Özbəkistan Prezidenti paytaxt Daşkənddə keçirilən təntənəli Novruz şənliyində Azərbaycan guşəsini ziyarət edib
Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Daşkənddəki “Humo Arena” idman kompleksinin ərazisində baş tutan sərgidə Özbəkistandakı milli mədəniyyət mərkəzləri, o cümlədən Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi iştirak edib.
Üçrəngli bayrağımızın dalğalandırıldığı Azərbaycan guşəsində ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti barədə özbək dilində çap olunan nəşrlər, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafını əks etdirən kitablar, suvenirlər, Novruzun rəmzləri olan şəkərbura, paxlava, qoğal və digər təamlar nümayiş etdirilib.
Sərgi ilə tanış olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycan guşəsində RAMMM-nin sədri Firdovsi Hüseynov qarşılayıb. Prezident sərgidə təqdim edilən kitablar və suvenirlərlə maraqlanıb, guşəni yüksək qiymətləndirdiyini söyləyib.
Qeyd edək ki, F.Hüseynov və İlham Abdullayev diaspor qarşısındakı xidmətlərinə görə ötən il Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fərmanı ilə “Dostluq” ordeni ilə təltif olunublar.