Bu gün mühacir şair Almas İldırımın vəfat günüdür.
***
Almas İldırım 1952-ci il yanvarın 14-də Türkiyənin Malatya şəhərində vəfat edib. Cənazə mərasiminə şəhərin valisi Şefik San, valinin müavini Orhan Çalıkuşu, Jandarma Alay komandanı Bürhanettin Sezergil, hökumət nümayəndələri, Türk Milliyətçilər Dərnəyinin Malatya şöbəsinin sədri Lütfi Beydağı və üzvləri, eləcə də yaxın dostları, ailəsi, mətbuat nümayəndələri iştirak ediblər. Vəfat edərkən Almas İldırım Kale nahiyəsinin müdiri idi.
Yanvarın 27-də Türk Milliyyətçilər Dərnəyi şairlə bağlı anım günü keçirib.
Təəssüf ki, Almas İldırımın məzarı sel daşqını nəticəsində yoxa çıxıb. Xoşbəxtlikdən əlimizdə ömrünün son illərinə dair qiymətli bir xatirə var. Onunla bir müddət həmkarlıq və dostluq edən Ramiz Arda adlı müəllim yerli mətbuatda xatirələrini qələmə alıb.
Həmin xatirələrdən bir hissəni təqdim edirik:
“Uşaqları indi yanımda götürə bilmərəm”
“Almanların Rusiyaya hücum edib bir sel kimi irəlilədikləri zaman bir gün mənə dedi: “Rusiya parçalanır. Almaniyada, İstanbulda, İranda olan Azərbaycan türkləri hərəkətə keçdilər, hamımız birlikdə Rusiyaya sızaraq yurdumuza gedəcəyik. Almanların hərəkətlərini təqib edəcək və daxildən çalışaraq müstəqil Türk yurdları qurularkən işin başında olacağıq. Mən bu gün-sabah İstanbuldakı təşkilatımızdan bir məktub gözləyirəm”. Bunları mənə gizlicə danışmışdı. Sonra əsas nöqtəyə gəldi: “Uşaqları indi yanımda götürə bilmərəm. Mənim işimi çətinə salarlar. Əgər razı olsan, iki uşağımı və xanımımı sənə əmanət edib gedəcəyəm”.
Razı oldum, təklifini qəbul etdim. O, Azərbaycana keçəcək, ora istiqlalına qovuşunca həm uşaqlarını, həm də məni oraya çağıracaqdı. “Kommunizmin ələ keçirdiyi mallarının hamısı deyil, beşdə biri əlimizə keçərsə, bu, yalnız ikimizi deyil, bizim kimi yüzlərlə insanı bəsləməyə kafidir” dedi. Və təminat verdi: “And olsun ki, əlimə keçən mallarımın, mülklərimin yarısını sənin adına keçirəcəyəm”.
Almas İldırım böyük məmuriyyətlər də vəd etmişdi. Bu vədlər boşuna deyildi. Çünki istiqlalına qovuşacaq bir Azərbaycanda sözü keçəcəkdi. Bir səbəb də Rusiyada ikən yapdığı mücadilə və hər şeydən öncə müstəqil Azərbaycan qurtuluş hərəkatının öncüsü və keçmiş Azərbaycan Məclisi başqanı Məhəmmədəmin Rəsulzadənin nüfuzuna güvənirdi. Ayrıca yenə bu qurtuluş hərəkatının öncüllərindən Mirzə Balaya güvənirdi.
Almanlar rus torpaqlarında hər gün zəfərdən-zəfərə doğru gedərkən verilən qərar bu idi. Amma tale elə yazmamış, kim nə deyə bilər ki? Almanlar Stalinqradda ilişdilər. Başlarındakı onbaşının kiçik beyni böyük alman ordularının idarə edilməsinə kafi gəlmədi. Beləcə, azərbaycanlı Almas İldırım və daha neçə müstəqil yaşamaq diləyində olan türklərin xəyalları puç oldu. Almanlar geri çəkildikcə Almas İldırımın ağzını bıçaq açmaz olmuşdu. Özünü içki ilə ovutmağa çalışdı. Hər gün biraz daha əriyir, çökürdü. Nəhayət, o kiçicik cüssə bu qədər böyük xəyal qırıqlığına dayana bilmədi, düşdüyü yataqdan qalxmadan Tanrısına qovuşdu.
“Nə yazıq ki, o zalım şübhə həqiqət oldu”
Mən Konyaya gəlincə, məktublaşmalarımız davam etdi. Amma artıq o atəşli şair qalmamışdı. Pessimist bir insan olmuşdu, qanadları qırıq, uçmaqdan aciz bir quş kimi pərişan idi.
Mənə göndərdiyi son şeiri bu idi:
Yarınkı dünya müjdəçilərinə
Almas İldırım.
Ramiz Ardaya
Yarınkı dünya müjdəçilərinə
Diyorlar ki, hələ bitsin bu savaş,
Qovuşsun sükuna bu bədbəxt cahan.
O zaman gözlərdən axmayacaq yaş,
Yer üzü bir daha görməyəcək qan.
Yoxsa, bu dünyadan köçüləcəkmi?
Nə bir hərbə, nə bir zülmə bir yapı,
Nə gurultu, nə inilti, nə ayaz.
Zorlunun qalxacaq, tüfəngi, topu,
Nə obüs, nə bomba, nə barıt, nə qaz.
Əcəb hər haqdan vaz keçiləcəkmi?
Güclülər verəcək gücsüzə dərman,
Nə bir üsyan, nə çırpınış, nə fəryad,
Nə hiddət, nə şiddət, nə əmrü-fərman?
İnsanlar zəncirsiz, ölkələr azad.
Ah, bu əfsunlu mey içiləcəkmi?
Nə haqsız saldırış, nə qorxu, nə fərq,
Nə hakim, nə məhkum, nə zor, nə zülüm.
Nə cahangir bir Qərb, nə əsir bir Şərq,
Acizə, kiçiyə, yox artıq ölüm.
Əcəb büyüklər də kiçiləcəkmi?
Məktubunda belə yazırdı: “Bilirsən, ən ümidli zamanlarda belə, içimdə yenə bir şübhə vardı. Yurdumu görə, müstəqil Azərbaycana qovuşa bilməyəcəyimə dair bir şübhə. Nə yazıq ki, o zalım şübhə həqiqət oldu. Beş oğlum oldu: Azər, Aras, Odkan... Fəqət İranda əkiz uşağımız da olmuşdu. Birinin adı Eldəgəz, digərininki Yurdavardı. Onlar öldüyü gündən bəri içimə bu şübhə düşmüşdü. Nə edək, tale belədir! Amma bu acı qədər məni aparacaq”.
Necə ki, acı qədər onu apardı...”