“Sağlam Düşüncə” Gənclər Təşkilatı həyata keçirdiyi “Şərq Tərəfdaşlığı və “Vışeqrad dördlüyü”: imkanlar və perspektivlər” layihəsi çərçivəsində Bakıda Beynəlxalq Gənclər Əməkdaşlıq Forumunu təşkil edib.
Təşkilatdan Teleqraf.cm-a bildiriblər ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan Forum “Şərq tərəfdaşlığı” və “Vışeqrad dördlüyü” ölkələrinin gənclər təşkilatları arasında əməkdaşlıq imkanlarını genişləndirmək məqsədini daşıyıb.Forum çərçivəsində Azərbaycan, Gürcüstan, Belarus, Moldova, Ukrayna, eləcə də “Vışeqrad dördlüyü” ölkələri - Polşa, Çexiya, Slovakiya, Macarıstan və “Şərq tərəfdaşlığı” platformasının inkişafında maraqlı olan Latviyanın gənclərinin iştirakı ilə beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub və təqdimatlar nümayiş etdirilib.
Beynəlxalq Vışeqrad Fondunun ictimai münasibətlər üzrə əlaqələndiricisi Jiri Sykora və “Salto-Youth” şəbəkəsinin Şərqi Avropa və Qafqaz ölkələri üzrə əlaqələndiricisi Andriy Pavloviç forumda ekspert qismində çıxış ediblər. Forumun birinci günündə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Beynəlxalq Vişeqrad Fondunun və Avropa İttifaqının yeni fəaliyyətə başlayan “Erasmus+” proqramının təqdimatları olub. Forumda ekoloji layihələr və təşəbbüslərlə bağlı bir çox qrup işləri və müzakirələr həyata keçirildiyi üçün Təbiət Dostları Gənclər Təşkilatının üzvləri fəallıqları ilə seçiliblər.
Forum çərçivəsində hazırlanmış layihələr daha da təkmilləşdirilərək maliyyələşməsi və icra olunması məqsədilə fondlara təqdim ediləcək. “Şərq tərəfdaşlığı” ölkələri gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi təklifi ilə çıxış edən Beynəlxalq Vışeqrad Fondu Bakıya ilk dəfə Forum çərçivəsində dəvət olunub.