimiz deyir ki, satılanların nisbətən fərqli qiymətə olması müsbət haldır: “Hər malın öz alıcısı var. Şaxta babanın qiyməti ölçüsünə görə 3 manatdan başlayır 100 manata qədər dəyişir. Zərlərin qiyməti isə 50 qəpikdən başlayır 3 manata qədər təklif olunur. “Yolka”nın üzərini bəzəmək üçün satılan oyuncaqlar böyüklüyünə və sayına görə fərqli qiymətə satılır. Qutuda 6, 8 və 24 dənəli olan oyuncaqların qiyməti 2-8 manat arasında dəyişir. Şaxta baba papağı isə 3 manatadır”.
Çadırlar arasında fərqli qiymətlərin olduğu diqqətdən qaçmır. Başqa bir çadırda hündürlüyü 60 santımetr olan ən ucuz şam ağacının qiyməti 4 manata təklif olunur. Hündürlüyü 1,80 santımetr olan ən bahalı şam ağacı isə 160 manata satışa çıxarılıb. Şaxta baba papağı 5manatadır. Alıcılar da bu qiymət müxtəlifliyinin fərqindədirlər.
Alıcı deyir ki, bir Şaxta baba papağını 3 manata aldığı halda yan çadıra eyni məhsul, eyni ölkə istehsalı olan papaq 5 manata satılır. Satıcılar bunun səbəbini açıqlamırlar.
Satıcılar Yeni il atributlarının və bəzək əşyalarının digər satış məntəqələrindən daha ucuz olduğunu desə də, bu fikirlə razılaşmayan alıcılar da var.
Başqa bir alıcı isə deyir: “Məndən olsa, heç nə almaram. Sadəcə uşaqlara görə nəsə etmək məcburiyyətində qalırsan”.
Alış-verişini çadırların birindən edən başqa bir müştəri isə qiymətlərin yüksək olmasından şikayətlənir: “Satıcılar heç endirim eləmirlər. 35 manata şam ağacı almışam, cəmi 1 manat endirim ediblər. “Yolka”nın bəzədilməsi üçün iki-üç dənə oyuncağa isə 18 manat ödədim. Cəmi 53 manat xərclədim. Ötən ilə müqayisədə bu il hər şey çox bahalaşıb. Türklər demiş, kimin evində duru yağ varsa, çox imkanlıdır...”
Yarmadakı qiymətlərdən qane olanlar da var.
Başqa bir alıcıya görə, bəzi mallar üzrə 5-10 manat endirim edirlər: “Bir sözlə, yarmarkada hər kəs büdcəsinə uyğun nəsə tapa bilər”.
Qeyd edək ki, metronun 28 may, Gənclik, Nəriman Nərimanov, Koroğlu, Neftçilər, İnşaatçılar və Azadlıq stansiyalarının yaxınlığında qurulan çadırlar bayram günləri bitənə kimi fəaliyyət göstərəcək.