Teleqraf.com-un “Kitabxana” rubrikasının qonağı filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlidir.
Onunla müsahibəni təqdim edirik.
- Qulu müəllim, belə bir sualla başlamaq istərdik: kitab sizin üçün nədir?
- Mənə görə kitab ilk növbədə yaddaşdır. İkinci bilik mənbəyi, üçüncü və ən mühüm olan isə gələcəyə mesajdır. Gələcəkdə bu kitablara görə haqqımızda fikir yürüdəcəklər. Bu mənada elmi-kütləvi ədəbiyyat gələcəyə daha ciddi mesajdır.
Beyinləri qidalandırmağa xidmət edən kitab həm də insanlar arasında məsafələri qısaldır, ünsiyyəti artırır. Kitabla dostluq daimi və əbədidir. Bu təmasda yalnız uduş var. İnsan dünyanın yeganə canlısıdır ki, tərbiyə oluna bilir. Onu tərbiyə etməyin bir yolu da kitabdan keçir. Üzeyir Hacıbəyovun “İrşad” qəzetində bir ironik yazısına rast gəldim, mütaliədən qaçan oxuculara istehza ilə müraciət edir ki, "Aman günüdür, qəzet oxumayın, oxuyub birdən nəyisə dərk edərsiniz. Oxusanız savadlı olarsınız, birdən başınıza gətirilən oyunlardan xəbər tutarsınız".
Bunun özü də oxumağa mesajdır. Yəni mütaliə, kitab işıqdır və biz yolu bu işıqla görə bilirik.
- Hansı kitabları oxuyursunuz?
- Son vaxtlar daha çox elmi, kütləvi və pubsistika kitabları əlimə keçir. Hazırda Stiven Hokinqin "Dünyanın yeni tarixi" kitabını mütaliə edirəm, həmin əsəri rus dilində oxumuşdum, mağazada gördüm və mənə maraqlı gəldi ki, necə tərcümə olunub. Bu kitab dünyanı dərk etməyin, ətrafımızda baş verənlərin anatomiyasını bizlərə izah edir. Dünyada nə proseslər gedir? İnsanlar informasiyanı necə qavrayırlar? İndiki mozaik qavrayışla insan nəyi udur, nəyi uduzur? Biz görünən prosesləri necə dərk edirik? Beynimizdə necə təhlil aparıb qənaətlərimizi necə ifadə edirik? S.Hokinqin kitabı bu suallara cavab tapmaq mənasında çox faydalıdır. Bir alim və yazar kimi bu müəllifin dünyaya fəlsəfi baxışı məni çox heyran edir.
Elmi-kütləvi ədəbiyyata marağımın bir səbəbi də tarixi bestsellerlərlə bağlıdır. Məsələn, "Altun" nəşriyyat evinin yeniyetmələr və gənclər üçün "Tarixi yaradanlar" seriyası ilə maraqlı kitablar çap edib. Atilla, Sezar, Makedoniyalı İsgəndər, Əmir Teymur və Napoleondan tutumuş, Eynşteynə və Çarli Çaplinə qədər kitablar çap olunur. Yaxşı cəhəti odur ki, həmin silsilədə Azərbaycanın görkəmli şəxsiyyətləri də yer alır.
Məsələn, bu yaxınlarda Əhməd bəy Ağaoğlu, Şəmsəddin Eldəniz haqqında kitablar çap olundu. İnsanlar tarixi şəxsiyyətləri tanımalı, onların vasitəsilə tarixə qiymət verməyi bacarmalıdır. Soruşsaq, nə qədər adam Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərini tanıyır? Tanımırlar, çünki mütaliə azdır.
- Ədəbiyyatla tanışlığa hansı əsərlə başlamısınız?
- Məncə, çoxumuz mütaliəyə orta məktəbin ədəbiyyat müntəxəbatlarındakı bədii nümunələrlə başlamışıq. Həmin nümunələr dərslikdən fərqli üslub və təhkiyə ilə fərqlənir və adamı cəlb edirdi. Daha sonra uşaqlar üçün ayrıca şəkilli nazik kitabçalar olurdu və mən onları birnəfəsə oxuyurdum. 5-6-cı sinifdə oxuyanda iri həcmli kitabları mütaliə edirdim. Təhsil aldığım Şuşa 3 nömrəli internat məktəbinin çox zəngin kitabxanası var idi. Xatırlayıram ki, tətildə Zəngilana evə gedəndə öz kəndimizdə kitabxana açıldığını görüb çox sevinmişdim, hətta ora bir neçə kitab bağışlamışdım. Yaşıdlarıma təsir edib onları kitab oxumağa həvəsləndirirdim. Mən hər hansı kitab haqqında, oradakı hadisələr barədə bir az da bəlağətli danışanda yaşıdlarım çox heyrətlənirdilər, təbii ki, həmin əsər mənə elə gəlir bizi kitab adam edib.
- Uşaqlıqda kənd kitabxanasına kitab bağışladığınızı dediniz. Milli Kitabxananın "Qarabağa kitabla gedək" layihəsi var. Oraya kitab bağışladınızmı?
- Bəli. Mən və həyat yoldaşım, yazıçı-publisist Zemfira Məhərrəmli 30-a yaxın kitab bağışladıq. Hesab edirəm ki, bu, çox gözəl təşəbbüsdür və davam etməlidir. Biz kitablarımızı bəzək üçün saxlamalı deyilik.
- Ümumən kitabxananızda neçə kitabınız olar?
- Ev şəraitim bərbad olduğu üçün kitablar bir yerdə deyil. 4 min olana qədər kitablarımı saymışdım. 5-6 il əvvəl bir hissəsini bağ evinə daşıdım, bir hissəsi hələ də yeşiklərdə qalır. Üzdə saxladığım daha çox lüğətlər, ensiklopediyalar, dərslik və ixtisas kitablarımdır.
- Kitab hədiyyə edirsinizmi?
- Bəli, son vaxtlar kitablarımı bağışlamağa başlamışam. Hesab edirəm ki, kitabın rəfdə qalması doğru deyil. Mən demək olar, əksəriyyətini oxumuşam. Hesab edin ki, pulu banka qoyursan, heç bir funksiya yerinə yetirmir, faiz gəlmir. Kitab aktiv pul kimi daim dövriyyədə olmalıdır, oxunmalıdır. Kimsə kitab istəyirsə, kitabxanamda varsa, oxuyub-qaytarmaq şərti ilə verirəm. Yaxud bəzi kitablar var ki, tələbələrimə bağışlayıram.
Hazırda 4 mindən çox kitabım var. Onların əksəriyyəti bağ evindədir, orda da lazımı şərait yoxdur, rütubət kitabları zədələyir. Çox arzu edirdim ki, bütün kitablarımı yığım bir yerə, böyük kitabxanam olsun. Amma bunlar arzu olaraq qalır.
Hazırda oxuyan nəslimiz gedir, internet nəsli gəlir. Buna görə də kitablarımın taleyi haqqında bədbin oluram ki, bunları kimsə oxuyacaqmı?
- Doğrudur, indi bu müsahibə ilə bağlı kitab mağazasındayıq. Amma maraqlıdır, Qulu Məhərrəmli kitab oxumaq üçün kitabxanaya gedirmi?
- Axırıncı dəfə Milli Kitabxanaya pandemiyadan əvvəl bir əsəri oxumaq üçün getmişdim. Seçdiyim kitab kitabxananın fondunda idi və evdə oxumağa verilmirdi. Zərurət olduqda, əlbəttə, kitabxanaya gedirəm. Hazırda universitetin kitabxanasına daha tez-tez baş çəkirəm, baxıram təzə hansı kitabları alıblar.
Hazırda kitabxanalara daha çox tədbirlərlə əlaqədar gedirəm. AMEA-nın kitabxanası, Milli Kitabxana, kitab mağazaları, nəşriyyatlarda çox oluram. Yaxşı ki son illərdə kitabla ünsiyyət xeyli artıb.
- Kimdənsə kitab alırsınızmı?
- Əlbəttə. Özümdə olmayan kitablar olur. Məsələn, bu yaxınlarda bir dostumdan Ömər Faiq Nemanzadənin seçilmiş əsərlərini almışam, kirillə çap olunub. Kitabda çox qiymətli məqalələr var. Hətta vərəqlərinin surətini çıxarmışam. Amma kitabı qaytarmağa əlim gəlmir (gülür).
Qəribədir, adama deyirəm ki, kitabın var məndə. İstəyirəm desin kitab səndə qala bilər. Amma demir... Yəqin ki, qaytaracam. Rəhmətlik ustadımız Şirməmməd Hüseynovun çox yaxşı bir sözü var idi: "Yaxşı kitabı verənin bir əlini, qaytaranın iki əlini kəsərlər".
- O zaman siz kitab da oğurlamısınız...
- Yox. Ciddi kitab oğurluğum olmayıb. Düzdür, "ləyaqət" sözü ilə "oğurluq" bir yerə sığmır, amma ləyaqətli oğurluqlarım olub. Məsələn, üzümə-üz bağlayıb gözüm düşən kitabı istəmişəm, demişəm ki, bu kitabdan xoşum gəlib, mənə çox lazımdır.
- Mədəni oğurluq etmisiniz...
- Eynən. Bəzən bir kitabı adamın gözü tutur. Yaxşı kitab maqnit kimidir, hara gedirsənsə, səni özünə çəkir. Ya gərək sözün həqiqi mənasında oğurluq edəsən, ya da bir yolla onu alasan. Belə kitablar olub. Nadir nüsxələrdən söhbət gedir. Hər zaman gözümüz qalan kitabları əldə etmək üçün uyğun və zərərsiz üsullardan istifadə etmişəm.
- Bəs elə bir kitab varmı ki, almaq istəmisiniz, amma əldə etmək hələ də qismət olmayıb?
- Olub... Bir neçə il yaddaşımda qalıb, həsrətini çəkmişəm, amma sonra unutmuşam. Sonradan o kitabları müxtəlif yollarla tapıb oxumuşam. Bədii əsərlər var idi, xüsusilə 1990-cı illərin əvvəllərində cəmiyyətdə oxuma meyili güclü idi. Tarixə aid qadağan olunmuş kitablar 2 il ərzində çox oxundu, həm rus, həm yerli müəlliflərin əsərləri əldən-ələ gəzdi.
Bəzi kitablar var idi ki, çox yaxşı oxunurdu, məsələn, Yusif Səmədoğlunun "Qətl günü", Əlisa Nicatın "Qızılbaşlar" əsərləri kimi kitablara tələbat yüksək idi. Mixail Bulqakovun "İt ürəyi" əsəri çox oxunanlardan idi. Hər dövrün bir kitab dalğası olur və həmin zamanda kitab insanın təkcə həmdəminə çevrilmir, həm də təsəlli, ümid və bilik mənbəyi olur. Məsələn, bir vaxtlar Kamil Vəlinin “Elin yaddaşı, dilin yaddaşı”, Sabir Rüstəmxanlının “Ömür kitabı”, yaxıd Qəzənfər Paşayevin “6 il Dəclə-Fərat sahillərində” kitabı belə əsərlərdən idi.
- Ən qədim kitabınızın neçə yaşı var?
- Açığı, o cür xüsusi kolleksiyam yoxdur, bölgü aparmıram ki, bu, çox qədimi kitabdır, ya başqa. Kitabxanamda ən qədim tarixi olan kitab 1812-ci ildə Rusiyada çap olunub. Rusların Cənubi Qafqazı işğal etməsi, o cümlədən Gəncə döyüşü haqqındadır. Kitabda müxtəlif bölmələri fərqli müəlliflər yazıb. Həmin kitabı mənə qonşumuz, həm də BDU-nun çox tanınmış alimlərindən olan riyaziyyatçı, professor Ələddin Mahmudov bağışlamışdı. O kitab qədim rus dilində yazılıb, maraqlı, tarixi kitabdır.
İndi kitabxana evə gələnin diqqətini çəkmir, heç əvvəlki kimi fotoalbomlar da dəbdə deyil. Hazırda planşetlər, telefonlar maraq dairəsindədir. Kitaba yanaşma dəyişir, amma dəyişməməlidir. Kitabın mahiyyəti, missiyası qalır.
- Hansı kitab həyatınıza ciddi təsir edib?
- Həyatıma ən ciddi təsir edən kitab Cek Londonun "Martin İden" əsəri olub. Onu oxuyanda 9-cu sinifdə idim. Doğrudur, jurnalist olmağı artıq qərarlaşdırmışdım. Amma insan kimi həyatda mübarizə aparmaq, çətinliklərdən keçmək, xarakter hesabına irəliləmək baxımından o kitab mənə çox kömək etdi. "Martin İden" insanı romantik göylərdən yerə endirir, ona güc verir, təlqin edir ki, həyatda öz gücün, iradən, bacarığın sayəsində çox şey əldə edə bilərsən.
Ondan əvvəl 5-6-cı sinifdə oxuyanda bir özbək müəllifinin əsərini oxumuşdum, əsərdə bədbinlik var idi. "Yetimin səadəti" adlanırdı, düzdür, əsər nikbin sonluqla bitirdi, amma sosializm-realizm metodu ilə yazıldığından çox şey inandırıcı görünmürdü. Yetim qalan adam uşaq evində böyüyür, mübarizə aparır, yaxşı karyera qurur... Amma yazar bunları çox cansız göstərdiyi üçün əsərin bədii təsir gücü zəif idi, oxucunu inandırmırdı.
Amma Cek Londonun mənə təsir edən, ruhumu və hüceyrələrimi oyadan "Martin İden"i tamam başqa enerji ilə yazılmış əsərdir. Bu əsəri oxuyandan sonra özümə qəribə inamım yaranmışdı, bilik və bacarıqlara yiyələnməyin önəmini dərk etmişdim. Yaşıdlarımın mənə lider kimi baxmalarına alışırdım, bir işə başlayanda daxilimdə qəribə güc hiss edirdim. Məncə, gənclik həmin əsəri oxuya bilsə, bu gün də xeyli şey əldə edər.
- Siz özünüz də kitab yazırsınız. Maraqlıdır, öz kitablarınızın oxunub, kimlərəsə təsir etdiyini müşahidə edirsiz?
- Bütün müəlliflər istəyir ki, kitabları oxunsun. Amma bədii əsərlərdən fərqli olaraq mənim qələmə aldıqlarım elmi, elmi-kütləvi və publisistik əsərlərdir. Bir kütləvi məclisdə olanda görürsən ki, sənin fikirlərini müzakirə edirlər, səndən sitatlar gətirirlər. Onda hiss edirsən ki, bu kitab hansısa ünvana çatıb.
Mən televiziya və radio tarixinin araşdırmaçılarından biriyəm. Keçən il qardaş Türkiyədə bununla bağlı bir kitabım çap olundu. Nəşriyyat qardaş ölkənin bir neçə elm adamının bu kitabla maraqlandığını yazıb məni həmin insanlarla calaşdırmışdı. Təbii ki, belə hallar mənim üçün xoşdur. Məsələn, bir kitabım var - "Danışır Təbriz", istəyirəm ki, onu çox adam oxusun. Həcmcə kiçikdir, 1946-cı il Pişəvəri hərəkatı dövründə mövcud olmuş radionun tarixini yazmışam. Həmin əsər İranda fars dilində də nəşr olundu. Mən çox populyar müəlliflərdən olmasam da, jurnalistikaya dair bir neçə müəllifin adı çəkilirsə, şübhəsiz ki, onlardan da biri mənəm.
- Jurnalistika fakültəsində dərsliklərinizdən xeyli faydalanmışıq. Sizcə, jurnalistika ixtisasında dərsliklərdə nələr çatışmır?
- Dərsliklərin yazılma üsulu dəyişməlidir. Məsələn, bir dəfə tələbələrə vərəq paylayıb mənim "Jurnalistikanın əsasları" kitabım haqqında iradlarını yazmağı xahiş etmişdim. Çoxu yalnız tərif yazmışdı, amma iki tələbə “bəzi fəsillərin dilini sadələşdirsəniz yaxşı olar” yazmışdı. Ona görə indi həmin kitabın yeni, sadə nəşrini hazırlayıram. Kitabı sadə dildə yazmayılıq, müəllim onu auditoriyada geniş izah edə bilər.
Hesab edirəm ki, son dövlərdə yaxşı kitablarımız çap olunub. Məsələn, gənc müəllimlərimizin "Xəbərçilik" kitabı var, peşəkar səviyyədə yazılıb. Amma bir iş var ki hazırda jurnalistika və informasiya işi ilə bağlı mürəkkəb proseslər gedir və bunları sadə dildə yazmaq heç də hamının işi deyildir. Bu gün jurnalistika fakültəsinə yeni, gənc kadrlar gəlir. Ümidimiz var ki, onlar tələbələr üçün yaxşı dərsliklər yazacalar. Amma biz də dayanmamışıq, o istiqamətdə işləyirik.
- Ən bahalı kitabınız hansıdır?
- Ən bahalı kitabımı əldən almışam. 2 cilddir, Britaniya lüğətidir. Dünyanın ən mötəbər lüğətlərindəndir. Oksford lüğəti ilə yanaşı dayanan kitabdır. Kitabaxanamdakı ən bahalı kitablardandır.
- Lüğət kolleksiyanız var?
- Əlbəttə, lüğətlərim çoxdur. Mən lüğətlərlə çox işləyirəm. Ensiklopediyadan tutmuş, müxtəlif terminoloji lüğətlərə qədər toplamışam. Lüğətlərsiz keçinmək olmur. İndiyədək xeyli lüğət çap etmişəm. Sonuncu kitabım “Yeni alınma sözlər lüğəti” adlanır və keçən il Azərbaycan Tərcümə Mərkəzində çap edilib.
Kitabsız ev, kitabsız mühit yoxdur. Hərdən kitablardan söz düşəndə bəzi adamlar “nəyə lazımdır” deyəndə mən çox heyrətlənirəm. Kitab ağlı başında olan normal adamlar üçün havadır. İnsan zəkasının oksigenidir. O olmasa, insan necə yaşaya bilər?
- Uzun illər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri olmusunuz. Hansı dəyişiklikləri edə bildiniz?
- Məni oraya rəhmətlik Tofiq Hacıyev dəvət etmişdi. O, Azərbaycan milli düşüncəsində parlaq şəxsiyyətlərdən biridir, türkoloq alim, milli adam idi. Mənim ora getmək fikrim yox idi, amma çox təkid etdi, axırda da dedi ki, "Naz etmə, gəl. Dili qoruyaq demirsən? Gəl, praktiki olaraq işləyək". Getdim, Monitorinq şöbəsi yeni yaradılmışdı, biz onu tam formalaşdırdıq. Monitorinqlər aparmağa başladıq. Dilçilik İnstitutunun çox qaynar dövrü başladı. Məncə, biz orada çox əsaslı və sistemli iş görə bildik. Dilçilik İnstitutunun son 10 illik fəaliyyətində o monitorinqlər xüsusi bir səhifə təşkil edir.
Tofiq Hacıyev mənə yüksək səlahiyyət vermişdi. Dilin tətbiqi, nöqsanlarla bağlı ən yüksək səviyyədə danışmaq və qərar qəbul etmək səlahiyyətim vardı. Tofiq müəllim rəhmətə gedəndən sonra instituta gələn adamlar başqa yolla getdilər. Təbii ki, mənim də orada işləməyimi istəmədilər, çox şeylər yarımçıq qaldı. Arzu edirdik ki, hər il uşaqlar arasında ana dili ilə bağlı müsabiqə keçirilsin, ölkə üzrə "Ana dili mükafatı" təsis olunsun və s. Amma yeni rəhbərlik bu planların hayında deyildilər, ona görə tutarlı bir iş görə bilmədilər, görməkləri heç, olub-qalanı saxlaya bilmədilər, o cümlədən min əzabla yaratdığımız “Qaynar xətti” şikəst etdilər.
- Bu gün Azərbaycan dilinin “Orfoqrafiya lüğəti”ndə tez-tez dəyişikliklər olur. Bunun başlıca səbəbi nədir? Niyə hər il yeni lüğət tərtib edilir?
- Orfoqrafiya lüğətini oyuncağa çevirmək, onda yersiz və zərərli dəyişikliklər aparmaq çox pis tendensiyadır, dilə qarşı sui-qəsddir. Hazırda Azərbaycanda faktiki olaraq orfoqrafiya xaosu var. Bunun da əsas səbəbkarları AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və onun nəzarəti (həm də təsiri) altında olan Dilçilik İnstitutunun keçmiş direktoru, sürətlə akademik olmuş Möhsün Nağısoyludur. Onlar Azərbaycan dilinin sabitləşmiş yazı qaydaları ilə eksperiment aparmağa başladılar. Özlərinin qavramadıqlarını orfoqrafiyanın qüsuru, yaxud müəyyən səviyyədə qavradıqlarını bizlərə qayda kimi təlqin etməyə çalışdılar.
Məsələn, bu adamlar 2018-ci ildə "Orfoqrafiya islahatı" adı altında bəzi sözlərdə qoşa "y" samitini ixtisar etmək kimi ziyanlı təklifləri və buna bənzər cəfəngiyatları ilə Ana dilinin sabit yazı sistemini laxlatdılar. Onlar dil ilə bu dilin daşıyıcıları arasında uçurum yaratmağa başladılar. Hesab edirəm ki, təsir altına düşmüş bəzi alimlərin də dəstək verdiyi bu kampaniya dilə qarşı təkcə hörmətsizlik yox, həm də cinayət idi. Nə yaxşı ki ölkənin elmi ictimaiyyəti, AMEA-nın özündəki vicdanlı alimlər və pedaqoqlar, xüsusən orta məktəblərin ana dili və ədəbiyyat müəllimləri bu dil avantürasına qarşı çox ciddi müqavimət göstərdilər.
-Təkcə “Orfoqrafiya llüğəti”ndə yox, yeni elan olunmuş orfoepiya, tələffüz qaydalarında da müəyyən problemlərin olduğu deyilir.
- Bu dərd heç harda deyiləsi deyil, adını alim qoyanlar səriştəsiz müfəttiş kimi tələffüz qaydalarını da təftiş etməklə məşğul olub, öz aləmlərində təzə kəşflər ediblər. Məsələn, biz uzun illər tələffüzdə "tiyatr" demişik, indi deyirlər ki, yox, bu söz elə yazıldığı kimi ("teatr") tələffüz olunmalıdır. Biz "müəllim" deyirik, yoxsa "mə:llim"? Təbii ki, “müalicə” yazıb, “ma:licə” deyirik. Eləcə də "fəaliyyət"i “fa:liyət” formasında tələffüz edirik. Amma Nağısoylu köhnə bazara təzə nırx qoyub və təəssüf ki, Nazirlər Kabineti də bunu təsdiq edib. Olmaz belə, dili öz məcrasına qaytarmaq lazımdır. Xalqın milli varlığının ifadəsi olan dil ilə belə davranmaq olmaz, dil mühafizəkarlıq sevir.
- Bəs bu gün dilçilik haqqında kitablara tələbat necədir?
- Dilçiliyə aid yaxşı kitablara həmişə ehtiyac var. Əlavə ədəbiyyatlar olmalıdır. Mən bu proseslərdə orta məktəblərin dil-ədəbiyyat müəllimləri ilə tanış oldum. Göyçaydan, Şamaxıdan gəlmiş adamlarla bir neçə dəfə görüşdük. Onlar necə dili sevirlər, necə ürəklə təbliğ edirlər... Dilin sahibi bax o adamlardır, akademiyada əyləşib əndrabadi təkliflər verənlər yox. Onlar dili tədris edir və prosesdəki boşluğu görərək doldurmağa çalışırlar. Ona görə də bu sahədə yaxşı kitablara, yaxşı müəllimlərə, yaxşı metdodistlərə, yaxşı menecerlərə ehtiyac var.
- Qulu müəllim, hansı dillərdə kitab oxuyursunuz?
- Açığı, bildiyim dillər azdır. Təbii ki, ana dilində daha çox kitab mütaliə edirəm. A.Çexovu və V.Şukşini rus dilində oxumaqdan zövq alıram. Son vaxtlarda türkcə kitablar da oxuyuram. Amma Azərbaycan və rus dili ilə müqayisədə mütaliə zamanı türkcəni qavramağım çətindir. Yəqin ki, bunun üçün xeyli vərdiş yaranmalıdır.
- Sizcə, bu gün gənclər hansı kitablara üstünlük verməlidir?
- Hesab edirəm ki, ilk növbədə təfəkkürü və şəxsiyyəti inkişaf kitablara ehtiyac var. Bundan əlavə, mütləq dünya ədəbiyyatını oxumalıyıq. Necə ola bilər ki, biz H.Hamsu, X.Borxesi, T.Mannı, H.Hesse, C.Orueli, A.Kamyunu, U.Folkneri, Q.Markesi, H.Murakamini oxumayaq? Amma bunlardan da əvvəl mütləq milli ədəbiyyatı oxumalıyıq. Mirzə Fətəlini, Mirzə Cəlili, Üzeyir Hacıbəyovu, Sabiri, Yusif Vəziri mənimsəməliyik. Hətta yaşlı adamlar da bu dühaları yenidən oxumalıdır. Çünki sovet dövründə ədəbi əsərlərdə ideoloji çalarlar, sosial motivlər axtarır və istənilən əsərin əsas ideyasını kənarda qoyurduq. Əslində isə əsəri bədii sferadan kənarda təhlil etmək yanlış təsəvvür formalaşdırır.
Cəlil Məmmədquluzadənin "Poçt qutusu" , "Anamın kitabı" əsərlərinə baxın, nə qədər milli kolorit var. Yaxud Ə.Haqverdiyevin hekayələrini vərəqləyin, görün nə qədər böyük bədii vüsət var. Biz bunları oxumalıyıq ki, irəli gedə bilək. Bugünkü dünyanı dərk etmək üçün təbii ki, müasir yazıçıları da oxumalıyıq, bəyənsək də, bəyənməsək də. Bütün hallarda oxumaq vərdişini saxlamalıyıq.
- Müsahibədən əvvəl telefonlardan şikayət edirdiniz. Maraqlıdır, onlayn kitablar oxuyursunuz?
- Onlayn kitab nadir hallarda oxuyuram. Onsuz da saytları oxuyuruq. Mənə görə internetin verdiyi ən böyük imkan audio kitabdır. Mən onu yolda rahat dinləyirəm.
- Əsasən hansı audio kitabları dinləyirsiniz?
- Kiçik hekayələri, hətta Azərbaycan nağıllarını da dinləyirəm. Bu uşaq ədəbiyyatı olsa da, orada olan hadisələr, dramatizm adama təsir edir. O təhkiyənin özü, dilin gözəlliyi nəyə desən dəyər. Hadisələri kino kimi görürsən. Ona görə də audiokitabların çox olmasını istərdim.
- Bayaq bir fikir səsləndirdiniz, "xoşun gəldi, ya gəlmədi, müasir yazarları oxumalısan". Bəs elə bir kitab olub ki, oxuyub peşman olmusunuz?
- Yox, peşman olmamışam. Amma arzulamışam ki, başqa cür yazıla bilər. Məsələn, müasir yazarları – Şərif Ağayar, Pərviz Cəbrayıl, Qan Turalı, Aysel Əlizadə, Kəramət Böyükçöl, Seymur Baycan, Aqşin Yenisey, Natiq Məmmədli, Mirmehdi Ağaoğlu, Təranə Vahid, Cəlil Cavanşır və digər istedadlı qələm sahiblərini oxumalıyıq ki, müasir ədəbi prosesdən, ədəbiyyatın yeni mənzərəsindən xəbər tutaq. Müəyyən dövrdə İsa Hüseeynov, İsmayıl Şıxlı, Anar, Elçin, Əkrəm Əylisli, Sabir Əhmədov ədəbiyyatda söz sahibi idilər və onların əsərləri Azərbaycan dilinin poetikasını ifadə etməklə yanaşı mürəkkəb insan obrazlarını, psixoloji dərinlikləri canlandırırdı. Qaranlıq qatları verə bilirdilər. Bəs müasir yazıçılar bunu necə edə bilirlər?
Mənim düşüncəmə görə, hər şair Azərbaycan düşüncəsinin bir qatı, Azərbaycan dilinin bir üslubu, Azərbaycan təfəkkürünün bir mənzərəsidir. Ona görə də bunları oxumaq lazımdır. Məsələn, şairlərdən Məmməd Araz, Əli Kərim, Ramiz Rövşən, Musa Yaqub, Məmməd İsmayıl, Vahid Əziz, İlqar Fəhmi çox oxunmalıdır. Ramiz Rövşən təkrarsız şairdir. Seyran Səxavət bir yazıçı kimi çox maraqlıdır. Ədəbi tənqid Elçin Hüseynbəyli kimi yazıçıların yaradıcılığına diqqət etməlidir. Bəxtiyar Vahabzadə birmənalı şəkildə milli şüuru qidalandıran, milli kimliyi tanıdan şairdir. Yəni bu qələm sahiblərinin hərəsi bir fenomenal ədəbi nümunələrdir.
- Bəzən yazıçıları ictimai həyatda fəal olmamaqda, qorxaqlıqda və çəkingənlikdə ittiham edirlər. Siz buna necə baxırsınız?
- Mən məsələyə belə yanaşmıram, hərçənd zaman-zaman qələm adamlarının ünvanına belə ittihamlar səslənir. Məncə, hər dövrdə sözünü deyən yazıçılar olub və onlar yenə də var. Əsas məsələ odur ki, yazıçı öz içində qorxu hissini məğlub edə bilsin. Düşünürəm ki, bizim gənc yazıçıların bir çoxu bu məsələni həll edə bilib və problemlər barədə çox rahat danışa bilirlər. Yazıçı ətrafında gördüyü problemlər və dərdlər haqqında müşahidəçi kimi yaza bilməz. Belə yazacaqsa onun əsəri heç kimin qəlbində iz qoymayacaq.