19 Dekabr 2021 14:39
1 484
12 Punto 14 Punto 16 Punto 18 Punto

1920-ci ildə Rusiyanın Azərbaycanı işğal etməsindən sonra gizli şəkildə fəaliyyət göstərən “İstiqlal” qəzeti xaricində bütün milli mətbuat ləğv edildi. “İstiqlal” mətbəəsinin ələ keçməsindən sonra bolşeviklər bütün mətbuatı nəzarət altına aldılar. Amma buna baxmayaraq mühacirətə gedən siyasi xadimlərin, mühərrirlərin çıxardıqları qəzet və jurnallar İran yolu vasitəsilə Azərbaycana daxil olur, gizli şəkildə oxunulurdu. Xüsusilə Məhəmmədəmin Rəsulzadənin çap etdiyi “Yeni Kafkasya” jurnalı rusları uzun müddət məşğul etmişdi.

Rəsulzadə İstanbula gəldikdən sonra pərakəndə halda fəaliyyət göstərən mühacirləri bir araya topladı, mübarizəni həm də mətbuat üzərindən qurdu. Bu illərdə o, İstanbulda “Yeni Kafkasya”, “Azəri Türk”, “Odlu Yurd” kimi mətbu orqanlar nəşr etdi. Ardınca Avropada “Bildiriş”, “Qurtuluş” kimi qəzet və jurnallar çap edərək mübarizəsini davam etdirdi.

Mühacirət mətbuatında ən çox yazısı dərc olunan mühacir isə Mirzəbala Məhəmmədzadə olub. Mirzəbala bəy mühacir mətbuatında saysız-hesabsız yazılar dərc etməklə bərabər həm də ilk dəfə olaraq mühacirət mətbuatı haqqında geniş bir məqalə də yazıb. “Yeni Kafkasya” jurnalının çıxmasının 30 illiyi münasibətilə qələmə aldığı “Azərbaycan mühacirlik mətbuatının 30 illiyi” adlı məqaləsində Məhəmmədzadə bu dövrü ümumiləşdirərək təsvir edib.

Azərbaycan mətbuat tarixi üçün önəmli olan bu məqaləni iki hissədə təqdim edirik.

***

Mirzəbala Məhəmmədzadə

Azərbaycan mühacirlik mətbuatının 30 illiyi

(1923-1953)

Tarixinin 78-ci ilində olan milli Azərbaycan mətbuatı Vətən hüdudları xaricindəki davamının 30-cu ildönümünü idrak edir. Bundan 78 il öncə - 1875-ci ilin avqustunda Həsən bəy Məlikzadə Zərdablı tərəfindən təsis olunan “Əkinçi” qəzeti ilə Azərbaycan mətbuatının təməli qoyulmuşdu. 1923-cü ilin 26 sentyabrında Məhəmmədəmin bəy Rəsulzadə tərəfindən İstanbulda təsis olunan “Yeni Qafqasiyə” dərgisi ilə də azad Azərbaycan milli mətbuatının mühacirətdə təməlləri qurulmuşdur. Milli şüurun doğulmasında, inkişafında və gerçəkləşən bir ideal halında milli bir günəş kimi parıldamasında böyük bir rol oynayan Azərbaycan milli mətbuatı Çar səltənəti dövründə istiqlal çağına çatana qədər çox çətin bir yol qət etmişdi. Bu çətin yolda milli idealı poladlaşan bir iradə ilə və müvəffəqiyyətlə təmsil edən milli mətbuat müstəvli rus idarəsini əndişəyə salmışdı. Üç il zərfində yalnız 55 nüsxə intişar etmiş olan “Əkinçi” qəzeti 1877-ci ildə Rus-Türk müharibəsi dolayısı ilə qapadılmışdı. 1879-dan 1891-ci ilə qədər Səid və Cəlal Ünsizadə qardaşları tərəfindən çıxarılan “Ziya”, “Ziyayi-Qafqasiyə” və “Kəşkül” qəzet və jurnalları da tətil etdirildikdən sonra Azərbaycan 1903-cü ilə qədər, 13-14 il qəzetsiz qalmışdı. 1903-dən 1904-cü ilə qədər davam edən və Məhəmməd ağa Şahtaxtlı tərəfindən çıxarılan “Şərqi-Rus” adlı türkcə ilk yövmi qəzeti 1905-ci il inqilabının təmin etdiyi nisbi hürriyyət sayəsində günlük “Həyat”, “İrşad” və “Tərəqqi” qəzetləri ilə “Füyuzat”, “Dəbistan” və “Molla Nəsrəddin” kimi ədəbi, elmi, əxlaqi, tərbiyəvi və mizahi jurnallar təqib etdi. Azərbaycanın ədəbiyyat, mətbuat və fikir həyatında bir dövr açan bu mətbuların başında Əlimərdan Topçubaşı, Əli Hüseynzadə, Əhməd Ağaoğlu və Cəlil Məhəmmədquluzadə bəylər kimi şəxsiyyətlər dayanırdı. Böyük şairimiz Mirzə Ələkbər Sabir də “Molla Nəsrəddin”də yetişmişdi.

Onları “Rəhbər” və “Bəhlul” (1906), “Təkamül” (1907), “Təzə həyat” (1907-1908), “İttifaq” (1908-1909), “Zənbur” (1909-1910), “Səda”, “Sədayi-vətən”, “Sədayi-haqq”, “Sədayi-Qafqaz” (1908-1916), “Həqiqət”, “Günəş”, “Yeni həqiqət”, “Məlumat”, “Yeni irşad”, “Yeni füyuzat”, “Hilal”, “Nicat”, “İqbal”, “Yeni iqbal” (1909-1917) kimi gündəlik qəzet, ədəbi və mizahi jurnallar təqib etdi.

İstiqlala təqəddüm edən illərdə yuxarıdakılardan başqa mətbuat aləmində mühüm yer işğal edən qəzetlərdən Məhəmmədəmin bəy Rəsulzadənin yayınladığı “Açıq söz” (1915-1918) bilxassə qeydə şayandır. “Açıq söz” istiqlal mübarizəsinin ələmdarı idi. Bu səbəblədir ki 1918-ci il qətliamı əsnasında bolşeviklər bu qəzetin idarəxana və mətbəssini də yandırmışdılar. Həftəlik “Bəsirət” (1914-1920) bu dövrdə davam etmişdir. Osmanlı ədəbi türkcəsi ilə çıxan və bu etibarla Əli bəy Hüseynzadənin “Füyuzat” ilə təsis etdiyi ənənəni davam etdirən “Şəlalə” (1913-1914), milliyyət prinsiplərini yayan “Dirilik” (1914-1916), elmi, ədəbi və tərbiyəvi “Məktəb” (1911-1920) və eyni xarakterdə olan “Qurtuluş” dərgiləri böyük bir oxucu mühitinə malik idilər. Başda “Molla Nəsrəddin” (1906-1920) olmaqla “Tuti”, “Babayi-Əmir” və “Məzəli” kimi mizah və tənqid jurnalları çıxırdı.

Qısa bir infisaldan sonra milli Azərbaycan mətbuatı istiqlal dövründə yenidən bu orqanlara daha malikdi: günlük siyasi və ədəbi “Azərbaycan” (1918-1920) qəzeti, “Azərbaycan hökumətinin əxbarı” (1918-1920), “İttihad” (İttihadi-İslam partiyasının orqanı), “El” (Əhrar partiyasının orqanı), “Doğru yol” (menşevik sosialistlərin orqanı), “Xalqçı” (Azərbaycan xalqçı sosialistlər partiyasının orqanı), “Al bayraq” (Müstəqil sosialistlərin orqanı), “Xalq sözü” (Müstəqil milliyyətçi mühərrirlərin orqanı), “Övraqi-Nəfisə” (sənət jurnalı), “Zəhmət həyatı” və “Qurtuluş yolu” (kooperativçilərin jurnalı), “Mədəniyyət məcmuəsi” (milliyyətçi münəvvərlərin dərgisi), “Müsavat” (Müsavat partiyasının orqanı) və “İstiqlal” (eyni partiyanın orqanı).

***

Fikir, qənaət və vicdan hürriyyətinin də bir tablosu olan yuxarıdakı sətirlər Azərbaycan istiqlalı dövründə hakim olan hürriyyət tələqqisinin bir vəsiqəsi də sayıla bilər. 27 aprel 1920 tarixində baş verən qırmızı rus istilası bütün insani və milli haqq və hürriyyətlərlə bərabər azad mətbuata da nəhayət vermişdi. Qırmızı rus istilası Azərbaycan xalqını yalnız istiqlaldan deyil, azad və sərbəst milli mətbuatından da məhrum etmişdi. Yuxarıda adlarını sıraladığımız və istər istiqlala təqəddüm edən dövrdən intiqal etmiş, istərsə də istiqlal dövründə intişara başlamış qəzet və jurnallardan yalnız “İstiqlal”dır ki 1923-cü ilə qədər mövcudiyyətini mühafizə edə bilmişdi. Fəqət bu “yeraltı həyata” keçmək və gizli mətbəələrdə təb edilmək surəti ilə mümkün ola bilmişdi. 1923-cü ilin oktyabr ayında bir təsadüf əsəri olaraq kəşf olunan “müsavatçılar mətbəəsində” “İstiqlal” qəzetinin üç ildən bəri nəşr olunmaqda davam etdiyini heyrət içində görmüşdülər. “İstiqlal”ın ələ keçən nüsxələri məhv, makinaları təxrib, mürəttibləri də Sibirə sürgün edilmişdi. Fəqət müstəvlilərin nəşəsi uzun sürməmişdi. 26 sentyabr 1923-cü il tarixində İstanbulda intişara başlayan “Yeni Qafqasiyə” Bakıda əldən-ələ dolaşır və demək olar ki, açıq bir surətdə oxunurdu. Azərbaycan mətbuatı tarixində “mühacirlik dövrü” kimi yeni bir mərhələ başlamışdı. İstila altında inləyən müztərib vətənin fəryadlarını əks etdirən bu azad səs bolşeviklərin yuxusunu qaçırırdı. Tiflisdə intişar edən “Yeni fikir” qəzeti “Yeni Qafqasiyə”nin ilk sayındakı yazılara ən kiçik hadisələrə varıncaya qədər bir-bir cavab vermək ehtiyacını duymuşdu. “Yeni Qafqasiyə”dən az öncə Məhəmmədəmin bəy Rəsulzadənin İstanbulda basılmış “Azərbaycan Cümhuriyyəti. Keyfiyyəti təşəkkülü və şimdiki vəziyyəti” adlı əsəri də müstəvli qüvvətlərin satılmış uşaqları tərəfindən eyni hiddətlə qarşılanmışdı. Bakıda intişar edən türkcə “Kommunist” və rusca “Bakinski raboçi” ilə Tiflisdə çıxan türkcə “Yeni fikir” və rusca “Zarya vostoka” qəzetləri Rəsulzadənin sözlərini çürütmək üçün səhifələr dolusu yazılar yazmışdılar. Bu məsələ ilə Azərbaycan Kommunist Firqəsi də məşğul olmuş, Bakı kommunistlərinin 12-ci qurultayında oxunan raport üzərinə Qafqazın o zamankı direktoru Orconokidze dəxi söz olaraq söylədiyi uzun bir nitqində demişdi ki: “Müsavatçılar bolşeviklərin milliyyət məsələsində tətbiq elədikləri siyasəti Şərq millətləri nəzərində etibardan salmaq istəyirlər. Onlar isbat etmək istəyirlər ki, bu gün müstəqil bir Azərbaycan yoxdur, Azərbaycanı idarə edənlər ruslardır. Rəsulzadənin kitabı çantamdadır. Burada müəllif bütün diqqətini bir şeyi isbata həsr edir və deyir ki: Əvvəlcə Azərbaycan üçün Denikin təhlükəsi vardı, indi də Lenin təhlükəsi vardır”.

Ogünkü şərtlər daxilində bolşevik propaqanda və fəaliyyəti üçün müsaid bir zəmin təşkil edən müsəlman şərqi “Yeni Qafqasiyə”nin davamlı nəşriyyatı sayəsində qırmızı romantizm xəstəliyindən qurtulmağa müvəffəq olmuşdu. Bolşeviklərin imperialist kimliklərini bütün çılpaqlığı ilə meydana çıxaran bu azad mətbuatın qırmızı müstəvliləri nə qədər narahat etdiyi, nəşriyyat ilə müqabilə etməklə iktifa etməyib rəsmi protestlərə baş vurmaları ilə də sabitdir. Yalnız azərbaycanlıların deyil bütün əsir türklərin, bilxassə Qafqaz millətləri ilə türk və müsəlman ellərinin həyat və mücadiləsini əks etdirən “Yeni Qafqasiyə” ilə başlayan milli nəşriyyat milli istiqlal savaşımızın tarixi sənədləri olaraq qalacaq və istiqbalın nəsilləri millətimizin qırmızı rus istilası altındakı iztirab və mücadiləsini bu sənədlərdən öyrənəcəkdirlər. Xaricdə və daxildə qüvvətlə müəssir olan bu azad “Yeni Qafqasiyə”, eyni zamanda Şərqin və Qərbin dörd bir tərəfinə yayılan Azərbaycan mühacirliyinin bir fikir mərkəzi halına gəlmiş və istiqlalçı milli ədəbiyyatın gəlişməsinin təminində dəxi mühüm bir rol oynamışdır. İstiqlalın atəşin şairi Gültəkin bu dərgidə parıldamışdı.

(Ardı olacaq)


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər