18 Noyabr 2014 16:35
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edib.

Teleqraf.com nazirliyin saytına istinadla xəbər verir ki, Qafqaz Universiteti ilə əməkdaşlıq çərçivəsində gerçəkləşdiriləcək təlimlərdə məqsəd müasir idarəetmə bilik və bacarığa yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorları yetişdirmək və təkmilləşdirməkdən ibarətdir.

Təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən təhsil işçilərini əhatə edəcək.

Müsabiqədə iştirak üçün minimum tələblər: ali pedaqoji təhsil və 5 (beş) il pedaqoji iş təcrübəsidir. Namizədlərdən gözlənilən digər keyfiyyətlər: liderlik bacarığı, yüksək motivasiyalılıq, səmərəli qərar qəbuletmə bacarığı, nəticəyönümlülük, İKT-dən istifadə bacarığı, məntiqi düşüncə bacarığı.

Qeyd edilmiş tələblərə uyğun gələn namizədlər əlavə edilmiş ərizə formasını dolduraraq [email protected] , [email protected] elektron poçt ünvanlarına göndərməlidirlər.
Müraciət üçün son tarix 30 noyabr 2014-сü ildir.

Qeyd edək ki, bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.
Təlimlər 2015-ci ilin yanvar – aprel (3 ay) tarixlərini əhatə edəcək.

Dərslər gündə 4 saat (həftəlik 16 saat) olmaqla, həftənin 4 günü təşkil ediləcək. Təlimlərin günortadan sonra keçirilməsi planlaşdırılır.

Təlimdə əhatə ediləcək mövzular: Təhsildə keyfiyyətin idarə edilməsi; təhsili idarəetmənin hüquqi əsasları; kompüter və təlim texnologiyaları; təhsildə statistika və təhlil; təhsilin idarə edilməsi və monitorinqi; təhsili idarəetmənin psixoloji əsasları; kurikulum: nəzəriyyə və tətbiq, təhsildə maliyyənin idarə olunması.

Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək.

SEVİL


Müəllif:

Oxşar xəbərlər