Hacı Zeynalabdin Tağıyevin İstiqlaliyyət küçəsində qoyulan abidəsi maraqla qarşılandığı qədər müzakirələrə də səbəb oldu. Heykəlin üslubunu bəyənənlərlə yanaşı narazı fikirlər səsləndirənlər də oldu.
Mövzuyla bağlı Teleqraf.com-a açıqlama verən əməkdar rəssam Rəis Rəsulzadə Bakının mərkəzində qoyulmuş abidəni uğurlu sənət əsəri hesab edir.
Onun sözlərinə görə, onu şəhərdəki digər heykəllərlə müqayisə etmək düzgün deyil: “Heykəlin açılışında olmamışam. Heykəltəraş Xanlar Əhmədovu tanıyıram, həm də heykəli əvvəlcədən görmüşdüm. Çox gözəl heykəldir və yerində qoyulub. Mən həm heykəlin müəllifini, həm də cəmiyyəti təbrik edirəm. Heykəldə obrazın açılması, seluleti, modelini bəyəndim.
İnsanlar bu abidəni digər heykəllərlə müqayisə edir. Biri var bağ heykəlləri, yaxud Fəvvarələr meydanındakı kimi dekorativ heykəllər, bunlara çox rast gəlirik. Xarici ölkələrdə də bu heykəllərdən çoxdur. Həcm və üslub baxımından Tağıyevin heykəli çox fərqlənir. Bu heykəl təntənəli, tarixi portretdir, monumental əsərdir. Təkcə həcmi ilə yox, ətrafdakı memarlıq abidələri ilə vəhdət təşkil edir. Bu həm tarixidir, həm monumentaldır, bədii üslubdan çox gözəl istifadə edilib”.
Xalq rəssamı abidəyə qarşı kobudluq edilməsinə də etirazını bildirib: “Mən köhnə heykəllərin məhv olunmasının tərəfdarı deyiləm. Onları hansısa bağa yığmaq olar, başqa ölkələrdə bu təcrübə var. Amma Tağıyevin heykəli kimi heykəllər nə qədər keyfiyyətli olarsa, şəhəri bəzəyirsə, niyə də sayı çox olmasın?
Heykəlin ornamentinin qırılması məni təəssüfləndirdi. Belə abidələrə toxunmaq olmaz. Kiminin mədəniyyəti çatır, kiminin yox. Bu kimi davranışlar yolverilməzdir”.
Qeyd edək ki, Rais Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir.