Ukraynada olan azərbaycanlı sürücülərin daha bir qrupu təxliyə edilib.
Bu barədə Teleqraf.com-a Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) məlumat verilib.
Qeyd edilib ki, bu gün səhər saatlarında Odessa şəhərində cəmləşən 12 yük maşını Moldovaya yola düşür.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ABADA-nın aidiyyatı qurumlarla apardığı danışıqların nəticəsi olaraq, sürücülər Moldova-Rumıniya-Bolqarıstan-Türkiyə marşrutu üzrə hərəkət edəcəklər. Sürücülərin təxliyyəsi ilə bağlı həmin ölkələrdəki səfirliklərimizə məlumat verilib. Keçidin sadələşdirilməsi üçün müvafiq işlər görülüb.
ABADA tərəfindən yola düşən sürücülərin yanacaq təminatı da həll edilib. Bu təxliyyə prosesində Kiyevdə cəmləşən 9 nəqliyyat vasitəsi var.
Növbəti mərhələdə Kiyev və digər ərazilərdən olan bir neçə yük maşınının da təxliyəsi planlaşdırılır.
Bundan öncəki təxliyyə prosesi zamanı 7 yük nəqliyyat vasitəsi Ukrayna hüdudlarından çıxarılıb. Hazırda onlardan 6-ı Bolqarıstanda, biri isə Rumıniya ərazisindədir.