Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti dəyişərək temperaturun kəskin düşəcəyi, güclü külək əsəcəyi, yağıntılı keçəcəyi, sulu qar və qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı proqnozlaşdırılır.
Teleqraf.com xəbər verir ki, gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.
Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman xüsusilə mənzillərdə və ya fərdi yaşayış evlərində elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, xüsusilə bunlar uşaqlara həvalə edilməməli, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.
Həmçinin, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Bununla yanaşı, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!