22 Dekabr 2021 15:03
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 virusunun omikron variantı dünyada sürətlə yayılmaqdadır. Ötən gün Ümumdünya Səhiyyə Təşkilatı bir daha yeni virusun delta ilə müqayisədə daha sürətlə yayıldığını elan etdi. Bəs bu virus nə qədər təhlükəlidir? Təlaşlanmağa ehtiyac varmı?

Mövzu ilə bağlı Teleqraf.com-un suallarını infeksionist Nicat Əzimli cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Doktor, COVID-19-un omikron ştammı bir çox ölkələrə yayılıb. Bu mutasiyanın digərləri ilə müqayisədə fərqi nədir? Onun hansı əlamətləri var?

- Omikron variantı COVID-19 xəstəliyinin törədicisidir. Bu variantın digərlərindən fərqi mutasiyalarının daha çox olmasıdır. Virusun proteinləri üzərində 80-dən çox mutasiya var. Xəstəliyin mexanizmində əsas rol oynayan spayk proteininin üzərində bu mutasiyalardan 32-si mövcuddur. Bu isə özlüyündə xəstəliyin gedişatında, yoluxma xüsusiyyətlərində köklü dəyişikliklərə səbəb olub, yoluxma sürəti dəfələrlə artıb.

Xəstəliyin patogenizində də dəyişikliklər qeydə alınıb. Məsələn, məlumatlarda qeyd olunur ki, virusun replikasiyası ağ ciyərlərdə delta variantı ilə müqayisədə 10 dəfə daha zəif olsa da, yuxarı tənəffüs yollarında delta varyiantından 70 dəfə sürətlidir. Bu o deməkdir ki, virus ağciyərlərdə 10 dəfə zəif sürətlə yayılır, amma yuxarı tənəffüs yollarında bu proses 70 dəfə daha sürətlidir.

Omikron variantı digər respirator infeksiyaları - qrip kimi burun-boğazda daha çox yer alır, bu da variantın daha çox yoluxmasına təsir edən amillərin biridir. Burada əsas məsələ xəstəliyin yoluxma xüsusiyyətini artıran ilkin faktor - spayk proteinində olan 32 ədəd mutasiyadır. Bunlar virusun hüceyrəyə yapışaraq daxil olmasını asanlaşdırır.
İkinci məqam isə yuxarı tənəffüs yollarında virusun çoxalma sürətinin artmasıdır. Belə olan halda xəstədə yuxarı tənəffüs yollarında ifrazat daha çox olur. Bu zaman xəstənin nəfəsində virusla zəngin partikulların sayı çoxalır. Bu partikullar daha yüksək virus yükünə malik olduğuna görə yoluxmuş şəxs qarşıdakı insanı asanlıqla yoluxdurur.

- Daha əvvəl COVID-19-un Britaniya variantı, delta variantı kimi növləri qeydə alındı. Sizcə, bu variantın Cənubi Afrikada qeydə alınmasının səbəbi nədir? Regiondakı vaksinasiya göstəricisinin buna təsiri varmı?

- Omikron variantının Cənubi Afrikada qeydə alınması o demək deyil ki, virus Afrikada əmələ gəlib. Virusun bu qədər mutasiyalarının olması özlüyündə şübhə yaradır, onun mütləq sələfləri olmalıdır. Aşkarlanan variantla özündən əvvəlki variantlar arasında oxşarlıq olmalıdır. 80-dən çox fərqli mutasiya ilə virusun ortaya çıxması gedişatı şübhə altına alır.
Bəli, virus qeydə alındı, bəs sələfləri haradadır? Həmin mutasiyaların əksər hissəsi aşkarlanan başqa bir variant da qeydə alınmalı idi. Bu, mərhələli gedən prosesdir və iki ehtimalı ortaya çıxarır. Birincisi, insandakı COVID-in hər hansı variantı heyvan populyasiyasına yoluxub və heyvan populyasiyasında çoxalaraq, dəfələrlə mutasiya keçirərək sonda bu variant ortaya çıxıb. Yenidən insana yoluxaraq insanlar arasında yayılmağa başlayıb.
İkinci ehtimala görə, bu, hər hansı laboratoriyada xüsusi presedur nəticəsində hazırlanıb, süni yolla yayılıb. Bu, qeyri-mümkün görünür və çətin prosesdir. Fikrimcə, bu haqda düşünmək məntiqli deyil. Bunun heyvandan insana keçməsi daha real görünür.

- Yeni mutasiyanı PCR testi ilə aşkar etmək mümkündürmü?

- Virusa yoluxmanı müəyyən etmək üçün PCR testləri aparılır. Virusun mutantlarının genetikasını, ona məxsus olan hissəcikləri aşkarlamaq molekulyar-genetik üsulla mümkündür. Amma hər bir xəstələnən şəxsdə bunu etmək əlverişli deyil.

- Sizcə, bu variantda üçüncü doza vaksinin vacibliyi nə qədərdir? Bəzi mənbələrdə omikronun peyvənd effektivliyini 25 faiz azaltdığı qeyd olunur.

- Pfizer vaksini delta variantı üzərində effektivliyini qismən itirdi. Effektivliyini azaldığı üçün məlum oldu ki, bir doza pfizer vaksini olunmuş şəxslər delta variantına yoluxarsa, xəstəliyin gedişatında heç bir yüngülləşmə və yaxud qorunma təminatı verilmir. İki doza pfizer vaksini olunmuş şəxslər delta variantına yoluxan zaman xəstəliyin ən ağır dərəcəsindən qorunmuş olur.
Yəni, pfizer 2 doza almış şəxs delta variantından qorunurdu. Amma omikrona yoluxma zamanı pfizer vaksini olunmuş şəxslər 40 dəfə daha zəif qorunur. Bu, vaksin üçün çox aşağı effektdir.
Tədqiqatlar nəticəsində məlum olub ki, iki doza yox, üç doza pfizer vaksin olunmuş şəxs delta virusuna qarşı yaranmış qoruyuculuqla müqayisədə omikron variantında 25 dəfə daha zəif qorunmuş olur. Lakin bu göstərici 25 dəfə daha zəif olsa belə, peyvənd omikron variantının yarada biləcəyi xəstəliyin ağır formasından qorumuş olur.
Bu o deməkdir ki, omikron variantından bizi qoruyacaq vaksin pfizerdir və 2 doza kifayətli deyil, üçüncü doza pfizer vaksini qoruyucudur.

- Virusa yoluxub, immunitet qazanan şəxslər var. Yeni variant onlara necə təsir göstərəcək?

- İnsanlarda yanlış fikir var idi ki, təbii immunitet daha güclü ola bilər. Amma tədqiqatlar göstərdi ki, pfizer vaksininin yaratdığı immunitet təbii immunitetdən 5 dəfə güclüdür. Ona görə də peyvənd olunmaq mütləqdir, xəstə sağalmış olsa belə, onun peyvənd olunması vacibdir.

- Əvvəllər də deyirdilər ki, pfizer vaksini peyvəndlər arasında ən effektlisidir. Lakin sizin də qeyd etdiyiniz kimi artıq virusun yeni variantları peyvəndlərin təsirini azaldır. Necə düşünürsünüz, peyvəndlərin yenidən nəzərdən keçirilməsinə ehtiyac varmı?

- Omikron qeydə alınan kimi bütün şirkətlər tədqiqatlar aparmağa başladılar. Elan etdilər ki, omikrona özəl vaksinlər istehsal olunacaq. Bu, bir neçə həftə vaxt ala bilər. Lakin bu, önəmli deyil.
Əgər 3 doza pfizerlə qoruyuculuğu əldə edə biliriksə, nəyə görə spesifik vaksin istehsal olunsun? Hər kəs üçüncü doza vaksin olunsa, qoruyuculuq təmin edilə bilər.

- Payızda alimlər virusun yaz fəslində sonlanacağını proqnozlaşdırırdılar. Lakin yeni variantlar aşkarlandı. Sizcə, yeni ştamm pandemiyanın gedişatına necə təsir göstərəcək?

- Fikrimcə, omikron variantı pandemiyanın sonlanmasına daha çox kömək olacaq. Bu variant özünü daha çox yuxarı tənəffüs yollarında göstərir, yoluxuculuğu çox sürətlidir, xəstəliyin ölümcüllüyü azalır, bu amillər isə kütləvi immunitetin yaranmasına, vaksinsiz şəxslərin xəstəliyi tez keçirib, insanların fəsadsız şəkildə sağalaraq təbii immunitet qazanmasına və nəticə olaraq epidemik vəziyyətin yaxşılaşmasına səbəb olacaq.
Hesab edirəm ki, omikron variantının bir neçə dalğasından sonra pandemik vəziyyətin sonu ola bilər.

- Yaxınlarda Gürcüstanda virusun omikron variantına yoluxma qeydə alındı. Sizcə, onun bizim ölkəyə gəlmə ehtimalı nə dərəcədədir?

- Rəsmi məlumatlarda Azərbaycanda omikron varinatına yoluxmanın olmadığı deyilir. Lakin arxayın ola bilmərik. Hesab edirəm ki, ölkəmizdə sadəcə bunu aşkarlamamışıq.
Türkiyədə ötən həftə omikron variantına 6 yoluxma aşkarlanıb, təbii ki, bu, sadəcə aşkarlanan haldır. Nəzərə alsaq ki, həmin insanlar Türkiyəyə gəlib, nə qədər insanla kontaktda olublar, təbii ki, aşkarlana bilməyən xəstəlik halları da mövcuddur. Buna görə də, virusun Azərbaycanda aşkarlanma ehtimalı çox yüksəkdir.

- Təlaşlanmağımıza ehtiyac varmı?

- Xeyr. Delta variantı daha qorxulu idi, omikronda isə təhlükə nisbəti azdır. Doğrudur, omikron ağciyərlərdə zədələnməyə səbəb olur və bu səbəbdən virusa ciddi yanaşılmalı və diqqətə alınmalıdır. Tədbir görülməli, maska taxılmalıdır, peyvənd olunmalıdır.
Omikrona yoluxan hər hansı şəxs ölə də bilər. Omikronun ağırlaşma halları xüsusilə gənc şəxslərdə daha çox müşahidə olunur. Ümumən ağırlaşmalar delta variantına nisbətən daha az olsa da, bu da ciddi virusdur. Müsbət tərəfi odur ki, gedişat pandemiyanın sonlanmasına işarədir.


Müəllif: Aysel Azad