“Azərbaycanda enerjiyə nə qədər qənaət edilərsə, bir o qədər çox enerji ixrac edilə bilər”.
Teleqraf.com-un xəbərinə görə, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı ofisinin rəhbəri Nail MakKeyn, Bakıda keçirilən “Energokredit – Dayanıqlı Enerji Maliyyələşdirmə Mexanizmi” layihəsinin təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, istehlaçılar enerji səmərəliliyindən nə qədər istifadə etsələr, məhsulları da bir o qədər çox rəqabətədavamlı və ixrac potensialına malik olacaq: “Avropa Yenidənqurma və İnkişaf Bankı biznes mühitinin inkişaf etdirilməsi, bu sahədə əsas maneələrin aradan qaldırılmasına çalışır. Bankın dayanıqlı enerji layihələri üçün istifadə etdiyi biznes model üç meyara əsaslanır ki, bunlar da investisiya, texniki yardım və siyasi dialoqdan ibarətdir”.
Nail MakKeyn, bank 2006-2013-cü illərdə 35 ölkədə 756 dayanıqlı enerji layihələrinə 13 mlrd. avro vəsait yatırdığını qeyd edib: “Bu da həmin dövr ərzində Avropa Yenidənqurma və İnkişaf Bankının ümumi fəaliyyətinin 29 faizni təşkil edir. Azərbaycanda sərmayəsini artırmağa çalışan bank dayanıqlı enerji layihələrinə 288 milyon avro sərmayə yatırıb. Azərbaycanda əsas təşəbbüsləri enerji investisiyalarını artırmaq, enerji səmərəliliyi, kredit xəttinin açılmasıdır”.
Naibə QURBANOVA