Bu ölkədə ictimai nəqliyyatda gediş haqqı 30 qəpikdən başlayaraq hesablanır. Şəhər və qəsəbələrarası marşurut xətlərində isə bu qiymət artan tariflə dəyişə bilir. Doğrudur, Azərbaycanda ictimai nəqliyyatdan istifadədə gediş haqqı digər ölkələrlə müqayisədə aşağıdır. Amma nəzərə alsaq ki, ölkə əhalisinin üçdə birinin yaşadığı paytaxtda əsas nəqliyyat vasitəsi metro və avtobusdur, əhaliyə görə, bu qiymətlər yüksəkdir.
Teleqraf.com xəbər verir ki, gündəlik olaraq minlərlə insanın istifadə etdiyi ictimai nəqliyyatda bir qrup şəxslərə güzəştlər tətbiq olunur. Bəs bu güzəştlərin kimlərə tətbiq edildiyindən xəbərdarıqmı?
“Bakı Metropoliteni” QSC-də gediş haqqı güzəştləri
Sərnişinlərin Bakı Metropolitenindən gediş haqqı ödəmədən istifadə etməsi müvafiq hüquqi normativ sənədlərlə tənzimlənir. Nazirlər Kabinetinin təsdiq etdiyi qərara əsasən, Bakı metropolitenindən 7 yaşına qədər uşaqlar ödənişsiz istifadə edə bilər.
Bundan əlavə, “Polis haqqında” qanuna uyğun olaraq xidməti vəzifəsinin icrası zamanı polis orqanları əməkdaşları və “Hərbi qulluqçuların statusu haqqında” qanuna uyğun olaraq müddətli həqiqi hərbi xidmət qulluqçularının metrodan ödənişsiz istifadəsi üçün güzəştlər nəzərdə tutulur.
Həmçinin, sadalanan güzəştlər Bakı Metropoliteninin əməkdaşları üçün də keçərlidir. Bütün bu kateqoriyadan olan sərnişinlərin güzəştlərdən yararlanmaq üçün müvafiq sənədi açıq şəkildə metropolitenində nəzarətçiyə göstərməsi tələb olunur.
Avtobuslarda gediş haqqı güzəştləri
Metrodan istifadə zamanı 7 yaşadək uşaqlar gediş haqqından azad olsa da, avtobuslarda bu qayda dəyişir. Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydalarına əsasən Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında 5 yaşadək uşaqlar ödənişsiz istifadə edə bilərlər.
“Polis haqqında” Qanunun 38-ci maddəsinin 4-cü bəndinə əsasən, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları ölkə ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər.
“Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən müddətli həqiqi hərbi xidmət qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edə bilərlər.
Bəs bu güzəştlərin aid olduğu kateqoriyalar artırıla bilərmi?
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa Teleqraf.com-a açıqlamasında bildirib ki, xarici ölkələrdə bir çox kateqoriyalar üzrə ictimai nəqliyyatdan istifadə zamanı gediş haqqında güzəştlər tətbiq olsunsa da, Azərbaycanda bunun tətbiqinə ehtiyac yoxdur. Millət vəkili hesab edir ki, əlavə güzəştlər nəqliyyatda problemlərin yaranmasına gətirib çıxarır:
“Ölkəmizdə hərbçilər, polislər və digər peşə sahibləri üçün müəyyən güzəştlər tətbiq olunur. Əvvəllər müharibə veteranları üçün bu güzəştlər nəzərdə tutulurdu, indi isə birbaşa olaraq büdəcədən onların pensiyaları artırılaraq bu xərclər ödənilir. Bu baxımdan, əlavə güzəştlərə ehtiyac görmürəm. Kimi pulu ödəmir, kimi güzəştlərdə sui-istifadə edir. Ona görə də bu güzəştlərin əvəzinə pensiya təminatını artıraraq bir qrup insanlara güzəştlər etmək lazımdır. Əks halda hər kəsə imtiyaz versək, bu genişlənəcək və sonra bunun qarşısını almaq, nəqliyyatın fəaliyyətini stimullaşdırmaq mümkün olmayacaq.
O baxımdan indiki kateqoriyalar üzrə güzəştlərin tətbiq olunması normaldır. Hesab edirəm ki, bu istiqamətdə işlər davam etməlidir ki, yaddan çıxan kateqoriyalara da güzəştlər tətbiq edilsin”.
Bəs tələbələr?
Millət vəkilinin sözlərinə görə, tələbələrin də ictimai nəqliyyatdan istifadəsində gediş haqqı güzəştlərini təqaüddə nəzərədə tutmaq olar: “Təqaüdü artırmaqla tələbələrin bu istiqamətdə xərclərinin ödənməsi daha məqsədəuyğundur. Tələbələrə əvvəl yarı bilet kimi güzəşt tətbiq edilirdi, amma sui-istifadə halları aşkarlandı. Ona görə də nəqliyyat xərclərini təqaüddə əks etdirmək daha məqsədəuyğundur”.
“İctimai nəqliyyat insanlar üçün əzab yerinə çevrilib”
Fazil Mustafanın fikrincə, ictimai nəqliyyatdakı hazırkı qiymətlər yüksəkdir: “İnsanlar sıxıntı içindədirlər. Bizdə alternativ nəqliyyat sahələri az olduğu üçün, insanların avtobus və ya metrodan başqa seçimi yoxdur. Bu gün insanlar ictimai nəqliyyatdan istifadə edərkən çox əziyyət çəkirlər. Yollar tıxac, avtobuslarda yer yoxdur. Bu gün ictimai nəqliyyat insanlar üçün əzab yerinə çevrilib. Bunun qarşısını almaq üçün yol infrastrukturunu düzgün qurmaq lazım idi, amma artıq gecdir.
Bu gün rayon və qəsəbələrdə bələdiyyələr inkişaf etməlidir. Bələdiyyələr nəqliyyata nəzarət edib, bölgənin sıxıntılarını bilməlidir. Ona görə də boşluqlar doldurulmalıdır. Bələdiyyə yoxdursa, bunu inkişaf etdirmək çətindir. Tıxaca ölkədə kim nəzarət edir? Heç kim. Fikrimcə, bu məsələdə irəliləyiş əldə etmək çox çətindir.
Bütövlükdə, əmək haqları, pensiyalar artmalıdır ki, ictimai nəqliyyat xərcləri insanlar üçün yükə çevrilməsin”.