8 Yanvar 2022 09:38
9 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın “Şamaxinka” deyilən ərazisində özündə tarixi həqiqətləri yaşadan bir muzey var. Bu kiçik muzey şahid xatirələrini Qarabağdan gələcəyə daşımaq kimi böyük bir missiyanı öz üzərinə götürüb. Nəm divarlardan asılmış 950 şəhidin fotosunun hər birinin altında bir faciə yatır. Haqqında məlumat verilməsə, insan görüntülərin Xocalı soyqırımına aid olduğunu düşünər.

Söhbət “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyi və "Şəhidlər muzeyi"nin təsisçisi və direktoru Əlövsət Qasımovun öz təşəbbüsü ilə yaratdığı muzeydən gedir.

Teleqraf.com-un əməkdaşları muzeyə baş çəkib, muzeyin ərsəyə gətirilməsi, fəaliyyəti, eləcə də yaradıcısının döyüş yolu haqqında material hazırlayıb.

Əlövsət Qasımov 1960-cı il sentyabrın 13-də Qərbi Azərbaycanın Vedi rayonun Yengicə kəndində anadan olub. 1988-ci ildə erməni separatçılarının təqib və təzyiqlərindən sonra minlərlə soydaşımız kimi Qasımovlar ailəsi də öz doğma ata-baba yurdundan qaçqın düşüb, Tərtər rayonuna pənah gətirib.

Əlövsət Qasımov bir il Tərtərin Bəyimsarov kənd mədəniyyət evinin direktoru işləyib. Lakin Tərtərin Şıxarx qəsəbəsində (keçmiş Marquşavan) və Ağdərə istiqamətində gedən döyüşlər onu orduda könüllü döyüşməyə vadar edib: “1991-ci ildə ağır döyüşlər gedirdi. O vaxtlar nizamlı ordu yox idi, hamı könüllü xidmət edirdi. Belə bir pərakəndə döyüş vaxtı düşündüm ki, Naxçıvana getməliyəm. Muxtar Respublikanın Ali Məclisinin sədri Heydər Əliyevin birinci müavini Rəşid Həsənov məni Heydər Əliyevin kabinetinə apardı.

Söhbət əsnasında ona Qərbi Azərbaycandan olduğumu və Tərtərdə məskunlaşdığımı dedim. Bildirdim ki, rayonda olan elektromexanika zavodu böyük təhlükə altındadır, əgər zavod ermənilərin əlinə keçsə, ağır fəsadlar törədə bilər. Dedi ki, onun nə topu, nə də tüfəngi var. O, hələ ki Naxçıvan Ali Məclisinin sədri olduğunu vurğuladı və bildirdi ki, bəzi məsələlərin dövlət başçısı tərəfindən nizamlanması lazımdır. Bunu etməyə gücünün yetmədiyini də fikirlərinə əlavə etdi. Amma Heydər Əliyev bir çox köməkliklər etdi. Oradan Tərtərə qayıdıb zavodla bağlı aldığım bəzi tapşırıqlara əməl etdim.

Naxçıvanda Heydər Əliyevlə səkkiz dəfə görüşümüz olub. O, hansı tədbirdə olurdusa, oraya qatılırdım. Heydər Əliyev yaxın tərəfdaşlarından biri olan mərhum deputat, tarix elmləri doktoru, professor Səfiyar Musayev yas mərasimində diqqətlə mənə baxdı. Çox təəssüf ki, nə qədər istəsəm də, sonuncu dəfə ona yaxınlaşa bilmədim”.

Müsahibimiz deyir ki, daha sonra könüllü olaraq döyüşlərə qatılıb: “Goranboyun könüllü, eləcə də Tərtər-1 və Tərtər-2 batalyonları yaradıldı. Orada kimin necə, hansı qəhrəmanlıq göstərdiyinin fərqində deyildik. Adi avtomatlardan istifadə edərək döyüşürdük. Azərbaycanda hələ Milli Ordu yaranmazdan öncə polislərin böyük xidmətləri olub. Həmin döyüşlərdə minə yaxın polis işçisi şəhid oldu. Tərtərin ilk şəhidi Mehdiyev Qaçay Subay oğlu oldu.

1993-cü ildə qarşıya hədəf qoyduq ki, Xankəndini işğaldan azad edəcəyik. Təəssüf ki, buna nail ola bilmədik. Pərakəndə döyüş, hərbi təcrübəsizlik özünü göstərirdi, bəzən cəbhədə nəyin baş verdiyini özümüz də anlaya bilmirdik. Amma belə bir vəziyyətdə bəzi nailiyyətlər əldə etdik, Tərtər rayonu ərazisindən bir qarış da torpaq erməniyə vermədik”.

Rütbəsiz general

Əlövsət Qasımov daha çox “general Əli bəy” adı ilə tanınır. Ondan bunun tarixçəsini soruşduq: “General rütbəsi məndən çox şəhidlərin həyatını xilas etdi. Naxçıvanda Heydər Əliyevlə söhbət edəndə şikayətləndim ki, hərbi sahədəki vəziyyətlə bir nəfər general da maraqlanmır. Dedi, sənin özün elə ordu generalsan da...Beləliklə, general adı mənim üstümdə qaldı. Lazım olan qaydada bu addan istifadə edirdim.

O vaxt Azərbaycanın istənilən yerinə zəng vurub özümü “general Əli bəy” kimi təqdim edib vertolyot, maşın, təcili yardım göndərmələrini xahiş edirdim, göndərirdilər də. Təbii ki, Tərtərdən 950 şəhidi yola salmaq hər adama nəsib olmur. Çünki döyüş gedən ərazi olduğuna görə oraya minik maşınları nadir hallarda gəlir və yaxud heç gəlmirdi. Bu mənada general adının şəhidlərin daşınmasında köməyi dəyirdi.

1994-cü ilin sonuna qədər şəhidlərimizin və yaralılarımızın, həmçinin ölmüş ermənilərin üzərindən 1017 ədəd silah yığdım. Silahları əsasən Ağdərə, Ağdam və Goranboy rayonlarının ərazisindən topladım. Çünki hücum həmin istiqamətdə olduğu üçün yaralı və şəhidlər də əsasən o rayonlarda olurdu. Tərtərdə hərbi hospital yox idi. Mülki xəstəxanada yararlılar, şəhidlər qəbul edilirdi. Şəhidlərin kəfənlənməsində, yola salınmasında və maşınların təşkil olunmasında hər kəsin böyük zəhməti olub. Çətin günlər idi...

Zaman gələcək, hər şeyin üstü açılacaq. Bir də görürdün ki, könüllü döyüşçü batalyondan 5-10 dənə avtomat aparır. Bir nəfər də soruşmurdu ki, silahları hara aparırsan?! Sonra ulu öndərə bu haqda məruzə etdim, mənə dedi ki, nizamsız ordudur, belə şey ola bilməz, o silahlar qorunmalıdır və rəsmi sənədlə Azərbaycan ordusuna təhvil verilməlidir.

O vaxtı polislərlə mütəmadi əlaqə saxladım, yığdığım avtomatları hərbi hissələrdən birinin silah-sursat anbarına rəsmi sənədlərlə təhvil verməyə başladım. Sənədə möhür vurulmayana qədər silah vermirdim. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün həmin silahları təhvil verdiyimi sübutla göstərirəm”.

“Hər qəbrə nişan qoyurdum”

1996-cı ildən ordudan tərxis olunan döyüşçü Bakıya gəlir: “Əlimdə əsaslı arxivlər var idi. Naməlum şəhidlər Tərtər mülki qəbiristanlığında dəfn olunmuşdu və bunu məndən başqa bilən yox idi. Əlimdə olan foto və digər faktlarla başladım qəzetlər vasitəsilə xalqa müraciət etməyə ki, kimin itkini varsa, mənimlə əlaqə saxlasın. Demək olar ki, 6 il ərzində şəhid olanların əksəriyyətinin fotoları məndə vardı. Beləliklə əlimdə olan şəkillərlə qəbirləri açmağa başladım. Nəşi tabuta qoyub ailələrinə yola salırdım.

Meyitləri təyin etmək üçün ekspertizaya göndərmirdim. Çünki hansını harada dəfn etmişdimsə, ora nişan vururdum. Elə gün olurdu bir gündə 17 şəhid dəfn edirdim, 3 gün sonra onları çıxarırdım. Müharibə olan vaxt belə hallar çox olurdu. Meyitləri hospitalın həyətində saxlamaq mümkün deyildi. Bununla sırf məşğul olan adam da yox idi. Sadəcə, Heydər Əliyev mənə demişdi ki, müharibənin öz qanunları var, anaların, bacıların gözü yolda qalıb. Onların itkin, fərari və yaxud da əsir adı ilə axtarışa verilməməsi üçün meyitlərin hamısını ailələrinə çatdırmaq lazımdır”.

“Şəhidlər bir güllə ilə ölməyib”

Müharibənin ağır sınaqlarından çıxmış tarix-adam şəhidlərin bir güllə ilə ölmədiyin deyir: “Namərd ermənilər bəzən şəhidlərin nəşinin üzərində olmazın işgəncələr edib, onları yandırırdılar. Şəhidlər çox vaxt tanınmaz halda olurdu. Ermənilərin meyitləri nə məqsədlə yandırdıqlarının bir izahı var. Cəsədi yandıranda kömürləşir, nə qədər iyləsən də zərrə qədər onda qoxu olmur. Amma meyit açıqda qalanda dəhşətli dərəcədə qoxusu olur və onun xəstəlik yayma təhlükəsi çox olur. Bu xəstəliklərdən və üfunətdən qorunmaq üçün ermənilər şəhidlərimizi yandırmağı üstün bilirdi. Onu da qeyd edim ki, ermənilər tərəfindən yandırılan şəhidlərimiz çox olub.

Taktikasız, təlimsiz müharibə gedirdi. Öyrəndim ki, Azərbaycanda ən çox istixana Masallı rayonunda olur. Zəng etdim rayonun icra hakimiyyətinə, danışanın general Əli bəy olduğunu dedim və təcili polietilen örtüyün lazım olduğunu bildirdim. Çox keçmədi, onlar döyüş bölgəsinə xeyli polietilen salafan göndərdilər. Bu yardım bəlkə də o dövrdə böyük bir xəstəliyin qarşısını aldı”.

“Bunlara şahid olmaq çox çətindir...”

6 illik döyüş yolunda yaddaşından silinməsi çətin olan xatirələrdən söz açan müsahibimiz meyitlər arasında 13 yaşlı bir qız uşağını unutmadığını deyir: “Bu 13 yaşlı qızcığaz Ağdərədə 16 erməninin əhatəsində olub. Erməni dilini təmiz bilirəm. Ermənilər həmin qızın başına açdığı müsibətləri danışanda ratsiya ilə eşitdim. Mən o qızı döyüş bölgəsindən çıxaranda ölməmişdi, nəbzi vururdu.

Əsirlikdə olanların əksəriyyətini Xocalıdan gətirmişdilər. Ermənilər Xocalıda əsir düşənləri müxtəlif məqsədlərlə işlədirdi. Təkcə 108 nəfərə Ağdərədə səngər qazdırırdılar. Astarlı bir oğlanı əsirlikdən qurtarmışdıq. Bir ayın içində insan necə sürətli qocalırmış...

O danışırdı ki, işğal olunmuş ərazilərdə elə yerlər var, ora texnikanın gəlməsi qeyri-mümkündür. Ermənilərin qazdırdığı səngərlərin hamısı bizim əsirlərə verilən işgəncələrin müqabilində başa gəlir.

Neytral ərazidən 25 yaşlarında bir hamilə qadının meyitini də gətirmişdim. Onu palatkanın arasına bükmüşdülər. Əsirlikdən xilas olunanlardan biri danışırdı ki, qadın ermənilərin ayaqlarını yuyub, dırnaqlarını tuturmuş. Bütün bunlardan əziyyət çəkən qadın özünə qəsd etmək məqsədilə şüşə qırığını götürüb boğazına çəkir. Vaçik adlı erməni bütün əsirləri bir yerə yığıb onların qarşısında bıçağı hamilə qadının qarnına sancıb yuxarıya doğru çəkib. Deyib ki, kim bundan sonra özünə qəsd etmək istəsə, aqibəti belə olacaq.

Əsirlər nə qaçmağa, nə də səslərini çıxarmağa cəsarət edib, sadəcə gözlərini yumublar. Sonra qadının meyitini əsirlərə götürdüb neytral əraziyə atılmasın əmr ediblər. Bu işgəncələr, üstəgəl eşitdiyim sözlər mənəvi cəhətdən məni sıxırdı.

Ermənilər 26 yaşında cavan bir döyüşçünün əllərini mismarlayıb, qucağına barıt töküb partlatmışdılar. Neytraldan onun meyitini götürəndə gördüklərimə etiraz etdim. Onlar ratsiyadan mənə dedilər ki, sizinkilərdən birini sizin adət- ənənə uyğun sünnət etmişik. Bu cür işgəncələr yerə-göyə sığmaz... Bütün bunlara şahid olmaq çox çətindir...”

4 qardaş döyüşə qatılır

Əlövsət Qasımov döyüşə tək qatılmayıb. O, üç qardaşını da özü ilə birlikdə Vətən uğrunda döyüşə cəlb edib: “Biz 6 qardaş, 2 bacı olmuşuq. Düşündüm ki, döyüşə qardaşlarımı aparmasam, başqaları getməyəcək. Çünki Tərtərin Bəyimsarov kəndi çoxlu kəndlərdən gələn camaatdan formalaşmışdı.

Böyük qardaşım Ziyafəti, Nüsrəti və Füzulini çağırıb onlara könüllü orduya qatılmağı tövsiyə etdim. Artıq öz pulumla Naxçıvandan aldığım iki avtomata da sahib idim. Qardaşlarım Goranboy batalyonunda döyüşə başladı. Doğrudur, həmin vaxt müharibədə şəhid vermədik, amma qardaşım yaralandı, döyüşdə barmağını itirdi, ürəyində də qəlpə var idi. Uzun müddət bu ağrı-acıları çəkdi, qəlpəni çıxarmağa külli miqdarda pul lazım idi. Bir gün qəfil qanaxmadan qardaşım dünyasını dəyişdi.

Digər qardaşım Nüsrətin isə ili hələ çıxmayıb. Qarabağda döyüşsə də, ona arxivdə sənədlərin tapılmadığını və heç Qarabağda olmadığını demişdilər. Bu haqsızlıq onun bərk sarsıtdı. Mənimlə birlikdə iki qaynının meyitini neytral zonadan götürmüşdü. Bütün bunlar onun əsəblərini pozmuşdu. Özünə qəsd etdi...”

Foto arxiv

Əlövsət Qasımov şəhidləri neytral zonadan toplayıb dəfn etdikcə bu görüntüləri yazmaqla yanaşı, fotokameranın yaddaşına köçürməyi də unutmur.

O deyir ki, bu istiqamətdə Almaniyada keçdiyi xüsusi təlimlərin rolu böyük olub: “Əvvəl fotoları özüm, sonra isə Eldəniz adında lal oğlana çəkdirirdim. Çoxları sual verirdi ki, şəkilləri niyə lal adama çəkdirirsən. Deyirdim ki, o gedib heç kimə heç nə deməyəcək. Onu bərbər kimi hospitala işə götürmüşdük. Yaralıların, əməliyyata gedən xəstələrin üzlərini taraş edirdi.

Bir gün onun anası gəlib hay-küy saldı ki, oğlu şəkilləri çəkəndən sonra huşunu itirir, qorxur. Sonra gördüm ki, foto çəkdiyini öyrənib məni tutacaqlar, başladım şəkilləri özüm gizlin çəkməyə”.

Onun fotosunu ruhları kimi ölümsüzləşdirdiyi şəhidlər 1989-1996-cı illəri əhatə edir. Əlövsət bəy hesab edir ki, bu fotolar meyitlərin naməlum qalmaması üçün çox böyük rol oynayıb: “Muzeydə Ağdərə, Ağdam, Goranboy rayonlarında çəkilmiş 950 şəhidin fotosu yayımlanır. Ağdamda olan şəhidlərin əksəriyyəti Uzundərə deyilən ərazidə naməlum qəbiristanlıqda dəfn olundu. Təbii ki, tapılmayan şəhidlər, hətta 6 ildən sonra müraciət edən ailələr də oldu. Döyüşçülərin hansı bölgədə vuruşduğu, istifadə etdiyi silahın nömrəsi, həmçinin əynindəki paltarına kimi əlamətləri özümdə qeyd edirdim. Elə olub ki, şəhidin barmağında 14 qramlıq qızıl üzüyü olub. Birtəhər üzüyü çıxarmışam.

Şəhidin üzərindən çıxan əşyaları qeyd edirdim, valideynləri gəlib övladının ağzında qızıl dişinin, qolunda döymə və ya barmağında üzüyünün olduğunu deyirdi. Yalnız bu əlamətlərlə şəhidi dəfn etdiyim yerdən çıxarıb ailələrinə təhvil verə bilirdim”.

“O məlumatlar olmasaydı...”

Erməni dilini bilməyi Əlövsət bəyə döyüş ərəfəsində böyük üstünlüklərlə yanaşı, çətinliklər də yaşadıb: “Bir erməni hərbiçini saxlamışdılar, hərbi pozisiyanın yerini demirdi. 1992-1994-cü illərdə müharibənin ən ağır dövründə uğurlu əməliyyatlara rəhbərlik edən şəxslərdən biri, Tərtər Rayon İcra Hakimiyyətinin başçısının göstərişiylə məni 3 gün erməni əsirin yanına saldılar. O mənim azərbaycanlı olduğumu bilmədi. Bir dilim çörək, bir bardaq su verirdilər, yarısın erməniyə, yarısını da özümə götürürdüm.

Məni sürütləyib otaqdan çıxaranda erməni ağladı ki, onu aparmayın. Bizimkilər də ona məni güllələməyə apardıqlarını bildirdilər. Həmin erməni əsirdən çoxlu məlumat ala bildim. Həmin məlumatlar olmasaydı, bəlkə də Tərtəri qoruyub saxlamaq qeyri-mümkün olardı.

Həmin ərəfədə azərbaycanlı olduğumu heç bizimkilər də anlamamışdı. Bir şəhid qardaşı gəlib pəncərədən bizə baxırdı. O məni otaqdan sürüyüb aparanda döşəmənin taxtaları kürəyimə batdı. Tərtərdə həkim qanaxmanı dayandırmaq üçün həmin taxta qırıqlarını bədənimdən dartıb çıxardı. Heç vaxt gileylə danışmamışam, tutduğum yoldan da uzaqlaşmamışam, amma çox əziyyətlərim oldu...”

“Heç nə ummadım”

Hazırda 267 nömrəli uşaq bağçasında yaşayan Əlövsət Qasımov deyir ki, heç vaxt kiminsə harada, necə yaşadığını bilməsini istəməyib: “Bu vaxta qədər Vətən uğrunda göstərdiyim xidmətlərə görə təltif olunmamışam. Paxıl deyiləm. Amma Azərbaycan ordusunda bir kəs varmı desin ki, 1017 avtomatı dövlətə təhvil verib?! Bir kəs varmı ki, 6-7 kilometrlik neytral ərazidən bu qədər şəhid çıxarsın?! Doğrusu, heç vaxt çalışmamışam ki, gördüyüm xidmətlərə görə qarşılıq alım. Hələ nə yaşım var?! (Gülür). Məni məndən yox, Tərtər rayonunda kimdən soruşsanız general Əli bəyin necə bir insan olduğunu deyərlər”.

“Kimsə könüllü gəlmir, özüm dəvət edirəm”

Bura muzey olsa da, çəkilən fotoların pərdə arxasında saxlanması diqqətimizdən qaçmır. Səbəbini soruşanda Əlövsət bəy muzeyi ziyarət edənlər arasında azyaşlı uşaqların da olduğunu bildirdi: “Azyaşlılara bu cür işgəncələrə məruz qalmış meyit şəkillərini göstərmək düzgün olmaz. Biz onlara tarixi təbliğ edirik, bəzilərinə hətta döyüş taktikasını öyrətməyə çalışırıq. Demək olmaz ki, muzeyə gələnlərin hamısı bu dəhşətli görüntüləri izləyə bilər.

Fotoların üzərinə ayrıca bir pərdə düzəltdirmişəm. Görmək istəyənlər pərdəni çəkib baxa bilir.

1997-ci ildən bu muzeyi yaratdım. Kimsə könüllü gəlmir, özüm rəsmi müraciət edib dəvət edirəm. Bir də görürsən ki, müraciət etdiyim təşkilatların 50-70 nəfərlik kollektivi muzeyi ziyarət etməyə gəlib. Buraya yalnız mənim keçmiş döyüş yoldaşlarım dəvətsiz gəlir”.

Əlövsət Qasımov öz vəsaiti hesabına yeni “Şəhidlər muzeyi”nin tikintisini də nəzərdə tutub: “Bu muzey mənim nəfəs aldığım yerdir. Bu vaxta qədər buranı ümumilikdə 38 min şəxs, 12 millət vəkili ziyarət edib. Azay Quliyevdən və Məlahət İbrahimqızından başqa hələlik heç kim zirzəmidə yerləşən bu tarixi muzeyin köçürülməsi, insanların marağına səbəb olacaq bir yerdə olmasına dair təşəbbüslə çıxış etməyib.

Muzeydəki fotoşəkillər təkcə 1991-ci ildə olan şəhidlərlə yekunlaşmır, burada Xocalı soyqırımı, eləcə də 20 Yanvar hadisələrində şəhid olanların fotoları da var. 44 günlük Vətən Müharibəsində şəhid olmuş hərbiçilərin də fotolarının muzeydə sərgilənməsini istəyirəm”.


Müəllif: Yeganə Oqtayqızı, Foto: Ceyhun Rəhimov

Oxşar xəbərlər