12 Yanvar 2022 16:52
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Odlar Yurdu" Universitetində keçirilən imtahan sessiyası geniş müzakirəyə səbəb olub. Sosial şəbəkələrdə paylaşılan şəkillərdə tələbələrin 2-3 saat qeyri-münasib vəziyyətdə - “taburetka”da oturaraq imtahan verməsi diqqətdən yayınmayıb.

Universitetin mətbuat xidmətinin rəhbəri Röya Vəliyeva Teleqraf.com-a açıqlamasında məsələyə aydınlıq gətirib.

O bildirib ki, universitetdə qış sessiyası yanvarın 7-dən başlayıb: “İmtahanlar kompüterlərlə təchiz olunmuş otaqlarda elektron qaydada test üsulu ilə aparılır. İmtahanı bitirəndən dərhal sonra cavablarla tanış ola bilirlər. Narazılığı olanlar yerindəcə apellyasiya komissiyasına müraciət edirlər. İmtahanlar sərbəst keçirilir, hər gün saat 9-dan 16:00-dək tələbələr yaxınlaşıb istədikləri fəndən imtahanları verə bilirlər. Bir fənnin imtahanı 2 saat ərzində davam edir”.

Sosial şəbəkələrdə yayılan fotoya gəlincə, universitet sözçüsü məsələdən məlumatlı olduqlarını deyib: “Bu fotonu gördük, lakin heç bir fikir bildirmədik. Çünki məsələyə sarkazmla yanaşıblar, biz də elə yanaşdıq. Hazırda imtahan otaqları belə təchiz olunub, nəzərə almışıq. Ümid edirik ki, növbəti dəfə oturacaqlar dəyişiləcək. Çünki bundan nə universitetdən şikayət olunmuşdu, nə də bizim özümüzün ağlımıza gəlmişdi. Amma səhifədə görəndən sonra fikirləşdik ki, dəyişək. Əslində, auditoriyalardakı oturacaqlar elə deyil. İmtahan otaqları kiçik olduğu üçün ona da uyğun az yer tutan “taburetka”lar qoyulub”.

Qeyd edək ki, adıçəkilən universitetin rektoru iki çağırış (2005-2010 və 2010-2015) Milli Məclisin deputatı olmuş Əhməd Vəliyevdir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər