30 Dekabr 2021 15:13
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun vəkilləri Cavad Cavadov, Valeh Mehraliyev, Cəlil Mirzəyev və Adəm Məmmədov tərəfindən Prezident İlham Əliyevə müraciət olunub.

Teleqraf.com xəbər verir ki, müraciətdə deyilir:

“Hüquqlarını müdafiə etdiyimiz keçmiş səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb və artıq məhkəmə çıxışları mərhələsidir. Məhkəmənin əvvəlindən Eldar Həsənov iclasların qapalı keçirilməsini israrla xahiş etsə də, hakimlər bunu təmin etməyiblər və bu səbəbdən məhkəmədə baş verənlər mətbuatda geniş yayılıb. İstintaq orqanının irəli sürdüyü bütün ittihamlar məhkəmədə tamamilə dağılıb, onun əleyhinə heç bir şahid ifadə verməyib, yaxud istintaq vaxtı verdiyi ifadələrinin müstəntiqin diqtəsi ilə yazdıqlarını bildiriblər, həmin ifadələrdən imtina ediblər”.

Müraciətdə həmçinin qeyd olunub ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun beynəlxalq tapşırığı əsasında 6 aya yaxın müddətdə araşdırmalarda, dindirmələrdə Eldar Həsənovun əleyhinə bircə sübut, dəlil aşkar olunmayıb:

“4 ay davam edən məhkəmədə müdafiə tərəfinin verdiyi 74 yazılı və şifahi vəsatətlərin hamısı əsaslandırılma olmadan rədd edilib. 27 yanvar tarixli iclasda isə məhkəmə tarixində görünməyən hadisə kimi verdiyimiz 20-dən artıq vəsatət kütləvi olaraq bir kəlmə əsaslandırma aparılmadan rədd edilib. Eldar Həsənovun yanına həkimlərin müayinə və tövsiyə üçün buraxılmasına, hətta onun laborator analizlərinin keçirilməsinə icazə verilməsinə dair vəsatətlər belə rədd olundu. İki aydan artıqdır ki, onun yanına israrla heç bir həkim buraxılmır”.

Vəkillər deyiblər ki, 13 yanvar 2021-ci il tarixli iclasda Eldar Həsənovun qəbul etdiyi gündəlik 31 dərman sayının azaldılması üçün hakimlərdən onların özlərinin tanıdığı həkimin təcridxanaya buraxılmasını xahiş edib:

“Hakimlər hətta buna da imtina veriblər. Bu məsələdə məhkəmə məsuliyyəti onun saxlanıldığı təcridxana müdriyyətinin üzərinə yıxmağa çalışılsa da, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun 22.6 maddəsində məhz məhkəmənin buna icazəsi tələb olunur. Eldar Həsənovda mövcud olan xəstəliklər paroksizmal pozision başgicəllənmə (vertiqo), xroniki gərginlik baş ağrısı, şəkərli diabet II tip, arterial hipertoniya, sağ tərəfli diskogen boyun radikulopaatiyası, diskogen lumbarikkulopatiya, servikal osteoxondroz, boyun və bel fəqərələrinin müxtəlif yırtıqları mövcuddur, yarımiflic vəziyyətindədir. Bu xəstəliklərlərlə bağlı onun üçün nəinki ambulator, ümumiyyətlə heç bir müalicə aparılmır.

Halbuki, Avropa İnsan Hüquqları Məhkəməsi 19 noyabr 2021-ci il tarixdə məhkəmə qaydalarının 39-cu maddəsinə əsasən müvəqqəti tədbir kimi üçüncü qərarında onun - ixtisaslı həkimlər tərəfindən müvafiq hesab edilən ambulator və ya stasionar şəraitdə ərizəçinin həbsdə saxlanma yerində hər bir zəruri və adekvat tibbi müalicə ilə təmin olunmasını təmin etmələri qərara alınıb.

Ümumiyyətlə adi, elementar müalicənin Avropa İnsan Hüquqları Məhkəməsi vasitəsi ilə tələb edilməsi məcburiyyətdən irəli gəlib və bəzi məmurlarımızın Eldar Həsənova qarşı qərəzli münasibətinin nəticəsidir. O məhkəmədə dəfələrlə huşunun itirilməsi nəticəsində yıxılıb, məhkəmədən xərəkdə çıxarılıb, məhkəmə isə israrlı olaraq iclasları səhər saat 10:00 dan axşam saat 18:00-dək məhz həftədə iki dəfə aparıb. Bütün bunlar onun səhhətinin daha da ağırlaşmasına səbəb olub.

Çox təəssüflər olsun ki, prokurorluğun tam nəzarətində keçirilmiş məhkəmənin bu gedişindən biz müdafiə tərəfi olaraq hər hansı ədalətli qərar gözləmirik. Lakin Eldar Həsənovun 27 illik xidmətlərini nəzərə alaraq onun fiziki olaraq məhv edilməsinə yönəlmiş bu anti-humanist davranışının qarşısını almaq üçün Sizdən şəxsi müdaxilənizi xahiş edirik”.

Qeyd edək ki, Eldar Həsənovun işi üzrə məhkəmə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılır.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

İstintaq orqanı tərəfindən Eldar Həsənovun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Qeyd edək ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər