Sabunçu rayon sakinləri Həmidağa Camalov, Əminağa Camalov və Lətifə Əliyevanın Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Ibrahimova qarşı (Ağasif Şakiroğlu) məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb hakim Əşir Səmədovun səhhətində problemin olması göstərilib.
İddiaçılar Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1, 2, 3, 9 nömrəli ünvanda olan evlərinin Ağasif Şakiroğlu tərəfindən zəbt edildiyini bildirirlər.
Qeyd olunan ünvandakı evlər adları çəkilən şəxslərə məxsusdur və bununla bağlı əllərində qanuni sənədləri var. Amma GAP sədri həmin ünvandakı bağ evini içərisindəki mülklərlə birlikdə ələ keçirib.
İddiaçılar qeyd edirlər ki, məhkəmə prosesinin uzadılmasında maraqlı qüvvələr var. Söhbət 25 milyon dollar dəyəri olan bağ və onun içərisindəki mülklərdən gedir. Çünki Rəsul Quliyev ölkəni 26 il öncə tərk edəndə Şakirin 7 yaşı olub, belə yaşda hər hansı sənədlərə imza atmaq qanunla qəbul olunmur.
Başqa tərəfdən sözügedən mənzilləri qonşuluqda bağı olan Rəsul Quliyev zəbt edib. Sonradan bu əməlinin ona qanuni problem yaradacağını bldiyi üçün zərbə qarşısına Ağasif Şakiroğlunu çıxarıb.
A.Şakiroğlu Sabunçu rayon Məhkəməsində iş üzrə daha öncə keçirilmiş proseslərə qatılmayıb.